Cəmiyyət

Ərəstun Oruclu: “Eldar Mahmudovun cəzasız qalması Şıxəliyevin də toxunulmazlığını təmin edirdi”

“Dünən iki keçmiş MTN generalının baş tutan həbsi son dərəcə əhəmiyyətlidir”. Qaynarinfo xəbər verir ki, bunu politoloq Ərəstun Oruclu MTN-ın sabiq generalı Mövlam Şıxəliyev və Əks-Kəşfiyyat Baş İdarəsinin rəisi Nizami Şirinovun həbsindən danışarkən deyib.

Politoloq bu həbslərin cəmiyyətdə müsbət dinamika yaradacağını hesab edir: “Şıxəliyevin İstintaq İdarəsinin rəisi olduğu dövrdə MTN-nin istintaq təcridxanasında işgəncələrin kütləvi tətbiqi və onların nəticəsində azı 5 nəfərin öldüyü haqda 2016-cı ildən başlayaraq dəfələrlə yazmışdım, müsahibələrimdə bildirmişdim. Bu orqanın işgəncə səviyyəsinə enməsi keçmiş MTN zabiti kimi mənim üçün çox ağır idi. Amma təəssüf ki, “gözəgörünməz əl” tərəfindən müdafiə olunan Eldar Mahmudovun cəzasız qalması Şıxəliyevin də toxunulmazlığını təmin edirdi. Amma belə görünür ki, cinayətkarların immuniteti artıq tükənib. Bu isə istənilən halda müsbət dinamikadır və inanaq ki, davam edəcək”.

Ərəstun Oruclu qeyd edib ki, həbs olunan generalların istintaqı həbslərin və ifşaların davamına yol açacaq: “Amma bu heç də o demək deyil ki, biz rahatlaşıb gözləməliyik. Xeyr, bunu heç bir halda etmək olmaz, özü də bir neçə çox ciddi səbəbdən. Birinci səbəb odur ki, Azərbaycan Ordusuna qarşı törədilmiş silsilə cinayətlər təkcə kriminal dəstənin deyil, həm də onun arxasında dayanan xarici xüsusi xidmət orqanlarının fəaliyyətinin nəticəsidir. Elə buna görə də düşmən öz casus şəbəkəsini qorumaq üçün əlindən gələni edəcək. İkinci səbəb odur ki, dövlət və hakimiyyət orqanları bütün bu ağrılı və riskli addımları o zaman atacaqlar ki, vətəndaşlardan, yəni bizdən tələb və təpki görsünlər. Üçüncü səbəb bu, ümummilli faciədən öz çirkin niyyətlərinə çatmaq üçün istifadə etmək cəhdlərində bulunanların olmasıdır”.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button