İqtisadiyyat

Un yenə bahalaşa bilər

Rusiyanın Ukraynaya qarşı başlatdığı hərbi əməliyyatlar bütün dünyanı ayağa qaldırdı. Ukraynaya siyasi dəstək nümayiş etdirən Qərb ölkələri və Amerika Birləşmiş Ştatları Rusiyaya ciddi sanksiyalar tətbiq etməyə başladı. Müharibədən çəkindirmə məqsədi daşıyan sanksiyalar Rusiya iqtisadiyyatına böyük zərbə kimi qiymətləndirilir. Sanksiyalar fonunda rusiyalı iş adamlarının ticari əməliyyatlarının və bu ölkənin xaricdəki bank hesablarının dondurulması külli miqdarda iqtisadi itkilərin yaranmasına zəmin yaradır.

Ekspertlər Rusiya vətəndaşlığını daşıyan iş adamları ilə bağlı həyəcan təbili çalırlar. Qonşu ölkədə bizneslə məşğul olanlar arasında azərbaycanlıların da olduğunu nəzərə alsaq, təəssüflə deyə bilərik ki, Rusiya-Ukrayna müharibəsi soydaşlarımızdan da təsirsiz ötüşməyəcək.

Bu barədə Modern.az-a danışan iqtisadçı ekspert Natiq Cəfərli bildirib ki, Rusiyaya qarşı kəskin sanksiyaların davamının gəlməsi qonşu ölkələrlə, o cümlədən Azərbaycanla ticari-iqtisadi əlaqələrə ciddi mənfi təsir göstərəcək.

Onun sözlərinə görə, Rusiyanın bütün banklarının beynəlxalq pul köçürmələr sistemi olan SWIFT-dən ayrılması qarşılıqlı pul köçürmələrini kifayət qədər azaldacaq: “Ən azından prosesi çətinləşdirəcək və çox ciddi problemlər yaradacaq. Azərbaycanla Rusiya arasında 3 milyard 200 milyon – 3 milyard 300 milyon civarında ticarət dövriyyəsi var. Biz Rusiyadan daha çox mal alırıq, nəinki satırıq. Amma kənd təsərrüfatı məhsullarını satdığımız bazar Rusiyadır. Sanksiya genişləndikcə, Rusiya bazarında satılan məhsulların pulunun ödənilməsi və pul köçürmələri çətinləşəcək”.

Ekspert bildirib ki, ikinci məsələ taxıl və unun qiymətləri ilə bağlıdır: “Müharibə fonunda taxılın qiymətləri yenidən bahalaşdı. Biz Rusiyadan ən çox taxıl alan ölkələrdən biriyik. İldə təxminən 700 min ton taxıl alırıq. Yəqin ki, taxılın qiymətinin artmasının şahidi olacağıq. Rusiya bizə daha baha qiymətə taxıl satmağa başlayacaq. Nəinki bizə, bütün dünyaya taxılı baha satacaq”.

N.Cəfərli xatırladıb ki, hazırda Rusiyada yüz minlərlə soydaşımız yaşayır, müharibə onların həyatından da təsirsiz ötüşməyəcək: “Onlar hər il yüz milyonlarla dollar Azərbaycanda yaşayan ailələrinə vəsait köçürürdülər. İndi rublun (rus pulu-red) dəyər itirməsi, ciddi devalivasiyanın olması, Rusiyada gəlirlərin azalması, iş adamlarının problemlərlə üzləşməsi onların da gəlirlərinə mənfi təsir göstərəcək. Deməli, dolayı ilə onların Azərbaycana göndərdiyi vəsaitin azalmasının şahidi olacağıq. Bu da ciddi problemdir. Çünki Azərbaycanda on minlərlə ailə var idi ki, Rusiyadan gələn pula möhtacdır. Sosial problemlərini o vəsaitlər hesabına həll edirlər. İndi həmin vəsaitin kəskin azalması ailələrin sosial durumuna da ciddi mənfi təsir göstərəcək. Yəni müxtəlif sahələrdə təsirlər var”.

“Müəyyən fürsətlər də var. Əgər dolayı yolla 3-cü ölkələr tərəfindən sanksiyalar olmasa, yəni Rusiya ilə ticarət əlaqələri tamamilə kəsilməsə,  hətta indiki şəraitdə logistik mərkəz olmaq üstünlüyündən istifadə edərək yükdaşımalarda və müəyyən ticarət əlaqələrində vəsait qazana bilər. Hər şey sanksiyaların hansı dərinlikdə tətbiq edilməsi və davam etməsindən asılı olacaq”, – deyə ekspert vurğulayıb.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button