Gündəm

Qərbin sanksiyaları bu Rusiyanı defolta aparır

Ukrayna-Rusiya müharibəsinin yeddinci günündəyik və Kremlə qarşı total şəkildə birləşən Qərb cəhənnəm sanksiyaları tətbiq etməyə başlayıb. Sanksiyaların tətbiq olunduğu sahələrin siyahısı özlüyündə vahimə yaradır və Rusiya dövlətinin bu dalğanın altından necə çıxacağı bu gün ən çox müzakirə olunan mövzudur. Azərbaycanın qonşusu olan Rusiya eyni zamanda ölkəmizin ən böyük ticarət, idxal-ixrac tərəfdaşıdır. Elə buna görə də Qərbin sanksiyalarından sonra Rusiyada başlayacaq böhran onsuz da yaxşı vəziyyətdə olmayan iqtisadiyyatı, pul, maliyyə-kredit münsibətlərini korlamaqla yanaşı Azərbaycana da təsirsiz ötüşməyəcək. Hazırda rus rublu heç vaxt olmadığı qədər sürətlə dəyər itirməkdədir, hətta bəzi banklar artıq Rusiya milli valyutasına məzənnə müəyyənləşdirə bilmirlər. İqtisadiyyatın, sənayenin, istehsalın, təsərrüfatın o sahəsi qalmayıb ki, sanksiyalar tətbiq olunmasın. Rusiyaya aid ən iri korporasiyalar durmadan dəyər itirirlər. Təsadüfi deyil ki, “Bloomberg”in son proqnozlarına görə, geridə qoyduğumuz beş gündə Rusiya iş adamları, daha doğrusu, oliqarxları 40 milyard dollara qədər sərvət itiriblər. Bu, kiçik rəqəm deyil. Üstəlik, baş verənlərin fonunda bir də sosial, humanitar böhranın  yaranacağına şübhə yoxdur, hətta işartıları artıq hiss edilir. Çünki bütün bunlar hələ sadəcə birjalardakı psixoloji təlatüm nəticəsində meydana çıxan itkilərdir, sanksiyalar işə düşdükdən sonra Rusiyanı nələrin gözlədiyini təsəvvür etmək belə, həyəcan yaradır.

İndi yeni, bizim üçün heç də az əhəmiyyət daşımayan suallar meydana gəlir. Ukraynaya hücumdan dolayı Qərbin Rusiyaya sanksiyalarının bu ölkə ilə iqtisadi planda fərqli istiqamətlərdə tərəfdaş olan Azərbaycana hansı təsirləri gözlənilir?

Beynəlxalq ekspertlər durmadan yazırlar ki, önümüzdəki zaman dilimində daha çox resurs tutumlu olan Rusiya iqtisadiyyatının vəziyyəti daha da pisləşəcək. Çünki Rusiyanın beynəlxalq ticarət valyutaları olan dollara, avroya, funt-sterlinqə, iyenə çıxışının məhdudlaşdırılması, onu dünya iqtisadiyyatının bir parçası olmaqdan məhrum edir ki, bu da özüylə bərabər saysız-hesabsız problemlər gətirəcək. Baş verənlərin Azərbaycana mümkün təsirləri arasında ən ciddi hesab olunanı, əsas etibarilə, rus rublunun manat qarşısında kəskin dəyər itirməsidir. Artıq müşahidə edirik ki, müharibə başlayanda 10 faizə qədər dəyər itirən rublun bir kağız parçasına çevrilməsi ehtimalı güclənir, düşüş faizi hər gün daha da böyüyür. Nəzərə alsaq ki, Rusiyada təxminən iki milyon azərbaycanlı yaşayır və bu insanlar hər ay ölkəmizdəki ailələrinə yüz milyonlarla dollarla ölçülə bilən pul köçürmələri edir, bunun respublikamız üçün hansı fəsadlara yol aça biləcəyini təxmin etmək olar. Təkcə ötən ilin altı ayı ərzində Rusiyadan Azərbaycana fiziki şəxslərin 130 milyon dollara qədər vəsait göndərdiyini Milli Bank özü təsdiq edib. İllik pul baratlarının məbləği isə 400  milyon dollardan çoxdur. Başqa yollarla, nağd qaydada göndərilənləri də nəzərə alsaq, bu rəqəmin 650-700 milyona yaxın olduğunu ehtimal etmək olar ki, heç də kiçik rəqəm deyil. Müharibə uzandıqca iqtisadi aktivlik zəifləyə və gəlirlər azala bilər, bu, orada yaşayan miqrantların Azərbaycanda yaşayan ailələrinə göndərdiyi vəsaitə təsirsiz ötüşməyəcək.

Azərbaycan üçün başqa bir problem dövlətin özünün Rusiya iqtisadiyyatındakı, konkret desək, Rusiya milli valyutasındakı yatırımları ilə bağlı ola bilər. Dövlət Fondunun yerləşdirdiyi məlumatda bildirilir ki, aktivlərimizin 0,7 faizi rus rubluna yatırılıb. Bu gün rus rublu dəyər itirdikcə Azərbaycanın aktivləri də paralel dəyər itirməkdədir. Rusiyada bir çox bahalı mülklərə yatırılan dövlətin böyük məbləğləri də, Rusiya iqtisadiyyatının bütün seqmentlərinin dərin böhran keçirəcəyi fonunda təhlükə altına düşmə ehtimalı ciddidir. Məncə, Azərbaycan hökuməti mövcud kritik vəziyyəti düzgün oxuyub, Rusiya ilə münasibətləri korlamamaq şərtilə həmin vəsaitləri geri çəkmənin bir yolunu tapmalıdır, çünki bu gedişlə Rusiyada defolt ehtimalı var.

Nəzərə alsaq ki, ötən il Rusiyadan idxala iki milyarddan artıq pul xərclənib, sanksiyalar fonunda bu rəqəm daha da böyüyə bilər. Bu mənada Rusiya milli valyutasının dəyər itirməsinin bir müsbət tərəfi var ki, o da əsasən, ölkəmizdə bir çox sahələri monopoliyaya alan ərzaq və inşaat malları idxalçılarına məhz şimal ölkəsindən yaxşı pul qazanmaq fürsəti qazandırmasıdır. Ucuzlaşan rubl fonunda Rusiya istehsalı olan mallar piştaxtalarda çoxala bilər. Belə ki, dollar qarşısında ciddi dəyər itirən rublla alınan malları Azərbaycanda “münasib qiymətə” satmaq mümkün olacaq. Uzun müddətli perspektivdə pis tərəfi isə, Azərbaycanda yerli istehsalın, təsərrüfatın, emal sənayesinin perspektiv, maraq itirməsidir, çünki analoji mallar daha ucuz qiymətə Rusiyadan ölkəmizə daxil ola biləcək, sahibkarlar daha çox pul xərcləyərək, onu yerli şəraitdə istehsal edib satışa çıxarmağı lüzumsuz hesab edəcəklər, kimsə pulunu yerdən tapmayıb.

Baxmayaraq ki, ən son dövlət başçılarının imzaladığı Moskva Bəyannaməsində milli valyutalarla ticarət, bank-maliyyə əməliyyatlarının aparılması niyyəti var, Qərbin artan sanksiyaları fonunda bunun da müəyyən siyasi-psixoloji risk daşıdığını unutmayaq. Xatırladaq ki, Azərbaycan kiçik ölkədir və onun da iqtisadiyyatı böyük ölçüdə Qərb bazarlarından, bu bazarları idarə edən qlobal təşkilatlardan asılıdır. Hər nə qədər də dünyada təklənmiş Rusiya ilə inteqrasiya prosesi artan xətlə inkişaf edəcəksə də, məlum əməliyyatlarla bağlı bu günə qədər çox zəif praktika və az təcrübə olduğundan, Azərbaycanda meydana  hesablanmamış problemlər çıxa bilər. Çünki istər-istəməz Rusiya bankları sanksiyalar altına düşəcək və belə olduğu halda, bu banklar vasitəsilə maliyyə əməliyyatları aparmaq qarşılıqlı olaraq hər iki ölkədə iş qurmuş hər bir sahibkar, biznes adamı, sərmayədar, bankir üçün risk ehtimalını artıracaq. Bura təbii olaraq, ciddi zərər çəkənlər sırasına qonşu ölkədə sərmayəsi, depoziti, müxtəlif qiymətli səhmləri, borc kağızları olan şəxslər də aiddir.

Daha bir mənfi təsirin yaşana biləcəyi sahə ixracla bağlı yarana bilər. Ötən il Azərbaycandan 922 milyon dollar dəyərində malın ixrac olunduğu Rusiyanı ölkəmizin ən çox ixrac həyata keçirdiyi ölkələr arasında üçüncü edib. Maraqlı cəhət budur ki, Rusiya həmçinin ölkəmizin qeyri-neft məhsullarını ən çox tədarük edən böyük bir bazardır, təsəvvür edin ki, ötən il istehsal olunan məhsulların üçdəbiri Rusiyaya satılıb. Bunun bizdən qaynaqlanan mənfi cəhəti də var. Hər zaman ixracın diversifikasiyalaşdırılması ilə bağlı problemi ona görə qaldırmışıq ki, respublikamız belə fors-major hallar qarşısında iqtisadi immunitetini itirməsin, yaxud az zərərlə çıxa bilsin. Ancaq problem ordadı ki, Azərbaycanın mal ixrac etdiyi ölkələrin siyahısı çox böyük deyil və bu, risklidir. Bütün sadalananları nəzərə alanda, o qənaətə gəlirik ki, Rusiyada sanksiyalar sonrası iqtisadi sahələrin və infrastrukturun zərər görməsi, böhranın qaçılmaz olması Azərbaycanla ticarət əlaqələrinə də mənfi təsir edəcək.

Azərbaycana mümkün başqa bir mənfi təsir yaşanan Ukrayna-Rusiya müharibəsi fonunda xammalın birja qiymətlərində artımının müşahidə edilməsi ola bilər. Əsasən taxıl, ərzaqlıq buğda, dənli bitkilər, yarma, bitki yağları və s. baxımdan böyük ölçüdə idxaldan asılı olan Azərbaycanda, gözlənilən qlobal bahalaşma unun və avtomatik çörəyin, un məmulatlarının qiymətlərinə də təsirsiz ötüşməyəcək. Hazırda müharibənin getdiyi Ukrayna torpaqlarında taxıl əkini üçün müqavilə bağladığımızı xatırlatsaq, bu ərazilər işğal olunacağı təqdirdə hansı şərtlərin və şəraitin meydana çıxacağı da ayrı bir problemin mövzusudur.

Ümumiləşdirsək, qeyd etməliyik ki, Rusiya iqtisadiyyatında baş verənlər Azərbaycanda sosial-iqtisadi vəziyyətə bilavasitə təsir etmək gücündədir. Rublun kursu bu templə ucuzlaşarsa, ehtimal var ki, periodik olaraq manat da müəyyən təzyiq altına düşsün. Ən önəmlisi isə, ərzaq məhsullarının bahalaşmasının intensiv xarakter alma ehtimalı güclüdür. Müəyyən qrup vacib ərzaq məhsullarının idxalında Rusiyadan birbaşa asılı olan Azərbaycan üçün növbəti bahalaşma dalğası xoşagəlməz nəticələr doğura bilər.

Bir sözlə, hərbi əməliyyatlar, onsuz da son iki ildə yaşanan pamdemiyadan dolayı çökən iqtisadiyyatın indi-indi özünə gəlməyə başlaması fonunda, heç yerinə düşmədi. Bunun bölgədə növbəti yoxsullaşma dalğası yaradacağını artıq indidən proqnozlaşdırmaq mümkündür.

Azərbaycan Yüksəliş Partiyasının

iqtisadi məsələlər üzrə başqan müavini Rəşad Bakuvi

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button