İqtisadiyyat

Bu qərardan yalnız oliqarx məmur təsərrüfatları faydalanacaq – Ekspert

“Bu qərardan yalnız oliqarx məmur təsərrüfatları faydalanacaq. Adi kəndli üçün isə həmin addımın heç bir faydası olmayacaq”.
Bunu Qaynarinfo-ya açıqlamasında kənd təsərrüfatı eksperti Vahid Məhərrəmov Baş nazir Əli Əsədovun Nazirlər Kabinetinin 2020-ci il 30 oktyabr tarixli 431 nömrəli qərarı ilə təsdiq edilmiş “Aqrar sığorta Qaydaları”nda dəyişiklik edilməsi barədə verdiyi qərarı şərh edərkən deyib.
Ekspertin fikrincə, Azərbaycanda fermerləri bu sayaq qərarlarla təsərrüfatlarını sığortalamağa stimullaşdırmaq cəhdi ciddi nəticə vermir:
“Ona görə ki, fermerlər sığorta sahəsində dəfələrlə aldadılıb, haqlı olduğu hallarda belə bunu sübuta yetirə bilməyiblər. Fermerlərin təsərüffatlarında çoxsaylı sığorta hadisəsi baş versə də, sığorta şirkətləri müxtəlif bəhanələrlə onların çoxuna sığorta ödənişləri etməkdən yayınıb. Bir sözlə, sığorta şirkətləri kəndlilərin təcrübəsiz, bilgisiz olmasından sui-istifadə edirlər. Sığorta şirkətlərinin məqsədi heç də sığorta hadisəsi baş verəndə sığortalanana kompensasiya ödəmək deyil, sadəcə daha çox vəsait toplamaqdan ibarətdir.
Pambıq sahəsi yananda guya bu halda sığorta ödənilir. Ancaq pambıq sahələri sussuzluqdan yansa da, bu prosesi sığortalamırlar. Yəni hansı hadisələr baş vermir və ya nadir hallarda baş verir, həmin prosesi sığortalayırlar. Tez-tez baş verən təbii fəlakətləri isə sığortalamırlar”.
V. Məhərrəmov düşünür ki, yalnız sığorta hallarının çeşidi çox olduğu halda, kəndli təsərrüfatını sığortalamaqda maraqlı olacaq:
“Ölkədə 2,7 milyon iri buynuzlu, 8,5 milyon da xırda buynuzlu mal-qara var. İl ərzində olsa-olsa 50-100 heyvan zəhərlənər. 100 heyvana görə heyvandarlıqla məşğul olan fermer bütün maldarlıq təsərrüfatını sığortalayası deyil. Sığorta hallarının çeşidi çox olmalıdır ki, kəndli təsərrüfatını sığortalamaqda maraqlı olsun”.
Qeyd edək ki, Baş nazir Əli Əsədovun “Aqrar sığorta Qaydaları”nda dəyişiklik edilməsi barədə imzaladığı qərarda sel və ya subasmanın, leysanın, ildırımın, şaxtavurmanın, normadan artıq yağan qar yağıntılarının və kənd təsərrüfatı heyvanlarına münasibətdə kimyəvi maddələrin təsirindən zəhərlənmə nəticəsində ölüm risklərinin aqrar sığorta üzrə təminat verilən risklərin tərkibinə daxil edilməsi nəzərdə tutulur. Bu qərarla günəbaxan, soya, yonca, noxud, yaşıl noxud, alça, albalı, alma, armud, çiyələk, ərik, gavalı, gilas, heyva, xurma, nar, şaftalı, zeytun, badam, qoz, soğan, kələm, qarpız, yemiş (qovun), pomidor, sarımsaq, darı bitkilərinin, həmçinin xırdabuynuzlu və ətlik istiqmətli iribuynuzlu heyvanlar aqrar sığortanın predmetinin tərkibinə əlavə edilir.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button