İqtisadiyyat

Xaricdən alınan taxılın qiyməti kəskin artacaq

Ukrayna-Rusiya müharibəsi digər sahələrə olduğu kimi, kənd təsərrüfatı istehsalına da mənfi təsir göstərməkdə davam edir. Ukrayna və Hindistanda buğda ixracatına qoyulan qadağa taxıl məhsullarının bahalaşma riskini artırır. Qonşu İranda buğdanın qiyməti 10 dəfəyə qədər artıb. Bahalaşma ölkədə kütləvi etirazlara səbəb olub.

Bəs, Azərbaycanda buğdanın qiyməti arta bilərmi?

Bu barədə Modern.az-a danışan iqtisadçı Natiq Cəfərli söyləyib ki, Azərbaycan buğdanın 75%-ni xaricdən idxal edir. Bu baxımdan bahalaşma qaçılmaz olacaq: “Xaricdə qiymətlərin kəskin şəkildə artmasını görürük. Həm Ukraynanın buğda ixracatını dayandırması, həm Rusiyanın taxıl ixracatına müəyyən məhdudiyyətlər qoyması, həm də Hindistanın bir neçə gün öncə məhdudiyyətlərə qoşulması dünyada 1 ton taxılın qiymətini 450 dollara qədər bahalaşdırıb. Cəmi iki il əvvəl bu qiymət 180 dollar idi. Azərbaycan xaricdən asılı olduğu üçün xaricdən alınan buğdanın qiymətində kəskin artım müşahidə olunacaq. Çox güman ki, yaxın gələcəkdə bunun şahidi olacağıq. Unun, un məmulatlarının qiyməti də artacaq. Bununla bağlı ya çörək istehsakçılarına dövlət subsidyalar ayırmalıdır, ya da ki, onlar məcburiyyət qarşısında qiymətləri qaldırmalıdır”.

İqtisadçı qeyd edib ki, Ukraynadakı müharibə tezliklə bitsə də, taxılın ixracı üçün uzun müddət lazım olacaq: “Ukraynada bu gün müharibə dayansa, taxılın əkilməsi, biçilməsi, yığılması prosesi davam edir. Uzaqbaşı payızlıq buğdanın qiymətində müəyyən ucuzlaşma ola bilər. Ancaq payız aylarına qədər qiymətlərdə bahalaşma qalacaq. Təəssüflər olsun ki, yaxın zamanda müharibənin dayanacağı gözlənilmir. Ola bilər ki, Ukrayna payızlıq buğdanın əkinində gecikmələrə səbəb olsun. Eyni zamanda payızda da Ukraynadan dünyaya buğda ixracatı olmaya bilər. Bu da son 1 ildə taxılın qiymətinin baha olacağına işarədir”.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button