Cəmiyyət

İsmayıllı meşələri ilə bağlı qalmaqal böyüyür – Yeni təfərrüatlar (VİDEO/FOTO)

Şamaxı Regional Meşə Təsərrüfat Birliyinin keçmiş rəhbəri Əfqan Qəribov “Şöhlətoğlu” İstirahət Mərkəzinin sahibi Novruz Gülməmmədovu Dövlət Meşə Fondunun 6 hektar ərazisini ələ keçirməkdə ittiham edir.
O, bu barədə Qaynarinfo-ya müraciətində iddia edir ki, sahibkar həmin ərazidə ağacları kəsib. Əfqan Qətribovun sözlərinə görə, “Şöhlətoğlu” İstirahət Mərkəzinin sökülməsi ilə bağlı məhkəmə qərarı var. Həmçinin sahibkar ağac kəsdiyinə görə cərimələnib.
Qaynarinfo məsələ ilə bağlı Novruz Gülməmmədovla əlaqə saxlayıb. Sahibkar bildirib ki, Əfqan Qəribovun iddiaları əsassızdır. Novruz Gülməmmədovun sözlərinə görə, Əfqan Qəribov məhz onun müvafiq qurumlara müraciətindən sonra tutduğu vəzifədən azad edilib. “Əfqan Qəribov öz əməllərini mənim adıma yazıma yazır. Məsələ burasındadır ki, o, 6 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinin rəisi Akif Məmmədovla əlbir olaraq İsmayıllı meşələrində soyqırım aparır. Bununla bağlı əlimdə foto və videofaktlar var. Həmin faktlar müvafiq qurumlara təqdim edilib. Sizə də təqdim edəcəm. Bu adamların bir neçə taxta sexi var. Bundan başqa, Əfqan Qəribovla Akif Məmmədov İsmayıllı meşələrindəki qiymətləri ağacları kəsib satırlar. Bir maşının qiyməti 6 min manatdır”, – deyə sahibkar bildirib.
Novruz Gülməmmədov əlavə edib ki, adıçəkilən şəxslər hətta bələdiyyənin balansında olan meşələrdə də qanunsuz əməllərlə məşğuldur. “Konkret olaraq Quşencə kəndi ərazisindəki meşələr məhv edilir. Bu işin arxasında isə Əfqan Qəribovla Akif Məmmədov dayanır. Hətta bununla bağlı Quşencə bələdiyyəsinin Baş prokurora və Korrupsiyaya Qarşı Mübarizə İdarəsinə rəsmi müraciəti var. Həmin müraciətin surətini sizə təqdim edə bilərəm.
Bu hələ son deyil. Şamaxının Şərədil ərazisində meşələrdə narkotik plantasiya aşkar edilib. Bunun da videosu var. İsmayıllı meşələrində oxşar hallara rast gəlinir. Sual olunur, Əfqan Qəribovla Akif Məmmədovun bundan xəbəri yoxdur?”
Sahibkar əlavə edib ki, Əfqan Qəribov barəsində Korrupsiyaya Qarşı Mübarizə İdarəsində cinayət başlanıb: “Əfqan Qəribovla yanaşı Xanmusa, Sabir və Şakir adlı müşəbəyilər də istintaqa cəlb edilib. Bu məsələyə görə Ekologiya və təbii sərvətlər nazirliyinin meşələrin mühafizəsi və inkişafı xidməti departamentinin rəisi Namik Xıdırov işdən çıxarılıb. Hesab edirəm ki, o da məsuliyyətə cəlb olunmalıdır. Çünki Əfqan Qəribova məhz bu şəxs himayədarlıq edir.
Görünür, indi bu adamlar məsuliyyətdən yaxa qurtarmaq üçün öz əməllərini mənim ayağıma yazmağa çalışır. Amma məndə kifayət qədər faktlar var. Yeri gəlmişkən, bu faktlar Korrupsiyaya Qarşı Mübarizə İdarəsinə təqdim edilib.
Cinayət işi müstəntiq İlqar Sadətovun icraatındadır. Lakin görünən odur ki, işi ört-basdır etməyə çalışırlar. Ona görə də mən Prezident İlham Əliyevə və Baş prokuror Kamra Əliyevə müraciət edərək onlardan bu məsələni diqqətdə saxlanalarını və cinayət işinin obyektiv araşdırılmasının təmin olunmasına yardımçı olmalarını xahiş edirəm”.
Novruz Gülməmmədov əlindəki foto və video faktları, həmçinin Quşencə bələdiyyəsinin Korrupsiyaya Qarşı Mübarizə İdarəsinə ünvnladığı müraciətin sürətini də redaksiyamıza təqdim edib.
Müraiətdən aydın olur ki, bələdiyyənin balansında olan meşələrdə 30-40 ədəd Vələs, 15-20 ədəd isə Palıd ağacı kəsilib. Məlum olub ki, ağacları Quşencə kənd sakini Alı Osmanov kəsib. Araşdırmalar zamanı Alı Osmanova Şamil adlı meşəbəyi tərəfindən icazə verildiyi üzə çıxıb.
Həmin müraciətin fotosunu və digər faktları oxucuların diqqətinə çatdırırıq.

 

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button