Ölkə içi

Daha bir AXCP üzvü saxlanılıb

Azərbaycan Xalq Cəbhəsi Partiyasının tərəfdarı, Müsavat Partiyasının keçmiş üzvü Laçın Vəliyev martın 20-də Sabunçu rayonu ərazisində saxlanılıb. Onun barəsində məhkəmənin qərarı ilə 3 aylıq həbs qətimkan tədbiri seçilib. Bu barədə vəkil Nemət Kərimli bildirib.

Onun sözlərinə görə, Laçın Vəliyev Cinayət Məcəlləsinin 234.4.3 (qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma – külli miqdarda törədildikdə) maddəsi ilə günahlandırılır. İttiham sübut olunarsa fəalı əmlakı müsadirə olunmaqla beş ildən on iki ilədək həbs gözləyir.

“Mən onunla 1 saylı Bakı İstintaq Təcridxanasında görüşmüşəm. Dedi ki, ittiham elan edilməmişdən öncə bir neçə dəfə saxlanılıb və ondan Azərbaycan Xalq Cəbhəsi Partiyası fəallarının əleyhinə ifadə verməsi tələb olunub. Buna razı olmadıqda ona qarşı ittiham irəli sürülüb. O, özünü təqsirli bilmir, ifadələrindən imtina edib, ifadələrini təzyiq alıtnda verdiyini dedi. Laçın Vəliyev vəkili vasitəsilə Sabunçu Rayon Prokurorluğuna və Sabunçu Rayon Polis İdarəsinə şikayət göndərib”, – vəkil qeyd edib.

Rəsmi qurumlar Laçın Vəliyevin həbsilə bağlı məlumat yaymayıblar. Təzyiqlərə gəlincə, hüquq- mühafizə orqanları saxlanılan şəxslərə təzyiq olunması ilə bağlı yayılan məlumatları bir qayda olaraq təkzib edir və böhtan sayır.

“Laçın Vəliyev əvvəlcə dələduzluq maddəsi ilə həbs edilib. Daha sonra qəfil ittihamı dəyişərək narkobarona çeviriblər. Laçın bəyi ötən aylar ərzində bir neçə dəfə saxlayıblar, fiziki zorakılığa məruz qoyublar. Konkret olaraq Azərbaycan Xalq Cəbhəsi Partiyası Rəyasət Heyətinin üzvü Bəxtiyar İmanova qarşı ifadə almaq tələb olunub. Laçın bəy bu tələblərdən imtina etdiyinə görə cəzalandırılıb”, – Azərbaycan Xalq Cəbhəsi Partiyası bildirib.

Bir sıra hüquq- müdafiə təşkilatları da Laçın Vəliyevin həbsini pisləyən bəyanatlarla çıxış ediblər.

Müdafiə Xətti hüquq- müdafiə təşkilatı bildirir ki, Laçın Vəliyevə ailəsi ilə bağlı sarsıdıcı video göstəriblər.

“O, həyat yoldaşı ilə görüntülərini görər-görməz bayılıb, sonradan “nə istəyirsiniz, gətirin, qol çəkirəm…” deyib, irəli sürülən qurama ittihamlarla dinməz-söyləməz razılaşıb”, – Müdafiə Xətti hüquq- müdafiə təşkilatının icraçı direktoru Rüfət Səfərov Facebook səhifəsində yazıb.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button