Cəmiyyət

“Tərtər işi” yenidən gündəmdə – İş obyektiv araşdırılacaqmı?

“”Tərtər işi”-nin nəzəri baxımdan ədalətli araşdırılması mümkündür. Ancaq indiki siyasi konteksdə və indiki siyasi hərbi rəhbərliyin vaxtında, bu kütləvi və qanlı cinayət işinin obyektiv və ədalətli araşdırılacağına inanmıram”.

Bunu hüquqşünas Yalçın İmanov  “Toplum TV”-yə açıqlamasında deyib.

Dekabrın 18-də Azərbaycan Baş Prokurorluğu, Daxili İşlər Nazirliyi və Dövlət Təhlükəsizliyi Xidməti birgə məlumat yayaraq, 2017-ci ildə orduda baş verən kobud qanunsuzluq faktlarını (“Tərtər işi” kimi bilinir) təsdiq ediblər. Həmin vaxt “dövlətə xəyanət ittihamı ilə” çox sayda hərbçi işgəncələrə məruz qalmış, bəziləri isə həlak olmuşdu.

Birgə məlumatda qeyd olunur ki, “Tərtər işi”-nin hərtərəfli və obyektiv araşdırılması üçün müvafiq qərar qəbul edilib.

“Zərərçəkmiş şəxslərin, onların hüquqi varislərinin və digər şəxslərin ibtidai istintaqın gedişi və nəticələri, eləcə də məhkəmə qərarları ilə bağlı çoxsaylı müraciətləri nəzərə alınaraq Azərbaycan Baş prokurorunun müvafiq sərəncamı ilə İşçi qrup yaradılmaqla qeyd olunan cinayət işləri Hərbi Prokurorluqdan tələb edilib ətraflı surətdə öyrənilib, hər bir qanunazidd əməlin baş vermə hallarının tam, hərtərəfli, obyektiv araşdırılması, bütün təqsirli şəxslərin dairəsinin müəyyənləşdirilərək məsuliyyətə cəlb olunması, cinayətlərdən ziyan çəkmiş şəxslərin pozulmuş hüquqlarının bərpası və müdafiəsi üçün zəruri tədbirlərin görülməsi məqsədilə 2021-ci ilin 16 dekabr tarixində Baş Prokurorluqda göstərilən faktlar üzrə cinayət işlərinin icraatının təzələnməsi haqqında qərarlar qəbul edilib.

Cinayət işləri Baş Prokurorluğun icraatına qəbul edilməklə ibtidai istintaq Azərbaycan Respublikasının Baş prokuroru tərəfindən xüsusi nəzarətə götürülmüş, prokurorluq, daxili işlər və dövlət təhlükəsizliyi orqanlarının təcrübəli və peşəkar əməkdaşlarından ibarət istintaq qrupları yaradılaraq ibtidai araşdırmaya prosessual rəhbərlik Baş prokurorun birinci müavininə tapşırılıb”, – deyə məlumatda bildirilir.

“İşin obyektiv araşdırılması, o anlama gələcək ki, saxta ittihamlarla tutulub azadlıqdan məhrum edilmiş şəxslərin hüquqları bərpa olunacaq”

Hüquq müdafiəçisi Rəsul Cəfərov deyir ki, işin ədalətli araşdırılması mümkündür:

“Ortada 3 dövlət qurumunun rəsmi bəyanatı var.  Bu, faktiki olaraq işgəncə verənlərlə bağlı aparılmış cinayət işinin yenidən aparılması üçün hüquqi zəmin yaradır. İndi vətəndaşlar olaraq, bizim üzərimizə düşən əsas vəzifə də ondan ibarətdir ki, yenilənmiş istintaqın tam obyektiv aparılmasına öz köməkliyimizi göstərək. Çünki işin obyektiv aparılması, o anlama gələcək ki, saxta ittihamlarla tutulub azadlıqdan məhrum edilmiş şəxslərin hüquqları bərpa olunacaq. Cinayəti törətmiş şəxslər – həm hadisələrin baş verdiyi ərazidə, həm hərbi komandanlıqda , həm də Hərbi Prokurorluqda olan şəxslər indiyədək bu işin üstünün açılmaması üçün hər bir şeyi ediblər”.

Rəsul Cəfərov – Açıq mənbələrdən götürülüb

Amma Yalçın İmanov “Tərtər işi”nin ədalətli araşdırılacağını zənn etmir:

“Hadisənin baş vermə anından indiyə qədər olan zamanda faktların konsultasiyasına fikri versəniz, Hərbi Prokurorluq və digər əlaqədar dövlət qurumları bu cinayət işlərini, kütləvi hüquq pozuntularını birmənalı şəkildə inkar edirdilər. Hətta rəsmi təsdiqini tapmış 11 nəfərin işgəncələrə dözməyərək ölməsi faktı belə kor-koranə inkar olunurdu. Çünki hadisənin miqyası, başverən amansız qətllər, kütləvi işgəncələr və digər hüquq pozuntularının əhatə dairəsi, həmin cinayətin, indiki stiuasiyada obyektiv və ədalətli araşdırlımasını istisna edir”.

“İş məxfiləşdirilib”

Bu il aprelin 13-də İşgəncələr Əleyhinə Ümumdünya Təşkilatı da “Tərtər işi” ilə bağlı bəyanat yayıb. Bəyanatda bildirilir ki, iş məxfiləşdirilib:

“”Tərtər işi” üzrə həbs olunanların və həlak olanların ümumi sayı hələ də məlum deyil. İşin özü məxfiləşdirilib. Biz bu dəhşətli faktlar fonunda Azərbaycan hökumətinin və insan hüquqları pozuntularını törətmiş hüquq-mühafizə orqanlarının hərəkətlərini qətiyyətlə pisləyirik”.

Bəyanatda həmçinin qeyd olunur ki, “Tərtər işi” çərçivəsində ən azı 78 nəfər Azərbaycan vətəndaşı saxlanılıb və dövlətə xəyanət ittihamı ilə 12 ildən 20 ilədək həbs cəzasına məhkum edilib.

Təşkilat Azərbaycan hakimiyyəti qarşısında aşağıdakı tələbləri qoyub:

– dərhal işgəncələr və məhbusların ölümü araşdırılsın, günahkarlar məsuliyyətə cəlb edilsin;

– qurbanlara reabilitasiya, yardım təmin edilsin;

– onlara və ailələrinə dəyən zərəri ödənilsin, həmçinin cəsədlərin əldə edilməsinə imkan yaradılsın;

– bu iş üzrə həbs edilmiş şəxslərin yerləşdiyi yeri və sayı açıqlasın;

– işgəncə praktikasına son qoymaqla Azərbaycanda bu kimi halların aradan qaldırılması üçün tədbirlər görülsün.

“Tərtər işi” ilə bağlı hansı qərarlar qəbul edilməlidir?

Rəsul Cəfərov söyləyir ki, 3 istiqamətdə qərarlar qəbul olunmalıdır:

“Birincisi, işgəncəyə məruz qalmış, amma indiyədək zərərçəkmiş kimi tanınmayan bütün şəxslər zərərçəkmiş kimi tanınmalıdır. Onların ifadələri cinayət işinin materiallarına əlavə edilməlidir.

İkincisi, artıq zərərçəkmiş kimi tanınan şəxslərin də izahatları yenilənməlidir. Çünki əvvəlki istintaqda bu şəxslərdən yarımçıq izahat alınıb.

Üçüncüsü isə, hərtərəfli ekspertizalar aparılmalıdır. Çünki 4 il yarım müddət keçməsinə baxmayaraq, zərərçəkmişlərin müxtəlif bədən nahiyələrində işgəncə izlərinin yeri qalıb”.

Yalçın İmanov isə bildirir ki, verilən bəyanat bəzi şübhələr oyadır.

Yalçın İmanov – Sosial Media

“Orada iddia olunur ki, hüququ pozulan şəxs sanki özbaşına, səlahiyyət verilmədiyi halda hüquq pozuntuları törədib. Mən bu mövqe ilə qəti razı deyiləm. Belə çıxır ki, sanki bu qədər hadisəni kiçik bir qrup özbaşına törədib”,- deyə hüquqşünas bildirib.

Xatırlatma

“Tərtər işi” kimi bilinən cinayət hadisələri 2016-cı il Ermənistanla 4 günlük aprel toqquşmalarından sonra baş verib. Satqınlıqda və casusluqda ittiham edilən şəxslər ya ağır işgəncələrə məruz qalıblar, ya da qətlə yetiriliblər.

Bəzi hüquq müdafiəçilərinin bildirdiyinə görə, 100-dən çox əsgər və zabit işgəncələrə məruz qalıb, 25 nəfərə uzunmüddətli həbs cəzası verilib və ən azı 11 nəfər işgəncə nəticəsində ölüb.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button