Cəmiyyət

Li Litsenberger: “Rusiya da MQ-nin üzvüdür, amma Ermənistana da, Azərbaycana da silah satır”

“ABŞ Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində Cənub Qaz Dəhlizinin rolunu yüksək qiymətləndirir. NATO baş katibi Stoltenberq də dünən prezident Əliyevə zəng etdiyi zaman bunu qeyd edib”. JAMAZ.İNFO xəbər verir ki, bunu ABŞ-ın Azərbaycandakı səfiri Li Litsenberger Turan-ın sualına cavabda bildirib.

O qeyd edib ki, Azərbaycanın rolu böyükdür. “Belə ki, Rusiya Ukrayna ətrafında sabitliyi pozur, Avropaya qaz tədarükünü azaldır. Buna görə qaz tədarükünün şaxələndirilməsi üzrə addımlar çox vacibdir. Cənub Qaz Dəhlizi qaz tədarükünü iki dəfə artırmaq potensialına malikdir, amma bu, investisiya və zaman tələb edir. Transxəzər Qaz Kəmərinə gəlincə, bu, Türkmənistan qazının böyük ehtiyatlarını “blokdan çıxarmaq” və Avropaya çatdırmaq üçün daha bir imkandır. Bunun üçün suveren ölkələrin qərarına və özəl şirkətlərin investisiyalarına ehtiyac var”.

İran qazına gəlincə, Azərbaycan, İran və Türkmənistan Cənub Qaz Dəhlizi çərçivəsində müəyyən qaz həcminin mübadiləsi haqqında razılıq əldə ediblər. “Biz Avropaya qaz tədarükünün artırılması ilə bağlı istənilən varianta açığıq, çünki onlar hamısı Azərbaycandan keçir. Bu, Azərbaycan üçün də yaxşıdır, ABŞ üçün də yaxşıdır”.

Cənub Qaz Dəhlizi ilə İran qazının tədarükü Amerikanın İrana qarşı sanksiyalarına zidd deyil? Bu dəqiqləşdirici suala cavabda səfir bildirib ki, sanksiyalar bu məsələyə şamil edilmir.

Səfir daha sonra Rusiyanın Qarabağ məsələsinə də toxunub. “ABŞ Ermənistana və Azərbaycana münaqişənin sülh yolu ilə həllinin axtarışında kömək etməyə çalışır, buna görə bu və digər tərəfə silah satmır”.

“ABŞ-ın milli təhlükəsizlik üzrə keçmiş müşaviri Con Boltonun Bakıya və Yerevana Amerika silahları almaq çağırışının hələ də həyata keçirilməməsini necə izah etmək olar” sualına cavabda səfir deyib: “Əsas Ermənistana və Azərbaycana sülhə nail olmaqda kömək etməkdir. Bizim prinsipial mövqeyimiz nə bu, nə digər tərəfə ölümcül silahlar tədarük etməməkdən ibarətdir. Biz həmçinin ATƏT-in Minsk Qrupunun üzvü olaraq məsuliyyət daşıyırıq. Qeyd edim ki, Rusiya da Minsk Qrupunun üzvüdür, amma öz öhdəliklərinə tamamilə fərqli yanaşır və Ermənistana da, Azərbaycana da silah tədarük edir. Dinc nizamlanma üçün bunun məqbul yol olduğunu hesab etmirik”.

Eyni zamanda, o qeyd edib ki, ABŞ Azərbaycana təhlükəsizlik məsələlərinin həlli üçün vəsait və avadanlıq tədarük edir. “Son illər bu tədarükün həcmi 100 milyon dolları keçib. Bu, silah deyil, sərhədlərin mühafizəsi, Xəzərin milli sektorunun monitorinqi üçün avadanlıq və vasitələr, qaçaqmalçılığın qarşısını almaq üçün rentgen skanerləridir. İlk növbədə, bu, böyük narkotrafik axınının müşahidə edildiyi ölkənin cənub sərhədlərinə aiddir. Azərbaycan cənub sərhədlərinin böyük hissəsi üzərində nəzarəti özünə qaytardıqdan sonra ABŞ bu sahədə etibarlı mühafizənin təmin edilməsi üçün avadanlıq tədarükündə böyük köməklik göstərib. Son iki ilin statistikası bu istiqamətdə müsadirə edilən narkotiklərin iki qat artdığını göstərir. Bu, həmin köməyin nə dərəcədə effektiv olduğunun göstəricisidir. Digər bir istiqamət Xəzərdə təhlükəsizliyin təmin edilməsinə, mühüm neft-qaz infrastrukturunun və neft kəmərlərinin mühafizəsinə yardımdır. Bu məqsədlə Azərbaycana sahil radarları, amfibiya qayıqları və Xəzərin milli sektoruna tam nəzarət üçün avadanlıqlar təhvil verilib”.

 

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button