Cəmiyyət

Əsirlikdə olan tələbə: “Məni toka verirdilər, hər gün döyürdülər”

Ukraynada Berdyansk postunda martın 17-də əsir götürüldüyü bildirilən Azərbaycan vətəndaşı olan tələbə Hüseyn Abdullayev bu gün, aprelin 13-də azadlığa buraxılıb. Hüseyn Abdullayev Mariupol Dövlət Universitetinin tələbəsidir.

Abdullayev hazırda Ukraynada xəstəxanaya yerləşdirlib. O, Amerikanın Səsinə müsahibəsində bildirib ki, Berdyansk postunda Rusiya hərbçiləri tərəfindən əsir götürülüb. “Onlar əllərimi bağladılar, gödəkçəmlə başımı bağladılar ki, heç nə görməyim. Sonra KAMAZ markarlı yük avtomobilinə atıb həbsxanaya apardılar. Onlar rus dilində danışırdılar.”

Abdullayev həbs yerində çoxsaylı işgəncələrə məruz qaldığını deyib. “Məni toka verirdilər, döyürdülər. Döyənlər ruslar idi, aralarında azərbaycanlılar və çeçenlər də var idi. Birinci toka verdilər, sonra pol taxtası ilə döyürdülər, ayaqlarımı tapdalayırdılar. Məni demək olar ki, hər gün döyürdülər. Soruşurdular ki, guya mən tələbə deyiləm, Ukrayna hərbçisiyəm.”

Onun dediyinə görə, çeçen millətindən olan komandirlər Abdullayevi Ramazan ayı münasibəti ilə əfv etdiklərini bildirərək azad ediblər. “Səkkiz nəfər idik. Tək mən Azərbaycan vətəndaşı idim. Çeçen mənşəli Rusiya hərbçiləri hamımızı əsir götürdü və hamımıza işgəncələr verirdilər.”

Məsələ ilə bağlı Azərbaycanın rəsmi qurumları hələ münasibət bildirməyib.

Hüseyn Abdullayevin Azərbaycanın Neftçala rayonunda yaşayan atası Amin Abdullayev Amerikanın Səsinə deyib ki, oğlunun səhhəti ağırdır. “Oğlumu çox soyuq yerdə saxlayıblar, işgəncə veriblər. Dəhşət. İşgəncə verənlərdən biri azərbaycanlıymış. Yeməyə quru çörəklə su veriblər. Çox arıqlayıb. Zülm ediblər. Hər gün döyürlərmiş.”

Ata övladının azadlığa buraxılmasına kömək etdiyinə görə, ölkə prezidentinə, xarici işlər nazirinə, ombudsmana və Neftçala rayon İcra Hakimiyyətinin başçısına minnətdarlıq edib. “Mən prezidentə saat 10-da teleqram vurdum. Elə həmin gün saat birin yarısında rus hərbşiləri zəng etdi ki, sabah oğlunuzu sərbəst buraxacağıq”.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button