MediaUncategorized

“Media haqqında” yeni qanun: nə var, nə yox?

“Qeyri-agentliklərin məhsullarından istifadə olunarkən yalnız informasiyanın üçdə birindən istifadə etmək olar. Mən qanun layihəsinin müzakirəsində iştirak edəndə bildirdim ki, bunu doğru hesab eləmirəm”. Bunu “Toplum TV” yə Vüsalə Mahirqızı deyib.
“Media haqqında” yeni qanun layihəsində qeyd edilib ki, abunəlik və müqavilə olmadıqda media subyekti mütləq digər media subyektinin informasiyasının üçdə birinə (1/3) istinad etməklə istifadə edə bilər.
Bununla da media subyektində yayımlanan eksklüziv, özəl xəbərləri digər media subyekti olduğu kimi öz adından verə bilməz.
Mütləq həmin informasiyanın istinad edilməklə üçdə birindən (1/3) istifadə edilməlidir.
Azərbaycan Respublikasının Media İnkişaf Agentliyinin (MEDİA) mətbuat katibi Səidə Şəfiyevanın sözlərinə görə, media subyekti digər media subyektinin informasiyasına və proqramlarına istinad etməklə, abunəlik və ya müqavilə əsasında istifadə edə bilər.
Dövlət orqanları (qurumları) tərəfindən yayılan rəsmi məlumatlar (press-relizlər) və informasiya agentliklərinin informasiyaları olduğu kimi dərc oluna və (və ya) yayımlana bilər.

S.Şəfiyeva həmçinin onu da qeyd edir ki, hüquqları pozulan media subyekti məhkəməyə müraciət edə bilər: “Hər hansı bir media subyekti digər media subyektinin məlumatından qanunvericiliyin tələblərinə uyğun olmayaraq, yəni müəlliflik hüquqlarını qorumadan istifadə edirsə, onun məlumatlarını olduğu kimi kopyalayırsa, belə olan halda hüquqları pozulan media subyekti məhkəməyə müraciət edə biləcək. Bu imkan da yeni qanun layihəsində təklif edilən müddəadır. Artıq bundan sonra müəllif hüquqları pozulan, materiallarından icazəsiz istifadə olunan media subyektləri bu maddəyə uyğun olaraq məhkəməyə müraciət edərək müvafiq iddia tələbləri irəli sürə biləcəklər. Ancaq xüsusi qeyd etmək lazımdır ki, müvafiq müddəa media subyektləri arasında münasibətlərin tənzimlənməsinə yönəlmiş bir normadır və 3-cü subyektlərin müdaxiləsini nəzərdə tutmur”.

Media hüququ üzrə ekspert Ələsgər Məmmədli “Media haqqında” yeni qanun layihəsinin müzakirəsini şərh edərkən deyir ki, bugünkü qanunun tələbləri daha çox etik tənzimlənməyə aiddir: “Çünki normalda müəllif hüquqları ilə bağlı məsələ “Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında” Qanunla tənzimlənir. Orada konkert müəllif məsələləri və s. aydın təsvir olunub”.
Ə.Məmmədlinin fikrincə, qanunun mahiyyəti budur ki, agentliklər tərəfindən verilən informasiyalar hansısa şərtlərlə digər media qurumları vasitəsilə yayılmalıdır: “Bu iki formada olur: ya agentliklər bunu bəlli abunə sistemi ilə yayır, yaxud da hansısa formada bəzən ictimai əhəmiyyətli məlumatları açıq yayırlar. Burada hansısa icazə almaq və ya bəlli bir hissəsindən istifadə etmək anlayışı yoxdur”.
Hüquqşunas qeyd edir ki, bu tip məsələlərin necə tənzimləndiyini qanun layihəsini görəndə deyə bilərik: “Jurnalistika etikası tərəfindən siz bir informasiyaya olduğu kimi istinad edərkən həmin mənbədən icazə almalı, ya da istinad edərək onun ilkin mənbə olduğunu göstərməlisiniz. Əgər bunlar yoxdursa, o zaman, əlbəttə, burada jurnalist etikası müəllif hüquqlarına hörmət aspektindən pozulub”.
“Başqa qurumlardan biri digərinin xəbərini yayarkən əgər mənbəyə hörmətsizlik edərsə, o zaman ancaq hüquqi mübahisə yaradar. Bu da müəllif hüquqları ilə bağlı olacaq. Yəni bu, media qanunvericiliyinin predmeti deyil. Ona görə də bunu təzədən media qanunlarında göstərmək medianın hüquqi tənzimləməsi aspektindən sərhədi aşmaqdır. Medianın müəllif hüquqları ilə bağlı məsələləri, sadəcə, hüquq məsələsi deyil, həm də etik məsələdir. Hüquqsa etikanı tənzimləyə bilməz”.

V.Mahirqızı qeyd edir ki, ümumiyyətlə agentlikləri çıxmaq şərtilə dünya praktikasında bir media qrumunun başqa media orqanının materialını dərc etmək praktikası yoxdur və bu, etik deyil: “Çox fövqalədə hal olarsa, o zaman buna yol verilir, çünki bu, biznes etikasını pozmaqdır. Məsələn, bir media qurumu eksklüziv bir müsahibə alır və bunu dərc edir ki, daha çox oxucu cəlb eləsin. Ancaq başqa bir media qurumu bu müsahibəni paylaşaraq onun oxucu kütləsini parçalayır. Məsələn, Türkiyədə “Milliyyət” və “Hürriyyət” qəzetlərində belə bir şey görə bilməzsiniz”.
V. Mahirqızı hesab edir ki, MEDİA-nın məqsədi odur ki, saxta xəbərlərin sayı azalsın: “Agentlik dövləti təmsil edir. Dövlətin sahibkarlıq subyektinin rəngarəng olması və inkişaf etməsi üçün bir qayğısı olmamalıdır və xəbər bir və ya iki cümlədən ibarət olur. Məsələn, bir media qurumunda hansısa bir məmurun cinayət məsuliyyətinə cəlb olunması haqqında saxta xəbər paylaşılır. Digər sayt bu bir cümləni həmin sayta istinadən götürür, əlavə olaraq həmin məmurun tərcümeyi-halını verir. Beləliklə, üçdə bir qaydasına riayət edərək saxta xəbəri dərc edir. Ona görə də üçdə (1/3) bir məsələsi heç nəyi həll eləmir”.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button