Gündəm

Özünü zorla dövlət elan etməklə güclü dövlət olmur

Bəli, dövlət hər mənada güclü olmalıdır, dövlət təfəkkürü, dövlət zehniyyətilə, soyuq başla idarə olunmalıdır, razıyam. Bu, xarici təzyiqləri, hibrid müdaxilələri önləmək baxımından olmazsa olmaz klasifikasiyasındadır. Ancaq dövlət onun əsasını təşkil edən xalqın sosial baxımdan zənginliyi, rifahının yüksək olması, hüququ, ədaləti, effektiv idarəetmə sistemi ilə güclü olmalıdır, Avropa xalqları kimi. Bir də dağıdıcılıq, destruktiv meyllər yolverilməzdir, bütün məsələlər dinc üsullarla, dialoqla, masa ətrafında müzakirələrlə həll olunmalıdır. Bundan ötrü isə bu gün Qazaxstanın ən çox əziyyət çəkdiyi siyasi institutlaşmanın çox zəif inkişafıdır ki, meydanlara çıxan xalq kütlələri nəzarətsiz hərəkət edirlər, bu isə yaxşı heç nə vəd etmir.

Bu gün Qazaxstanda hökumətə alternativ ola bilən və xalqın önünə düşüb prosesləri dinc, azad, demokratik məcraya yönəldən siyasi qüvvə ya lider yoxdur. Ona görədir ki, ölkədə  iki sutkadır xaos hökm sürür. Çünki son 30 ildə ölkədə qurulan diktatura və avtoritarizmin acı fəsadlarıdır bugün Qazaxstandakı tablo. Təbii, idarəedənlər də vəziyyəti o həddə gətirməməlidirlər ki, küçələr yağmalansın, şəhərlər od tutub yansın. Sosial ədalət və hüququn aliliyinin hər kəs üçün eyni dərəcədə işləməsi ən mühüm məsələdir. Yoxsa 15 faizin aşırı zənginliyi və hökmranlığı, 85 faizin isə aşırı kasıblığı və yoxsulluğu, hüquqsuzluğu ilə arzulanan güclü dövlət olmur! Bir qrupun ya ailənin zorakı üsullarla özünü “DÖVLƏT” ELAN ETMƏSİ ilə güclü dövlət  heç olmur, Əfəndilər.

Yeni nəsillər yetişib və köhnə qaydalar, standartlarla idarə olunmaq istəmirlər. Hər şeyin ən yaxşısını istəyən yeni generasiyaların çağırışları qulaqardına vurula bilməz. Onlara müasir dövrün tələblərinə cavab verən azad, təşəbbüskarlığa meydan açan fürsətləri şərtləndirən şərait və mühit tanınmalıdır. Dövlətin resursları xalqa və ölkəyə rifah gətirəcək və əlavə dəyərlər istehsal edəcək, emal edəcək yaradıcı insanlar üçün əlçatan olmalıdır. Adamlar lal, kar, kor deyillər, burax xoşbəxt həyat indekslərində ilk sıralarda duran Qərb xalqlarını, burunlarının dibində Cənubi Koreyanı, Sinqapuru, Malayziyanı görür və özünə haqlı suallar verirlər: NİYƏ BİZƏ YOX?! KİMDƏN ƏKSİYİK? NƏYİMİZ ÇATMIR? BƏYƏM BİZ SÜRÜYÜK?!

Bu, Azərbaycana da aiddir. Küçələrə çıxan da kosmos əhalisi deyil, sayılmayan, səsi, sözü eşidilməyən, yeri gələndə it yerinə qoyulmayan qazax xalqıdır. Baş verənlər demokratiyadırmı?Xeyr, hələ ki, bunun simptomları yoxdur. Baş verənlər sadəcə xalq üsyanıdır. Məsələ burasındadır ki, dövlətin əsas mənbəyi olan xalqı eşitmək, qeydinə qalmaq, problemlərini vaxtında çözmək lazımdır. Hökumətdə oturanlar Qazaxstanı o xalqdan çox sevdiyini iddia edə bilməzlər, durduq yerdə kimsə öz dövlətinin qəniminə çevrilə bilməz. Geniş xalq kütlələrini dərhal fərqli-fərqli xarici dairələrə bağlamaq kompleksindən də uzaq olmalıyıq, o mənada ki, hələlik başlayan proses yenidir və mahiyyət etibarilə bir üsyandır. Baş verənlərdən dərin siyasi nəticələr çıxarmaq hələ tezdir. Bəli, heç bir dövlət əlahiddə mövcud deyil, bütün ölkələr Yer planetində yerləşir, bir-birilə elə ya belə bağlılıqları, asılılıqları mövcuddur, bu planda fərqli dövlətlərin geosiyasi və geoiqtisadi maraqları başadüşüləndir. Fəqət ortada bir XALQ faktoru da var və məsələ barədə danışanda, fikir yürüdəndə bu nüansa ehtiyatla yanaşılmalıdır.

Azərbaycan Yüksəliş Partiyasının

başqan müavini Rəşad Bakuvi

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button