İqtisadiyyat

Neftin qiyməti 380 dollara qalxa bilər

ABŞ və Avropanın sanksiyalarına Rusiyanın cavab tədbirləri xam neft hasilatını azalda bilər. Bu zaman qlobal neft qiymətləri bir barrel üçün 380 dollarlıq fantastik həddə çatar. Nyu Yorkda mənzillənən, investisiya və maliyyə xidmətləri göstərən holdinq “JPMorgan Chase & Co.”nun xəbərdarlığında belə bildirilir.
“Bloomberg” yazır ki, holdinq analitikləri xəbərdarlıq edib.
Bildirib ki, “Yeddilik Qrupu” ölkələri Vladimir Putinin Ukraynadakı döyüş maşınının vintlərini sıxmaq məqsədilə bu ölkənin neftdən əldə etdiyi gəliri azaltmaqla, gələcək üçün mürəkkəb mexanizm hazırlayırlar: “Moskvanın möhkəm fiskal mövqeyini nəzərə alsaq, ölkə iqtisadiyyata həddindən artıq zərər vermədən gündəlik xam neft hasilatını 5 milyon barrel azaltmağa qadirdir”.
Xəbərdarlıqda bildirilir ki, dünyanın qalan hissəsi üçün nəticələr fəlakətli ola bilər.
Analitiklər yazır ki, gündəlik tədarükün 3 milyon barrel azaldılması London xam neft qiymətlərini 190 dollara çatdıra bilər. Ən pis ssenaridə isə neftin barreli 380 dollaradək qalxar.
“Qiymət həddi ilə bağlı ən açıq və ehtimal olunan risk Rusiyanın iştirak etməməyi seçməsi və bunun əvəzinə ixracı azaltmaqla qisas almasıdır”, – analitiklər yazır.
“Çox güman ki, hökumət Qərbə zərbə vurmaq üçün hasilatı azaldacaq. Hazırda isə qlobal neft bazarının sıxlığı Rusiyanın tərəfindədir”.
Fevralın 24-də Rusiya Ukraynaya qarşı hərbi müdaxiləyə başlayıb. Bunu pisləyən Qərb ölkələri və ABŞ Rusiyaya qarşı sanksiyalar tətbiq edib. Rusiya isə cavabında Qərb ölkələrinə maye qaz idxalını azaldıb. Avropa ölkələrinin bəziləri qaz çatışmazlığı ilə üz-üzə qalıb. Ən son açıqlanan sanksiyalar paketində isə Rusiya neftinin və qazının da adı keçir. Qərb ölkələri bu dəfə də Rusiyadan neft və qaz idxalını azaltmağa çalışır.
Meydan TV

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button