Cəmiyyət

Sənay Yağmur işi: Hakim yanlış anlaşıldığını deyib

Bakı Ağır Cinayətlər məhkəməsində iyunun 29-da yeniyetmə Sənay Yağmura təcavüz etməkdə təqsirləndirilən Əsgər Ağazadənin növbəti məhkəməsi baş tutub.

Məhkəmə qapalı keçirildiyi üçün jurnalistlər zala buraxılmır. Zala buraxılmayanlar arasında zərərçəkən Sənay Yağmurun özü də olub. Maraqlısı budur ki, onu ifadə verməsi üçün təhsil aldığı Litva respublikasından Bakıya məcburi çağırıblar. Amma ifadə verdiyi iclas istisna olmaqla digər hissələrə azyaşlı olduğu üçün buraxmırlar.

Sənay Yağmurun anası Zümrüd Yağmur Toplum TV-yə verdiyi açıqlamada bildirib ki, bugünkü məhkəmə iclasında Əsgər Ağazadənin bibisi oğlu Fəridin şahid qismində dindirilməsi davam edib və ekspertiza rəyləri elan olunub:

“Məhkəmədə Sənayın bədən xəsarətlərinin ekspertiza rəyi elan olundu. Eyni zamanda orda bildirildi ki, Sənay özünə bu xəsarətləri yetirə bilməz. Bu bir akt zamanı əmələ gələn xəsarətlərdir. Sənayın alt paltarlarında qan qarışıq spermanın tapılmasına aid 2020-ci il 14 sentyabrda olan ekspertiza rəyi elan olundu”.

Zümrüd Yağmur həmçinin ötən iclasda hakimin Sənay Yağmurun zorlanma tarixi ilə bağlı şübhə ifadə edən suallarına da bu prosesdə aydınlıq gətirildiyini deyib. Xatırladaq ki, Yağmur ailəsi hakimin Sənaya sual verərkən ekspertiza rəyini təhrif edərək zorlama faktını şübhə altına aldığından şikayətlənmişdilər. Hakim Novruz Kərimov Sənay Yağmura hadisə günündə deyil, ondan daha əvvəl zorlanma ehtimalı ilə bağlı suallar vermişdi. Bundan sonra Zümrüd Yağmur ekspertiza rəylərini açıqlayaraq, ictimaiyyəti hakimin mövqeyini qınamağa çağırmışdı. Məhkəmənin son iclasında hakimin mövqeyinə aydınlıq gətirilib:

“Bilirsiniz ki, keçən dəfəki məhkəmə iclasında hakimin sualı bizi narahat etmişdi. Biz bu dəfəki iclasda onun izahını istədik. Novruz Kərimov bildirdi ki, bu yanlış anlaşılma olub, o elə demək istəməyib. Bu cavab da bizi qane etdi”.

Zümrüd Yağmur müttəhimin ailə üzvlərinin Sənayın ölkədən gediş gəlişi ilə bağlı məlumatları yaymasından da şikayətçidir. Abşeron polis idarəsinə bununla bağlı şikayət verən Zümrüd Yağmur bugünkü məhkəmə prosesində həmin məlumatların müttəhimin ailəsinin əlinə necə keçdiyini də sorğulayıb.

“Bilirsiniz ki, qarşı tərəf Sənayın gediş-gəlişi ilə bağlı məlumatları da yaymışdı. Bildirmişdi ki, guya Sənay istintaqdan yayındığına görə, o məhkəmə tərəfindən verilmiş sorğudu. Biz bu məsələni də məhkəmə heyətindən soruşduq ki, Sənay istintaqdan yayınmadığı halda siz belə bir sorğu vermisinizmi ? Məhkəmə bildirdi ki, xeyr, biz Sənayın ölkədən gediş-gəlişi ilə bağlı heç bir sorğu verməmişik. Bu da qarşı tərəfin növbəti yalanıdır”.

Proses davam edir. Növbəti məhkəmə iclası 13 iyula təyin olunub.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button