ManşetSiyasət

Ararat Mirzoyan: “Azərbaycanın təklifləri bizim üçün qəbulediləndir”

“Azərbaycanın təqdim etdiyi təkliflərdə Ermənistan tərəfi üçün qəbuledilməz heç nə yoxdur. Lakin bu məqamlar gözlənilən mümkün sülh sazişinin bütün gündəliyinə, mövcud problemlərin bütün spektrinə təsir göstərmir”. JAMAZ.İNFO xəbər verir ki, bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan deyib.

O bildirib ki, Ermənistan tərəfi sülh prosesi ilə bağlı baxışlarını təqdim edib. “Biz əvvəlcədən dedik ki, Azərbaycanın təklif etdiyi məqamlarda Ermənistan tərəfi üçün qəbuledilməz heç nə yoxdur, lakin bu məqamlar gözlənilən sülh sazişinin bütün mümkün gündəliyinə, mövcud problemlərin bütün spektrinə təsir göstərmir. Bu baxımdan Qarabağda hüquq və təhlükəsizlik məsələlərini, eləcə də Qarabağın statusunu müzakirə etmək bizim üçün vacibdir”.

O hesab edir ki, ATƏT-in Minsk Qrupunun həmsədrliyinin mandatı çərçivəsində sülh müqaviləsi üzrə danışıqların davam etdirilməsi vacibdir. “Hələlik bu məqamlarla bağlı Azərbaycandan müsbət cavab eşitməmişik. Amma bilirsiniz ki, bu danışıqların mümkün olması üçün səylər göstərilir. Ona görə də mən yalnız bizim hazırlığımızı, regionumuzda sülh və sabitliyə sadiqliyimizi vurğulaya bilərəm. Amma bunun üçün hər iki tərəfin istəyi lazımdır”.

Mirzoyan sərhədlərin müəyyən edilməsi və sülh danışıqları ilə bağlı komissiyanın görüşünün baş tutmaması məsələsinə də toxunub. O iddia edib ki, tərəflərin razılaşmalı olduğu bəzi texniki detallar var. “Düzdür, görüş baş tutmadı, amma sizi əmin edə bilərəm ki, bu görüşün təşkili ilə bağlı müzakirələrimizi davam etdirəcəyik. Tərəflərin razılaşmalı olduğu bəzi texniki detallar var. Ümid edirəm ki, görüş nəhayət yaxın günlərdə və ya həftələrdə baş tutacaq”.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button