İqtisadiyyat

Təhsil Nazirliyi ilə FHN arasında 165 min manatlıq sövdələşmə

Qaynarinfo xəbər verir ki, müqavilənin maliyyə dəyəri 165 000 AZN-dir. “Azkommunalayihə” bu məbləğə Salyan Peşə Liseyinin əsaslı təmiri üzrə layihə-smeta sənədlərini hazırlamalıdır.
“Azkommunlayihə” 11 may 2000-ci ildə tarixdə yaradılıb. Nizamnamə kapitalı 2.72 AZN olan qurumun rəhbəri Qarayev Sahib Aslan oğludur.
Bir neçə il əvvəl Sahib Qarayevin adı 600 minlik dələduzluq olayında hallndırılırdı. Sadiq Mustafayev adlı iş adamı media vasitəsi ilə Prezident İlham Əliyevə və Fövqəladə Hallar naziri Kəmaləddin Heydərova ünvanladığı müraciətdə iddia edirdi ki, Sahib Qarayev və kürəkəni Əli Məlikov ona qarşı dələduzluq edib:
“Mənim “Azkommunlayihə” İnstitutunun direktoru Sahib Qarayevlə tanışlığım onun kürəkəni Məlikov Əli Faiq oğlu vasitəsilə olub. Əli ilə mənim dostluğum hələ gənclik illərindən – 1996-cı ildən başlayır. Sonradan onunla ailəvi dost olmuşuq, xeyrimiz-şərimiz bir olub. Yəni bu dostluğa görə bir-birimizə qarşı etibarımız, inamımız olub.
Ona gərə də, uzun illər dostluq etdiyim Əli Məlikov 2012-ci ilin sonlarında mənə birlikdə iş görməyi təklif edəndə, bunu bir dost təklifi kimi qarşıladım. O bildirdi ki, qayınatası ilə birlikdə Fövqəladə Hallar Nazirliyinin layihə işləri ilə məşğul olur, müxtəlif layihələr həyata keçirirlər. Təmir işləri, obyektlərin mebellə təchizatı, müəyyən ərazilərdə santexnika işlərinin görülməsi layihələri olur.
Əli dedi ki, bu layihələri həyata keçirməklə müəyyən qazanc əldə etmək mümkündür. Ancaq layihələri əldə etmək üçün əvvəlcədən pul vermək lazımdır. Mən də dedim ki, hazırda məndə belə bir işə qoşulmaq üçün pul yoxdur. Onda Əli mənə dedi ki, bir yerdən tap gətir, birlikdə iş görək, qısa müddətdə qazanıb borcumuzu qaytararıq. Mən də getdim dostdan-tanışdan bu pulu topladım”.
Sadiq Mustafayevin sözlərinə görə, o, qohumlardan, dost-tanışdan toplamaqla 3-4 dəfəyə Əli Məlikova 600 min dollar pul verib:
“Pulu verdikdən sonra xeyli müddət Əlidən bir xəbər çıxmadı. Mən də hər dəfə soruşduqda, “darıxma, bu həftə, gələn həftə düzələcək” deyirdi. Beləcə bir müddət keçdi. Mən də artıq narazılıq etməyə başlamışdım. Həm özümə, həm də borc götürdüyüm dostlarımdan birinə pul lazım idi. Əli Məlikova dedim ki, iş gecikirsə, pulun bir hissəsini qaytarsın.
Xeyli vaxt keçdikdən sonra bir gün Əli Məlikov gəldi ki, qayınatam Sahib Qarayev səninlə görüşmək istəyir, get onun yanına. Mən də getdim onun iş yerinə – direktoru olduğu ”Azkommunlayihə” İnstitutuna. Sahib Qarayev məni çox yaxşı qarşıladı. Dedi səninlə çoxdan görüşüb, tanış olmaq istəyirdim. Bütün məsələlərdən xəbərdar olduğunu bildirdi. Mənə dedi ki, narahat olma, hər şey mənim nəzarətimdədir, elə bil pulları mənə vermisən. Bundan sonra həmin pulun qarşılığında mənə müxtəlif işlər təklif etdi.
Dedi ki, mən çoxdandır sənin kimi adam axtarıram ki, bu işləri verim. Əlimdə çoxlu layihələr olur ki, onları həyata keçirməyə adamlar lazımdır. Hətta dedi ki, bir az tez gəlsə idin, Zaqatala-Balakən zonasında sel nəticəsində ziyan dəymiş evlərin təmiri ilə bağlı layihənin icrasını da sənə tapşırardım. Sonra bildirdi ki, başqa layihələr var, onların icrasını sənə tapşıracam”.
Sadiq Mustafayevin sözlərindən anlaşılır ki, Sahib Qarayev layihələri müəyyən “şərtlər” müqabilində verir. İş adamı deyib ki, Qarayevlə razılşasa da, sonradan məlum olub ki, bu, sadəcə onu aldatmaq üçün növbəti tryuk olub.
Həmin vaxt Sahib Qarayevin vəkili İkram Abdullayev iddiaları təkzib etmiş, institut direktorunun şantaj olduğunu bəyan etmişdi.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button