Araşdırma

RUSİYA – UKRAYNA müharibəsinin sirrləri

Həmişə fikirləşmişəm ki, ən kiçik müharibələr də ən böyük fəlakətdir. Cəmiyyətə, ölkəyə, hətta təbiətə böyük ziyanlar vurulur, kəndlər, şəhərlər viran qalır, minlərlə insan qırılır. Amma müharibə təbii fəlakət deyil, insan əli ilə yaradılan insani fəlakətdir. Deməli, bunun qarşısını almaq olar və lazımdır. Təbii ki, Rusiya – Ukrayna müharibəsi də istisna deyildir. Hər bir fəlakətin olduğu kimi, bu müharibənin də öz səbəbləri, sirrləri və dərsləri vardır. Səbəblər artıq hamıya aydın məsələdir, dərslərdən danışmaq isə hələ tezdir. Odur ki, Rusiya – Ukrayna müharibəsinin sirrlərindən danışmaq istəyirəm…
Məlum olduğu kimi, Vladimir Putin Krımın işğal faktı ilə barışmaq istəməyən, faktiki olaraq, ona tabeçilik göstərməyən, Qərbə meyillənən Vladimir Zelenski hakimiyyətini devirmək və onun yerinə özünə loyal olan bir adam gətirmək istəyirdi. Bundan sonra Ukraynanın NATO və AB arzularına son qoyulacaqdı, Repinin məşhur tablosunda olduğu kimi “itmiş oğul” doğma evinə qayıdacaqdı. Bu “xidmət”in müqabilində, şimalda Xarkov, cənubda Xerson, Donetsk və Luqansk da daxil olmaqla, bütün Donbas iqtisadi regionu Ukraynadan alınacaqdı bə Rusiyanın inzibati ərazisinə “qaytarılacaqdı”. Bu zaman Ukraynanın Azov dənizinə çıxışı tam bağlanacaqdı və Rusiyanın Krım yarımadasına quru yolu açılacaqdı. Bütün bunları həyata keçirəcək “xüsusi əməliyyat”a hardasa bir həftə, uzağı bir ay lazım olacaqdı…
Amma alınmadı… Cənab Putin Ukraynanın Rusiyaya bu dərəcədə müqavimət göstərəcəyini və Qərbin Ukraynaya bu səviyyədə dəstək verəcəyini, hətta Rusiyanın neft-qazından imtina edəcəyini təbii ki, gözləmirdi. Rusiya – Ukrayna müharibəsi yavaş-yavaş uzandı və sirrləri də açılmağa başladı. Hələ 14 il əvvələ təsadüf edən Gürcüstan müharibəsi işarə edirdi ki, Putin Rusiyası postsovet məkanına (Pribaltikanı çıxmaqla) öz təsir dairəsi kimi baxır. Əslində rəsmi Moskva da bunu gizlətmirdi və Qərbin postsovet məkanına yaxınlaşmağını “qadağan” edən bəyanatlar verirdi. Sonradan baş verən Ermənistan, Qazaxıstan hadisələri, təşkil olunan dövlət çevrilişi cəhdləri də bunu göstərirdi. Ukrayna müharibəsi isə, sübut etdi ki, Putin Rusiyası postsovet məkanına federasiya kimi baxmasa da, konfederasiya kimi baxır.
Yəni “konfederasiya”da yerləşən dövlətlərin öz ordusu, konstitusiyası və valyutası ola bilər, amma xarici siyasətlərini və sərhədlərini Rusiya Prezidenti ilə razılaşdırmalı və Rusiyaya bu, ya başqa formada rüsum ödəməlidirlər. Düşünürəm ki, bu, Rusiya – Ukrayna müharibəsinin sirrlərindən biridir, bəlkə də, birincisidir. Hansı dövlət ki bunu edir, başı salamatdır, hansı ki etmir, problemlərlə qarşılaşır. Məsələn, Gürcüstan çox sərt cəzalandı, faktiki olaraq parçalandı, onun inadkar lideri Saakaşvili isə ölkədən sürgün olundu, tərki-vətən oldu, indi məhbus həyatı yaşayır. Ermənistan lideri Paşinyanı devirmək üçün də rusməramlı qüvvələr bir neçə dəfə cəhd etdilər. Doğrudur, devirə bilmədilər, amma erməni dövlətini Rusiyanın nəzarətinə qaytara bildilər. “Gözü çıxmış qardaşdan” öyrənən Paşinyan artıq bütün siyasi məsələləri Putinlə həll edir, Ermənistanın iqtisadiyyatı isə Rusiyanın əlindədir…
Ukrayna prezidenti Vladimir Zelenskinin Rusiyaya qarşı bu qədər ötkəm olması, ABŞ-a və Avropaya qarşı isə, özünü bu qədər ərköyün aparması yəqin ki, yalnız bu sətirlərin müəllifini yox, bir çox təhlilçiləri təəccübləndirir. Axı, Rusiya böyük, qüdrətli dövlətdir, nə qədər ölü olsa, 4 Ukraynanın yüküdür. Yuxarıda deyildiyi kimi, hər hansı müharibə fəlakətdir, amma Rusiya ilə müharibə böyük fəlakətdir. Artıq tərəflər 10 minlərlə insan itkisi veriblər, 100 milyardlarla dollar ziyan çəkiblər. Amma heç birinin dayanmaq, bu dəhşətli fəlakəti saxlamaq fikri yoxdur. Rusiya ilə məsələ aydındır – cənab Putinin geriyə yolu yoxdur, məsələ “ölüm-dirim” məsələsidir. Amma Ukraynanın ki, geriyə yolu var, müharibəni müvəqqəti saxlamaq və danışıqlara başlamaq olar. Ukrayna lideri Zelenski isə bunu istəmir, axıra kimi getmək istəyir. Səbəb nədir?
Düşünürəm ki, bu, Rusiya – Ukrayna müharibəsinin 2-ci böyük sirridir. Sadəcə olaraq, ABŞ, Avropa liderlərinin Vladimir Zelenski ilə əvvəlcədən müvafiq danışıqları olub. Ona deyiblər ki, “Rusiya ilə müharibəyə get, qorxma, biz sənin arxanda axıra kimi kimi dayanmışıq”. Cənab Zelenski də buna görə, Rusiyaya qarşı bu qədər ötkəmlik, Qərbə qarşı bu qədər ərköyünlük edir. ABŞ, Avropa Ukraynaya milyardlarla dollar maddi yardım göstərir, NATO isə ən müasir silahlarını göndərir. Amma Qərb müharibəyə birbaşa müdaxilə etmək istəmir, “nüvə müharibəsi”ndən ehtiyat edir. Vladimir Zelenski isə bunlarla kifayətlənmir, Qərbin bütün vədlərinə əməl etməsini, Ukraynanın AB-yə, NATO-ya qəbul edilməsini israrla tələb edir. Doğrudur, Ukraynanı AB-yə qəbul edirlər, amma artıq Qərbin yorulması, Rusiya – Ukrayna müharibəsini, necə olursa-olsun, saxlamaq planları da hiss olunur…
Fransa, Almaniya, İtaliya liderləri Ukrayna prezidentinin ayağına gedir, Rusiya – Ukrayna danışıqlarının başlanmasını tövsiyə edir. Yalnız “anqlosakslar” – ABŞ, Kanada və Böyük Britaniya Ukraynanın “axıra kimi” getməsini, müharibənin davam etməsini istəyir. Təbii ki, məqsəd Ukraynanın “xilası” deyil, məqsəd Rusiyanın çökməsidir – zəif Rusiyanı siyasət meydanından və neft-qaz bazarından çıxarmaq asandır. Yaddan çıxarmaq olmaz ki, ABŞ, Kanada və Böyük Britaniya böyük neft-qaz ölkələrdir, deməli maraqları BP, AMOKO, ŞEVRON və s. diqtə edir. “Anqlosaks” iqtisadiyyatının əsasını təşkil edən bu şirkətlər həm də İraq neftinin və Qətər qazının Avropaya nəqlində maraqlıdırlar. Amma bunun üçün QAZprom və ROSneft Avropa bazarlarından çıxarılmalıdır. Deməli, dava yenə “yorğan” davasıdır…
Qalib ARİF

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button