Dünya

Bu məsələdə Kremlin əli yoxdur, bunu erməni lobbisi təşkil edir

“Bu təxribatın arxasında Rusiyadakı erməni diasporu və şimal ölkəsinin imperalist dairələri dayanır. Məqsədləri də Moskvanı daha çox dərəcədə Qarabağa cəlb etməkdən ibarətdir”.
Bunu Qaynarinfo-ya açıqlamasında QAFSAM sədrinin müavini Nazim Cəfərsoy Moskvanın Qarabağda rus sülhməramlılarının müvəqqəti nəzarət zonasında “rus icması” yaratmasına münasibət bildirərkən deyib:
“Məsələni qabardan Rusiyadakı erməni diasporudur. Kremlin əslində burada əli yoxdur. Yeni dövrdə xüsusən də Qarabağ erməniləri manevr imkanı qazanmaq üçün müxtəlif yollara əl atır. Dünyadakı erməni diasporunu dəstəyə çağırır, Qərbin prosesə müdaxilə etməsini istəyirlər. Bu manevr imkanları çərçivəsində Qarabağdakı separatçılar Rusiya faktoruna daha artıq dərəcədə əyilmək, ona yaxınlaşmaq yolunu tutur. Ümumiyyətlə, ermənilər rus sülhməramlılarının Qarabağda əbədi qalması üçün bir neçə istiqamətdə çalışır. Rusiyadakı erməni diasporu, habelə Ermənistan hakimiyyətində prezidentləri başda olmaqla bəziləri tez-tez bu amili qabardır. Həmçinin, Rusiyadakı ermənilərlə əlaqəli imperialist dairələr də həmin fəaliyyətin gerçəkləşməsi üçün ruslara xoş gələcək müxtəlif addımlar atırlar. Rus mədəniyyətilə bağlı parkın açılması, Xocalıda provaslav kilsəsinin tikilməsi də həmin addımlardandır. Bu kimi addımlarla Qarabağdakı ermənilər və onların Rusiya və İrəvandakı havadarları tarixi təcrübəyə istinad edərək Kremlin diqqətini Qarabağa yönəltməyə çalışırlar”.
Bu mənada həmsöhbətimizə görə, Xankəndidə rus icmasının yaradılması bölgəyə Rusiyanın diqqətinin daha çox artırılmasına və onun arxasında gizlənərək Qarabağın Azərbaycanın nəzarətindən kənarda qalmasına xidmət edir:
“Ardınca söhbəti ona gətirəcəklər ki, rus icması Qarabağda böyük əziyyət çəkir. Ona görə də Moskva həmin icmanı himayə etməlidir. Bilirsiniz ki, Moskva Rusiya xaricindəki ruslara yönəlik fəal siyasət sərgiləyir”.
Amma həmsöhbətimiz düşünür ki, Kremlin özü Azərbaycanı qarşısına alaraq Qarabağda rus icması məsələsində o qədər də maraqlı olmayacaq:
“Bu səbəbdən də atılan avantürist addım çox da keçərli olmayacaq. Putin hakimiyyəti müharibə dövründə və sonrakı proseslərdə göstərdi ki, məqsədləri heç də Azərbaycanla problem yaratmaq deyil, Azərbaycanla əməkdaşlıq yaradaraq Cənubi Qafqazda yeni səhifə açmaqdır. Digər tərəfdən, İrəvanda da vəziyyət dəyişib. Paşinyan hakimiyyəti Ermənistanın gələcəyini Rusiya ilə bağlamır. Onlar Cənubi Qafqaz daxilində əməkdaşlığa və Türkiyə ilə münasibətlərin normallaşdırılmasına xüsusi önəm verirlər. Bu isə Qarabağ ermənilərini narahat etdiyindən onlar müxtəlif manevrlərlə Rusiyanı bölgəyə daha çox cəkməyə çalışırlar. Rus icmasını yaratmaqla separatçılar həm də Azərbaycanı Moskva ilə münasibətləri gərginləşdirməyə təhrik etmək istəyirlər”.
Qeyd edək ki, mətbuatın yazdığına görə, Rusiya Qarabağda sülhməramlıların müvəqqəti nəzarət zonasında “rus icması”nın yaradılması prosesinə başlayıb. Rusiya Federal Təhlükəsizlik Xidmətinin Akademiyasının keçmiş məzunu Aleksandır Bordov Qarabağdakı rus icmasına rəhbər seçilib.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button