Dünya

ABŞ İran üzərindən bəzi sanksiyaları götürməyə hazırdır

ABŞ İrana tətbiq etdiyi  sanksiyaların Birgə Hərtərəfli Fəaliyyət Planına (BHFP) uyğun gəlməyən hissəsini ləğv etməyə hazırdır.  RİA Novosti xəbər verir ki, bunu Birləşmiş Ştatların BMT-dəki daimi nümayəndəsi Linda Tomas-Qrinfild BMT Təhlükəsizlik Şurasının iclasında deyib.

Diplomatın sözlərinə görə, prezident Bayden İranın nüvə razılaşmasının şərtlərinə uyğun davrandığı halda ABŞ-ın da eyni cür davranmağa hazır olduğunu bildirib. “Biz BHFP çərçivəsində öhdəliklərimizə uyğun gəlməyən sanksiyaları tamamilə götürməyə hazırıq, bu da İrana razılaşmada nəzərdə tutulan iqtisadi mənfəətlərdən yararlanmağa imkan verəcək”, – deyə Tomas-Qrinfild söyləyib.

Oktyabrın 27-də Dövlət departamentinin rəsmi nümayəndəsi bildirmişdi ki, ABŞ nüvə razılaşması ətrafında İranla danışıqları bərpa etməyə razıdır. Onun sözlərinə görə, ABŞ Vyanaya qayıtmağa, BHFP üzrə razılaşmalara nail olmağa və onları həyata keçirməyə hazırdır.

İran üzrə BHFP müqaviləsi Tehran və altı vasitəçi ölkə arasında 2015-ci ilin yayında imzalanıb. Daha sonra İran razılaşmanı kobud surətdə pozmaqda ittiham edilib. 2018-ci ilin mayında ABŞ birtərəfli qaydada razılaşmadan çıxdığını və İran əleyhinə sanksiyaları bərpa etdiyini bildirib. Öz növbəsində İran da 2020 yanvarında BHFP üzrə razılaşmalardan imtina etdiyini açıqlamışdı.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button