AraşdırmaManşet

Əli Həsənov Bakıya niyə qayıdıb?   

Prezidentin ictimai-siyasi məsələlər üzrə keçmiş köməkçisi Əli Həsənovun bu gün Bakıya qayıtdığına dair xəbər yayılıb. JAMAZ.İNFO xəbər verir ki, bir müddət əvvəl ürəyində problem olması və bu səbəbdən əməliyyat olunacağı adı ilə Türkiyəyə qaçan sabiq müşavirin qəfil Bakıya dönüşü bir sıra sullara yol açıb.

Qeyd edək ki, bəzi məlumatlarda Həsənovun rəsmi Bakının tələbi ilə saxlanılaraq, Azərbaycana gətirildiyi deyilir. Xüsusən də o vurğulanır ki, bu yaxınlarda həbs olunan KİVDF-in keçmiş rəhbəri Vüqar Səfərli işində onun adı hallanır. Belə ki,  5 milyon manatlıq yeyintidə ittiham olunan Səfərovun bu əməli təkbaşına deyil, Əli Həsənova birlikdə həyata keçirdiyinə dair iddialar var.

Bildirək ki, Əli Həsənovun adı təkcə, Səfərli işində keçmir. Həmçinin o, mediaya ayrılmış pulların mənimsənilməsində, bir çox jurnalistlərin həbs etdirməkdə, habelə mətbuatın bərbad hala salınmasında da günahlandırılır. Lakin bütün bunlara rəğmən, indiki məqamda onun Bakıya dönüşü və ya gətirilməsi məsələsi müəmma olaraq qalır.

Əsas sual budur ki, uzun müddətdir Türkiyəyə sığınmış Əli Həsənov nədən geri dönsün? Bu suala birmənalı cavab vermək asan olmasa da, ehtimallar üzərində fikir yürütmək mümkündür. Birinci ehtimal odur ki, Əli Həsənovun Bakıda çoxlu sayda biznesi və əmlakı var. Onların bir qisminin fəaliyyətinin dayandırıldığı, hətta bəzilərinin satıldığı bir neçə müddətdir mətbuatda xəbər olaraq yayılıb. Güman etmək olar ki, Həsənov Bakıya dönüşü ilə həmin əmlaklarını “əridib”, sonra da ölkəni birdəfəlik tərk etməyə hazırlaşır. Təbii ki, razılaşdırılmış şəkildə.

İkinci ehtimal odur ki, Əli Həsənov bütün ailə üzvlərini ölkədən çıxardaraq, onların təhlükəsizliyini təmin edib və Bakıya dönərək, hansısa formada mübarizə aparmaq niyyətindədir. Hərçənd bu ehtimal daha az inandırıcıdır. Çünki keçmiş müşavir həddindən artıq qorxaq xarakterli biridir və mübarizə aparmaq fikrində olsaydı, xarici ölkələrdən birinə sığınaraq, təhlükəsizliyini təmin etməklə bu işi görərdi. Yəni, belə bir niyyəti varsa, onu ölkə daxilindən deyil, xaricdən həyata keçirə bilər.

Üçüncü ehtimal isə ondan ibarətdir ki, həqiqətən də o, istintaqa ifadə vermək üçün çağırılıb. Amma bu ifadə təkcə, Səfərli işini görə olmaya da bilər. Mümkündür ki, daha ciddi fiqurlardan birinə qarşı cinayət işi açılıb və ya yaxın vaxtlarda açılacaq. Orada Əli Həsənovun verəcəyi ifadənin və onun prosesdə şahid qismində iştirakı zəruri hesab olunub. Bunun açması belədir ki, həmin fiqura qarşı ifadə verməklə, Həsənov həm də özünün təhlükəsizliyinə dair təminat alıb. Yəni, bir növ “alver” edib.

Sonuncu ehtimal isə onun həbsi edilə biləcəyi ilə bağlıdır. Bunun mümkünlüyünün özü də sual doğurur. Əvvəla, keçmiş müşavir geniş məlumata malik olmaqla yanaşı, həm də kompromat savaşlarının ustalarından biri hesab olunur. Bu özü riskdir. Ancaq mümkünsüz deyil.

Digər bir məsələ odur ki, Həsənovu indiyə qədər həbs etmək üçün yetərli qədər dəlil və sübutlar olduğu halda, onun sərbəst buraxılması, hətta xaricə çıxmasına imkanın yaradılması güman etməyə əsas verir ki, ortada razılaşma var.

Hərçənd Əli Həsənovun susacağı və ya sakit oturacağı da inandırıcı görünmür. Onun adı hətta ölkəni tərk etdikdən sonra bir zamanlar təmsil olunduğu komandaya qarşı addımlar atdığı və müəyyən informasiyaların dövriyyəyə buraxılmasında hallanır.  Üstəlik, uzun illər xidmət etdiyi hakimiyyət onu çox urvatsız şəkildə yola salmaqla, qıcıqlanmasına səbəb olub. Əgər həbs olunarsa, danışmayacağına da kimsə təminat verə bilməz.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button