Cəmiyyət

Sığınacaqdan reportaj – “Ərim başımda vaza sındırır, əlimdə siqaret söndürür, qayışla, armaturla döyürdü”

38 yaşlı Roza Hüseynova 5 aya yaxındır ki, qadın sığınacağında məskunlaşıb. Övladlarını da götürüb işgəncələrə məruz qaldığını dediyi evdən birdəfəlik canını qurtarıb. İndi o, əl işlərini sataraq ayaqları üzərində dayanmağa çalışır.

“Toplum TV” “Qadın və uşaq sığınacağı”ndan reportajı təqdim edir.

Sığınacağa daxil olanda Roza məni evində qəbul edirmiş kimi qarşıladı. Mənən yorğun görünən qadınla tanışlıqmı, yoxsa sığınacaqdakı ab-havanın ağırlığımı ilk başda  məni  kədərləndirdi. Onun hekayəsi məni əvvəldən cəlb etmişdi. Səbəb yaşadığı işgəncələrdən çox, həyatına yenidən başlamaq gücü idi.

Roza tikiş otağının ən üst qatda, dördüncü mərtəbədə yerləşdiyini deyib yuxarı qalxmağı təklif edir. Pilləkənlərlə qalxdıqca sığınacağın digər sakinlərini də görmək imkanım olur. Ətrafa səpələnmiş bir yığın yarımçıq tale, yaşadıqları həyatdan xəbərsiz uşaqlar, üzləşdikləri  dəhşətlərdən sarsılmış yeniyetmələr, qadınlar…

Tikiş otağına çatanda Roza deyir: “Hər dəfə qalxanda təngnəfəs oluram… Keçin içəri”.

Otaqda bir neçə tikiş maşını, ütü, parçalar, bir sözlə dərziyə lazım olacaq hər şey var.

“İndi burda işləyirəm. Öz əlimin əməyi ilə yataq dəsti, süfrə tikib satıram”,- deyə o əlavə edir.

Toplum TV

Roza ötən günlərə qayıtmaq istəmir, başına gələnləri danışmağın çətin olduğunu söyləyir. Onun sözlərinə görə, evləndiyi gündən zorakılığa məruz qalıb.

“20 il dözdüm. Amma axırda özümdə güc tapıb o evdən çıxa bildim. Polisə qaçdım. Polis də məni bura gətirdi”.

Toplum TV

Roza Hüseynova nəhayət başına gətirilənləri bölüşməyə qərar verir: “Ərim başımda vaza sındırır, əlimdə siqaret söndürür, qayışla, armaturla döyürdü. Azyaşlı uşaqlarımın gözü önündə… Məqsədsiz, yalandan bir bəhanə taparaq saatlarla mənə və övladlarıma işgəncə verirdi. Özü keçmiş polis əməkdaşı olub. Həmişə məni evdən qaçsam adıma söz qoşacağı ilə təhdid edirdi”.

Otağa Rozanın qızı Zərifə daxil olduğundan söhbəti kəsməli oluruq.

-Qardaşının paltarını dəyişdin, Zərifə? Qonaqlar gələcək, səliqəli geyindir.

Toplum TV

Roza Hüseynova əvvəldən də tikiş qabiliyyəti olduğunu deyir. Yeni il bayramından əvvəl yavaş-yavaş əl işlərini satmağa başlayıb.

“İdeya burdakılardan gəldi, mənim də tikiş  bacarığım olduğundan başladıq. Satışda olanlar hazırda yataq üzləri və süfrələrdir. Amma burdakı uşaqlara şənliklərdə geyinməyə paltar da tikirəm. Sifarişlə geyim tikmək alınmır. Müştəri ölçülərin götürülməsi  üçün ən azından gərək bir dəfə sığınacağa gəlsin. Burda belə bir imkanımız yoxdur. Amma yataq üzləri üçün bu lazım deyil, sifarişi alıram, hazır olduqdan sonra müştəriyə çatdırılır”.

Hazır yataq dəstləri qalmadığından Roza telefonda onların fotolarını göstərmək istəyir. Əlindəki telefonu göstərib bir az da utanaraq deyir: “38 yaşım var. Bu yaşıma qədər  heç vaxt telefon işlətməmişdim, işimə görə təzə-təzə öyrənirəm”.

Telefonda istədiyi fotoları tapa bilmədiyindən mənə uzadıb gülərək “Özünüz baxın. Yenə qarışdırdım” söyləyir.

Toplum TV

Əl işləri çox gözəldir. Birlikdə modelləri müzakirə edirik. Deyir ki, tikdiyi əşyaların dizaynı da onlara aiddir: “Yeni il ərəfəsində başladığımızdan daha çox bayrama uyğun süfrələr və yataq dəstləri hazırlamağa çalışdıq”.

Roza danışır ki, bu iş onun həm əsəblərini əməllicə sakitləşdrib, həm də uşaqlarını oxuda bilir: “Əvvəl heç məktəbə də göndərə bilmirdim”.

Toplum TV

O, artıq gələcəklə bağlı planlar cızmağa başlayıb, sığınacaqdan çıxan kimi öz işini qurmağı düşünür.

“Heç kəsin əlinin altında işləmək fikrim yoxdur. Bilirsiz niyə? Çünki həmişə qul kimi həyat yaşamışam. İndi istəmirəm. İstəyirəm 5 manat qazanım, özüm və balalarım üçün qazanım. Şükür Allahın məsləhətinə. 20 ildən sonra o gücü tapa bildim. O gücü mənə verdi, ən çox da qızım”.

Pilləkənlərə aşağı enirik. Roza yenə az da olsa təngənəfəsdir, amma indi üzündəki yorğunluq yoxdur, indi  daha ümidli, özünə inamıı görünür.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button