Ölkə içiUncategorized

Uğura aparan yol – Hökumətə 19 bəndlik təklif

Əgər Azərbaycanın gerçəkdən sosial-iqtisadi cəhətdən inkişaf etmiş hüquqi və firavan dövlətə, vətəndaşlarının isə ləyaqətli həyat standartlarına sahib olmasını istəyirsinizsə, bu məsələdə yalançı, riyakar deyilsinizsə, o zaman Azərbaycan Yüksəliş Partiyası başqan müavini olaraq, ilkin mərhələ üçün təklif etdiyim aşağıdakı prosesləri ləngitmədən başlatmalısınız. Əks halda, ölkənin dəyərli ziyalılarının, aydınlarının fikir öncüllüyü, fərqli rəngarəng tələblərlə gələn yeni nəsil gənc insanların dəyişmə, yenilənmə şövqü və cəsarətilə birlikdə biz özümüz bu inqilabi islahatları həyata keçirməkdən ötrü hərəkətə keçəcəyik. Xalqımız daha əvvəlki qaydalarla idarə olunmaq istəmir, ölkə dəyişimə təşnədir desək yalan olmaz! Xalqımız daha hüquqsuz, pulsuz hər şeydən kasıb, yoxsul düşmüş şəkildə yaşamaqdan yorulub!
Nədir həyata keçirilməsi olmazsa-olmaz olan bu zəruri inqilabi islahatlar?
1. Referendum keçirmək, yeni Parlament seçkisi təyin etmək; Finalı ədalətli olsun deyə, seçkilərin nəticələrini hamının yekdilliklə qəbul edə bildiyi təkmilləşdirilmiş seçki qanunvericiliyi qəbul etməklə azad, şəffaf və tam demokratik prinsiplərə söykənən seçki keçirmək;
2. Referendumla Prezidentin (Azərbaycanda prezidentin az qala monarx, kral, şah, sultan qədər səlahiyyəti var, hamı qulağını onun ağzına dikib) və onun nazirlərinin hüdudsuz hakimiyyətini, əlahiddəliyini müəyyən həddə qədər məhdudlaşdırmaq; Prezidentə, əsasən ali baş komandan funksiyalarını daşıdığı Ordu üzərində hakim mövqeyi saxlanmaqla, daha çox ölkənin xarici siyasətinin müəyyənləşdirilməsi və aparılması səlahiyyətləini həvalə etmək;
3. Parlamentdə konkret sahələr üzrə məsuliyyət və cavabdehlik bölgüsünü aydın ifadə edən plüralist siyasi institutların iştirakı ilə effektiv koalisyon hökumətin formalaşmasına nail olmaq.
4. Bələdiyyələr haqqında mütərəqqi yenilikləri və beynəlxalq üstün yenilikləri nəzərə almaqla, təkmil bir qanunvericiliyin hazırlanmasına nail olmaq, o cümlədən yerli özünüidarəetmə qurumlarının fəaliyyətini daha səmərəli etmək üçün onların səlahiyyətlərinin artırılması ilə əlaqədar siyasi iradə ortaya qoymaq. Bələdiyyələrdə təmsilçilik proporsional seçki qaydası ilə Parlamentdə faiz etibarilə səs almış siyasi institutlar, partiyalar arasında elə bölünməlidir ki, həmin siyasi təşkilatların üzvü olan peşəkar insanlar Bələdiyyə sistemində əhali ilə, vətəndaşlarla, cəmiyyətlə, kütləvi informasiya vasitələrilə işləmək bacarığına, kollektivləri yönətmək keyfiyyətlərinə, ümumi idarəetmə praktikasına, vərdişlərinə yiyələnsinlər, bu mənada zamanla həm də Dövlətin sosial idarəetmə sahəsi üzrə kadr bankı formalaşsın.
5. İqtisadi institutları yenidən və daha səmərəli planda, formatda formalaşdırmaq üçün Parlamentə böyük səlahiyyətlər vermək. Yaradılan iqtisadi institutların, xüsusilə inkluziv xarakterdə meydana gəlməsini önə çəkmək.
6. İnkluziv siyasi və iqtisadi institutların yaranması üçün hüquqi, azad, demokratik, şəffaf mühiti təmin etmək, Medianın və vətəndaş cəmiyyəti qurumlarının prosesə ictimai nəzarətedici funksiyasını rəsmən tanımaq.
7. Daxili və xarici ticarətin monopolist şəbəkələrin təsirindən çıxarılmasına nail olmaq; təşəbbüskar insanlara sərbəst ticarətlə, emalla, istehsalla məşğul olması üçün yeni fürsətlər qazandırmaq;
8. Mülkiyyətin müqəddəsliyi birmənalı tanınmalıdır, o cümlədən mülkiyyət hüquqlarının rasionallaşdırılmasına ehtiyac var və ən əsası torpaqların böyük bir hissəsinin alqı-satqısını qeyri-mümkün edən, sərmayə yatırmağı riskli hala gətirən arxaik mülkiyyət hüququna yenidən baxılmalıdır; Mülkiyyət hüququnun rasionallaşdırılması infrastrukturun yaradılması, sənayenin inkişafında həlledici məqamdır.
9. Sərmayə, ticarət, sənaye istehsalı və yeniliklərə stimul verən, o cümlədən ideal fürsərtlər açan iqtisadi institutların yaradılması sürətləndirilməlidir;
10. Məhkəmə hakimiyyəti birmənalı olaraq müstəqil olmalıdır və icra aparatının maraqlarını təmin edən qurum olmaqdan çıxmalıdır.
11. Dövlət tərəfindən mülkiyyət hüquqları, əsasən də patentlərlə möhkəmləndirilmiş əqli mülkiyyəti müdafiə edən qanunlar qəbul olunmalıdır.
12. Hökumətin istədiyi vaxt, dəqiq əsaslandırmalar olmadan yeni vergi növləri, vergi tarifləri tətbiq etməsini Parlament səviyyəsində məhdudlaşdıran qaydalar müəyyənləşməlidir. Ölkəni iqtisadi cəhətdən məngənəyə salan monopoliyalar tamamilə ləğv edilməlidir!
13. Hökumət ölkəyə yeni dəyər yaradan və onu xalis dividentə çevirən istehsalı təşviq etmək, istehsalın böyüməsini stimullaşdırmaq üçün mümkün olan bütün vasitələri işə salmalıdır, xarici ticarəti asanlaşdırmalı, yeni xarici bazarların tapılmasında özəl sektorla birlikdə hərəkət etməli, xarici bazarların diversifikasiyasına nail olmalıdır.
14. Cəmiyyətin gəniş təbəqələrinin siyasi həyatda iştirakına yol açaraq dövlət işlərində əhəmiyyətli təsirə sahib olmasına imkanlar yaratmaq;
15. Ölkədə müxtəlif sahələr üzrə peşəkarlaşmış Qeyri-Hökumət Təşkilatlarının (QHT) yaradılmasının dövlət tərəfindən hərtərəfli təşfiq edilməsi. Bütün sahələr üzrə yaradılmış QHT-lərin fəaliyyətlərini təkmil və səmərəli etməsi üçün xüsusi proqram hazırlamaq, kifayət qədər böyük büdcəsi olan Dövlət Qrant Fondu yaratmaq, o cümlədən bu xəttə söykənməklə Dövlət idarəetməsində vətəndaşlara sosial-məişət, təhsil, maarifləndirmə, mədəni və mənəvi, peşə qazanımı istiqamətlərində göstərilən xidmətlərin kəmiyyətinin və keyfiyyətinin artırılmasına dair dövlət layihə və proqram sifarişlərinin peşəkar QHT-lər tərəfindən həyata keçirilməsinə yeni fürsətlər qazandırmaq, bu mənada hökumətin praktiki yükünü azaltmaq. Bu, həm işlərin daha peşəkar və məsuliyyətli kollektivlər tərəfindən icrasını şərtləndirməklə yanaşı, ədalətli və şəffaf məsuliyyət bölgüsünə də meydan açacaq, eyni zamanda görülən işlərə qurumlararası nəzarət və qiymətləndirmə mexanizmini işə salacaq. Daha geniş çevrələrdə təmsil olunan gənc perspektivli insanlar hökumət sifarişlərinin icrası sürəcində dövlət idarəetməsi praktikası və vərdişləri əldə etmiş olacaq ki, bu da nəticə etibarı ilə Dövlətimizin gələcəyi üçün çox önəmlidir. Bununla da, əsasən sahəvi peşəkarların, mütəxəssislərin, elm adamlarının təmsil olunduğu QHT-lərin dövlət və cəmiyyət işlərində aktivlik payı artırılmaqla, onların potensialından dövlətin və xalqın tərəqqisi üçün maksimum dərəcədə faydalanmaq məsələsi öz həlini tapacaq. Həmçinin hökumətin hər mənada yükünü azaldacaq vətəndaş cəmiyyəti təşəbbüskarlığına mane olan sədlər aradan qaldırılmış olacaq. Daha önəmlisi isə, ölkəyə bir növ kapital axınını təmin edən xarici qrantların önünü kəsən hüquqi və bürökratik maneələr aradan qaldırılmalı, milli QHT-lər mütərəqqi dünyanın insan cəmiyyəti və ətraf mühitin qorunması ilə əlaqədər qrant proqramlarına qoşulmalıdırlar, yeni ideyaların ölkəmizin yerli şəraitinə uyğunlaşdırılması prosesində fəal olmalıdırlar.
16. Plüralist cəmiyyətin əsasları yaradılmalı və siyasi mərkəzləşmə sürətlənməlidir. İnkluziv siyasi institutların meydana gəlməsi üçün bütün mümkün resurslar səfərbər olunmalıdır..
17. Yeni çağırışlara və fürsətlərə isti yanaşan siyasi və iqtisadi institutların, o cümlədən bazarların inkluziv xarakterdə olması insanlara öz istedadlarından və potensiallarından düzgün istifadə etməyə imkan yaratmalıdır. Geniş xalq kütləsinin bilik və peşə bacarığı ölkədə sənaye istehsalının əsasını qoymalıdır ki, ökədə yeni dəyər (qeyri-neft-qaz sektorunda) yaranmağa başlasın. Yeni dəyər yaranmalıdır ki, ölkəmiz resursa dayanan təmbəl iqtisadiyyatdan qurtula bilsin, eyni zamanda yaranacaq yeni dəyər Hökumət üçün vətəndaşlar qarşısında öz vəzifələrinin öhdəsindən gəlməkdən ötrü yeni kapital deməkdir.
18. Daha sürətli müsbət effekt verə bilən müasir təhsil modellərinin tapılıb, yaxud yaradılıb tətbiq edilməsi bir nömrəli iş olmalıdır. Keyfiyyətli və effektli təhsil proqramının icrasına nəzarət formaları Parlament komissiyası, vətəndaş cəmiyyəti qurumları və Media strukturları səviyyəsində müəyyənləşməlidir. Ali və peşə təhsili xüsusilə ticarət, sənaye istehsalı, biznesin müxtəlif sahələri ilə sinxron əlaqədə olacaq bir mexanizm üzərində inşa edilməlidir ki, ölkənin əmək potensialından düzgün istifadə edilə bilsin. Ölkənin hansı sahələrinə nə qədər müvafiq peşəkarın, mütəxəssisin, işçinin lazım olduğunun dəqiq təhlilləri, hesablamaları aparılmalıdır. Bütün bunlar ona gətirib çıxaracaq ki, əhalinin təhsil səviyyəsinin yüksək olması sayəsində sahibkarların, biznes subyektlərinin əksəriyyətinin yeni texnologiyaları biznes sahələrində tətbiq etməsi daha aktual olacaq və belə texniki yeniliklərdən, nouhaulardan istifadə etməyi bacaran işçiləri kütləvi şəkildə tapmaq mümkün olacaq. Ölkədə bir çox aktual elm sahələri üzrə praktiki səmərəsi olan dünya standartlarında laboratoriyaların, elmi, araşdırmaçı beyin mərkəzlərinin qurulmasını sürətləndirmək;
19. Daha çox dövlət vəsaitlərinin xərclənməsində müşahidə olunan korrupsiyanın kökünün kəsilməsi üçün, xərclənmələrin şəffaflığına və ya qəyri-şəffaflığına rəy verəcək, əsasən ictimai nüfuzu şübhə doğurmayan dürüst elm, cəmiyyət adamları, peşəkarlar, müvafiq ekspertlər, həmçinin Parlamentarilər, QHT-lər və ciddi media quruluşlarından ibarət xüsusi komissiya yaradılmalı və ona sərt ictimai nəzarət funksiyaları verilməlidir.
P.S. Texnoloji, elmi, praktiki nailiyyətlər, biznes sahələrini genişləndirmək və sərmayə qoymaq istəyi, insanların bilik və bacarığından effektiv şəkildə istifadə olunmaqla, bütün bu müsbətləri nəticə etibarilə Dövlətin və xalqın ümumi mənafelərinə, tərəqqisinə, rifahına yönəltmək – hamısı Azərbaycanda yaradılması zəruri olan inkluziv sosial-iqtisadi institutlar sayəsində mümkün olacaq yalnız.
Təbii ki, təkliflər, çözüm, həll yolları çoxdur, sadaladıqlarımız, sadəcə, ilkin mərhələ üçün nəzərdə tutulub, zamanla daha yeni tətbiqlər mümkündür. Əsas çatışmayan isə vətəndaşların ictimai-siyasi fəallığı, siyasiləşmə prosesinin olduqca ləng getməsidir ki, buna nail olmadan bu gün Respublikanı idarə edən hökuməti haqqında yazdığım fundamental dəyişikliklərə vadar etmək mümkün olmayacaq. Öz taleyimizə sahib çıxmalı, inanmalı və etimad göstərməliyik ki, ağla gələn və gəlməyən bütün sahələr üzrə ölkəmiz və xalqımız üçün düşündüyümüz ən gözəl ideyaları, praktikaları və ənənələri yarada bilək!
Biz inandıq, Siz də inanın!

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button