İqtisadiyyat

“Gömrük Komitəsi sahibkarları “soymaqla” məşğuldur”

“Azərbaycanda illərdir insanların ən çox narazı qaldığı qurumlardan biri Dövlət Gömrük Komitəsidir. Gömrükdən məhsul keçirmək istəyənlərdən alınan böyük məbləğdə vergi, inhisarçılıq və müxtəlif malların monopoliyasının həyata keçirilməsi insanların canını boğazına yığıb desək, yəqin ki, yanılmarıq”. Bu sözləri Demokrat.az-a açıqlamasında Ağ Partiya sədri Tural Abbaslı deyib. 
O bildirib ki, bu gün xalqı narazı salan qurumların ən önündə Dövlət Gömrük Komitəsi gəlir: “Gömrük Komitəsi əsasən orta və kiçik bizneslə məşğul olan sahibkarları “soymaqla”, onların fəaliyyətini çökdürməklə məşğuldur. Bu gün insanları narazı salan ən vacib məsələ öz şəxsi istifadələri üçün ölkəyə gətirdikləri mallara tətbiq olunan limitin 1000 dollardan 300 dollara salınmasıdır. Yüksək gömrük qiymətlərinin mövcudluğu, rüsumların hesablanmasında primitiv bazar üsulunun tətbiqi, Komitənin yazılmayan qanunlarla idarə olunması sahibkarları və sadə insanların canını boğazına yığıb. Biz partiya olaraq Dövlət Gömrük Komitəsinin fəaliyyətini kifayət qədər tənqid etmişik və bunu da davam etdiririk. Həm sadə vətəndaşların, həm iş adamlarının, həm də xarici vətəndaşların gömrükdən hər hansı bir mal gətirərkən yaşadığı problemlər hər kəsə məlumdur. Hətta, bir çox hallarda gömrük qayda-qanunlarında söz və ifadələr elə formada istifadə olunub ki, insanlar gömrük işçilərinin subyektiv təhlillərindən asılı olur. Malın gömrük rüsumunun müəyyən olunması ilə bağlı da bizə də kifayət qədər şikayətlər daxil olur”.
Partiya sədri əlavə edib ki, ümumiyyətlə gömrükdəki problemləri saymaqla bitməz: “Bütün gömrük rüsumları konkretləşdirilməmiş formadadır. Bu gün Dövlət Gömrük Komitəsi istər avtomobil, istərsə Azərbaycana gətirilən tikinti materialları, yaxud da digər qida və dərman məmulatları ilə bağlı qaydaları düzgün tənzimləməyib. Yəni prosedur qaydaları elə formada hazırlanıb ki, bunlar da Gömrük Komitəsinin işçilərinin əlini-qolunu açır və onların imkanlarını genişləndirir. Bunların bu qədər cəsarəti, qüdrəti, saymamazlığı kimlərdən aldığı isə məlum deyil. Hardandı bu gücün  mənbəyi? Bilinmir. Bunlar nə etmək istəyirlər? Təbii ki, bütün bunlar da sonda onların qanunsuz yığımlar etmələri üçün şərait yaradır”.
Tural Abbaslının sözlərinə görə, Dövlət Gömrük Komitəsinin yüksək vəzifəli məmurlarının hamısı kifayət qədər kapitala malikdirlər və milyonları var: “Təbii ki, bu dediklərim heç də sirr deyil. Dəfələrlə bununla bağlı mediada da kifayət qədər materiallar yayılıb. Ümumiyyətlə, hesab edirəm ki, bu sahənin fəaliyyətini tənzimləmək lazımdır. Azərbaycanda istehsal olunmayan məhsulların gömrük rüsumları minimuma endirilməlidir. Təklif edirəm ki, xaricdə alınan və vətəndaşların şəxsi istifadəsi üçün qoyulan 300 dollarlıq limit yenidən 1000 dollara qaldırılsın. Çünki Azərbaycanda heç bir məhsul istehsal olunmadığı halda, bu qədər yüksək rüsumun qoyulması məntiqsizdir”.
“Bu, vətəndaşların cibinin hesabına, vətəndaşların qazancı hesabına dövlət büdcəsini doldurmaq cəhdidir. Təbii ki, bu şişirdilmiş gömrük xidmətləri monopoliyanın qalmasına və yaranmasına xidmət edir. Yəni, siyasi-iqtisadi güc sahibi olan insanların gömrükdən rahat keçməsi, digər orta və kiçik biznes sahibkarlarının gömrükdə ilişib qalması və yüksək rüsum ödəməsi sayəsində monopoliya daha da inkişaf edir. Nəticədə böyük şirkətlər, iş adamları sərfəli qiymətə bazara məhsul gətirib çıxarır, amma orta kiçik biznes sahibkarları onu gətirə bilmir. Düşünürəm ki, bu sahədə sürətli və effektiv islahatlar aparılmalıdır. Və ümumiyyətlə, bu məhsulların rüsumların müəyyən olunması avtomatlaşdırılmalı və insan amilinə buraxılmamalıdır. Əks təqdirdə, bu, Azərbaycanda rifahın, inkişafın yaxşılaşmasına ümumi anlamda ziyan olacaq”, – deyə Ağ Partiya sədri qeyd edib.
Sözügedən ittihamlarla bağlı Dövlət Gömrük Komitəsinin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsinin rəisi Natiq Axundov ilə əlaqə saxlamağa çalışsaq da zənglərimizə cavab verməyib.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button