İqtisadiyyat

Postsovet məkanının ən varlı və kasıb dövlətləri: Azərbaycan neçəncidir?

1992-2021-ci illərdə  adambaşına düşən Ümumi Daxili Məhsul (ÜDM) həcminə görə keçmiş Sovet respublikalarının reytinq cədvəlində ilk üç yerdə Estoniya, Latviya və Litva qərarlaşıb.

Qonşu Rusiya 4-cü yerdədir. Qazaxıstan, Türkmənistan, Belarus, Azərbaycan isə növbəti yerləri paylaşır.

Bu barədə “VGraph” səhifəsi Dünya Bankının (World Bank) məlumat bazası əsasında infoqrafika hazırlayıb.

Son 30 ilin iqtisadi göstəricilərini əhatə edən bu cədvəldə Azərbaycan, Qazaxıstan, Türkmənistan, Rusiya kimi təbii sərvətlərlə zəngin ölkələrin təbii resursu olmayan Baltikyanı ölkələrdən sonra gəlməsi sosial şəbəkələrdə də sual doğurub.

Diqqət çəkən məqamlardan biri də, Azərbaycanın siyahıda irəliləməsinin məhz 2004-cü ildən sonraya, yəni ölkəyə neft gəlirlərinin daxil olduğu dövrə təsadüf etməsidir.

İqtisadçı Fərid Mehralızadə deyir ki, 2005-ci ildən ölkəyə neft gəlirləri daxil olduğu üçün ÜDM-nin həcmində də artım olub.

“Rəsmi rəqəmlərə görə, 2021-ci ildə neft sektorunun ÜDM-də ümumi payı 40%-ə yaxın olub. Ancaq digər tərfədən tikinti, xidmət sahələri  kimi qeyri-neft sektorlarının da ÜDM-də  artması birbaşa neft gəlirləri ilə bağlıdır. Çünki neft gəlirləri azalanda tikinti, ictimai iaşə sektorunda da birbaşa azalma olur”.

İqtisadçı bildirir ki, beynalxalq təşkilatlar hesablama apararkən milli valyutanı deyil, dollar valyutasını əsas götürürlər. Onun sözlərinə görə, Azərbaycanda 2015-ci ilə qədər manatın məzənnəsi güclüydü, 1 dollar 0.78 AZN-ə bərabər idi.

“2015-ci ildə devalvasiya baş verdi, manatın məzənnəsi dollardan 2 dəfə ucuzlaşdı. Dolayısı ilə adambaşına düşən ÜDM-də də manat üzrə ciddi azalma baş verdi.  2018-ci ildən sonra müəyyən canlama olsa da, 2020-ci ildə pandemiya başlayanda yenidən azalma qeydə alındı”.

O, siyahıda təbii resursları olmayan Baltikyanı respublikaların sərvətlərlə zəngin ölkələrdən qabaqda olmasını isə belə izah edir: “Baltikyanı ölkələrin hər 3-ü Avropa Birliyin üzvüdür. Qazaxıstan, Türkmənistan kimi resurslara malik olmaq həmin ölkərə imkan yaradır ki, sərvəti kapitala çevirə bilsin. Amma reytinqə əsasən demək olar ki, burada təbii resurslara malik olmaqdan daha çox,  gəlirləri necə idarə etməkdən söhbət gedir. Xüsusən Estoniyanın nümunəsində bunu görmək olar. Estoniyada  innovativ biznes ideyaları var, orada güclü informasiya texnologiyaları  sistemi qurulub. Həmin ölkələrdə iqtisadiyyatın daha açıq olması, təşəbbüsləri  reallaşdırmaq üçün şans olması neft-qaz resursları olmasa belə inkişafa şərait yaradan əsas amildir”.

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) professoru, iqtisadçı ekspert Elşad Məmmədovun sözlərinə görə, reytinqi yüksək olan Baltikyanı ölkələrin iqtisadi artımı xidmət sektoru hesabına baş verir: “Adı çəkilən Baltikyanı ölkələrdə sənaye tam deqradasiya olub, xidmət sahəsi inkişaf edib. Həmin Baltikyanı ölkələrdə əldə olunan gəlirin 40%-i vergiyə hesablanır. Bu gün həmin ölkənin ortastatistik vətəndaşı bir ailə üçün bizim valyuta ilə komunal xidmətlərə  təxminən 200 manat komunal haqqı ödəyir, ÜDM-də guya beləcə böyüyür”.

E.Məmmədov reytinqli ölkələrin siyahıda əvvəldə qərarlaşmasını bu ölkələrin  pul-kredit siyasətinin fərqli olması ilə izah edir.

“Estoniya, Latviya, Litva Avropa Birliyinə üzv dövlətlər olduğu üçün onların iqtisadi artımı əsasən, pul emissiyası, yəni borclanmanın hesabına baş verib. Birliyə üzv dövlətlərin ayrı-ayrı valyutları yoxdur, yalnız bir valyutaları var. O valyutada da mənfi faizlə emissiya edilir ki, iqtisadi artım təmin edilsin”.

İqtisadçı Baltikyanı ölkələrin müstəqil pul-kredit siyasəti apara bilmədiyini, onların pul-krediti siyasətinin Brüsseldə həll olunduğunu bildirir.

“Bizim Mərkəzi Bank  isə iqtisadiyyatı 9%-ə qədər maliyyələşdirdiyi halda Avropa Bankı bu ölkələri mənfi faizlə, o faizlə maliyyələşdirir. Buna görə də adıçəkilən ölkələrdə pul problemi, investisiya problemi yoxdur.

Avropa  Mərkəzi Bankı stimullaşdırıcı, Azərbaycan Mərkəzi Bankı isə sərt siyasət aparır. Əgər bizim Mərkəzi Bank da kommersiya banklarına 0 faizlə kredit versəydi, göstəricilər fərqli ola bilərdi.

Azərbaycanda ildən-ilə investisiya azaldığı halda, onlarda əks proses baş verir.  Çünki onlar iqtisadi artıma yönəlik pulk siyasəti yürüdürlər, bizim Mərkəzi Banksa iqtisadiyyatdan pulu geri çəkir. İqtisadiyyatdan pulu geri çəkdikdə artım ola bilərmi?”

İqtisadçı resursu olan digər ölkələrdə də vəziyyətin oxşar olduğunu bildirir: “Bu gün niyə deyirik ki, iqtisadiyyatımız şaxələndirilməli, qeyri-neft sektoru inkişaf etməlidir. Çünki Azərbaycanda pul kütləsi əsasən iki sahədədir: bank sektorunda və neft sektorunda. Xidmət sektorunda vəziyyət Rusiya ilə oxşardır. Rusiyanın Mərkəzi Bankı da Azərbaycan Mərkəzi Bankı ilə oxşar siyasət aparır. Buna görə də hər iki ölkə iqtisadiyyatının problemləri oxşardır”.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button