İqtisadiyyat

Azərbaycan-İran memorandumu “Zəngəzur dəhlizini” arxa plana keçirəcəkmi?

“İran ərazisindən keçərək Şərqi Zəngəzuru Naxçıvanla birləşdirməli olan kommunikasiyalar barədə imzalanmış Azərbaycan-İran memorandumu haqda əksər şərhlərdə bunun “Zəngəzur dəhlizinə” alternativ olduğu deyilir. Yəni, daha “Zəngəzur dəhlizinə” ehtiyac qalmayacaq. Bu, həqiqətənmi belədir? Xeyr, belə deyil”. Qaynarinfo xəbər verir ki, bunu Şərq-Qərb Araşdırmalar Mərkəzinin rəhbəri Ərəstun Oruclu qeyd edib:
“Çünki İran üzərindən keçən kommunikasiyalar yalnız Azərbaycan, Türkiyə və İran üçün əhəmiyyətli ola bilər, “Zəngəzur dəhlizi” isə qlobal layihə olan böyük Şərq-Qərb kommunikasiya dəhlizinin bir parçası kimi önəmlidir. Ona görə də “Zəngəzur dəhlizinin” əhəmiyyəti dəfələrlə böyükdür.
Bundan başqa, böyük daşımalar üçün nəzərdə tutulan kommunikasiyaların diversifikasiyası son dərəcə önəmlidir. Həm də buna görə “Zəngəzur dəhlizi” mütləq açılmalıdır. Məsələ heç bununla da məhdudlaşmır. Şərq-Qərb kommunikasiya dəhlizinin bir hissəsi də Gürcüstan üzərindən keçəcək”.
Ə. Oruclu qeyd edib ki, bu məsələdə alternativlərin olması yaxşı haldır: “Bu da diversifikasiya məsələsidir. Başqa sözlə, alternativlərin yaradılması. Ona görə ki, bir yol və ya bir dəhliz ən müxtəlif səbəblərdən bağlana, sıradan çıxa, daşımalar üçün yararsız hala düşə bilər. Məsələn, regional münaqişələr, daxili qarşıdurmalar və ya elə hava şəraiti səbəbindən. Bu isə bütün dəhlizin iflic olması deməkdir.
Alternativlər olduqda isə belə problemlər çətinliklər doğursa da, amma tam iflic vəziyyəti yaratmır. Şərq-Qərb dəhlizi isə Çinlə Avropa arasında böyük daşımalar üçün nəzərdə tutulub. Deməli, onun taleyini hansısa bir yolla və ya kommunikasiya ilə bağlamaq olmaz”.
Ekspert “Zəngəzur dəhlizi”nin açılması üçün bir neçə variantın mümkün olduğunu qeyd edir:
“1. Ermənistanın buna razılaşması – bunun ehtimalı azdır;
2. Rusiyanın buna razılaşması – Rusiyanın indiki vəziyyətində bunun ehtimalı daha da azdır;
3. Güc yolu ilə açılması – ən optimal görünən də budur.
Zəngəzur dəhlizinin açılması Çinlə Avropadan başqa, Türkiyə, Azərbaycan və Qazaxıstan üçün də önəmlidir. Amma Ukrayna savaşındakı vəziyyətindən sonra Rusiyanın bölgədəki təsirinin zəifləməsi bu məsələdə başqa bir region ölkəsinin – İranın mövqeyini əhəmiyyətli edir.
Görünür, Azərbaycanla İran arasında imzalanan memorandum da Tehranın loyallığının təmin edilməsi üçün vacib idi. İran üçün bu, Qazaxıstan-Xəzər dənizi-Azərbaycan-Türkiyə marşrutu ilə keçəcək böyük Şərq-Qərb dəhlizinin iştirakçısı olmaq və həm Çinlə, həm də Avropa ilə nəqliyyat-kommunikasiya əlaqələrinə malik olmaq deməkdir.
Gələcəkdə Tehran bundan həm də öz enerji daşıyıcılarının Avropa bazarına çıxarılmasına nail ola bilər. Belə müştərək maraqlar bizim üçün həm də bölgədə davamlı sabitliyə nail olmaq üçün zəmin yaratmaq deməkdir. Azərbaycan üçün bu, həm də Qarabağ ətrafında yaradılmış münaqişənin sonu demək olacaq”.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button