AraşdırmaManşet

ABŞ Azərbaycana hərbi yardım məsələsinə yenidən baxacaq: Ağ Evi Bakıdan narazı salan nədir?

ABŞ Azərbaycana hərbi yardım edilməsinin məqsəduyğunluğu barədə davamlı olaraq müzakirələr aparacaq. JAMAZ.İNFO xəbər verir ki, bunu ABŞ-ın dövlət katibi Entoni Blinken Senatda çıxışı zamanı deyib.

O bildirib ki, məsələ ilə aktiv şəkildə məşğuldurlar. “Mən aktiv şəkildə bu məsələ üzərində çalışmışam. Əsasən də əsirlərin geri qaytarılması və münaqişənin real həlli yollarının tapılması istiqamətində. Düşünürəm ki, biz yaxın zamanda hərbi yardım göstərilməsi məsəsinə bir daha baxmalı olacağıq”.

Qeyd edək ki, Blinkenin bu açıqlaması heç də xoş təsir bağışlamır. Çünki bir müddət əvvəl Ağ Ev bəyan etmişdi ki, 1992-ci ildə qəbul edilmiş “907-ci düzəliş”i bir qədər təxirə salaraq, Azərbaycana hərbi yardım göstərilməsi prosesinə başlayacaqlar. Həmin yardımlar beynəlxalq terrorizmlə mübarizə və sərhədlərin möhkəmləndirilməsi istiqamətində olacaq. Lakin ABŞ Dövlət Katibinin son açıqlaması belə deməyə əsas verir ki, Ağ Evin Bakıyla razılaşmadığı məsələlər hələ də var. Xüsusən ötən gün Azərbaycana səfər edən amerikalı rəsminin görüşlərindən sonra belə bir açıqlamanın ortaya çıxması işlərin bir qədər tərs getdiyinə dəlalət edir.

Əsas sual budur: Hazırda ABŞ-ı düşündürən və ya hərbi yardım məsələsindən geri addım atmağa vadar edə biləcək nə baş verib?  Şübhəsiz, burada iki vacib amil var. Onlardan biri birmənalı olaraq Rusiya ilə münasibətlərdir. Çünki son dövrlər Azərbaycan daha çox Kremlin orbitinə daxil olmaqdadır və həmin orbitdə də görünür. Aydın məsələdir ki, Ağ Ev bu cür yanaşmadan məmnun deyil. Hələ bir müddət əvvəl prezident Baydenin Bakıya göndərdiyi məktubunda da açıq şəkildə təklif edilmişdi ki, əgər Azərbaycan tərəfi onlarla müttəfiq olarlarsa, bütün sahələrdə yardımlar ediləcək.

Görünən odur ki, Vaşinqtonun gözləntiləri özünü tam doğrultmayıb. Və hərbi yardım məsələsinə yernidən baxılması barədə son çıxış da hələ də gözləntinin qalmasına, rəsmi Bakının reaksiyasına hesablanıb.

İkinci faktor, Ççin amilidir. Respublika Günündən 4-5 gün sonra Azərbaycan Prezidentinə telefon açan və danışan Çin rəhbərinin konkret hədəflərinin olduğu dəqiqdir. Pekin hazırda bölgədə hakimi mütləq olmaq istəməsə də, istisadi cəhətdən birinci olmaqda israrlıdır. Bundan başqa, Azərbaycanın da içində olduğu ciddi və mühüm əhəmiyyətli kommunikasiya layihələrində əsas maliyyəçi tərəf kimi çıxış etməkdə ciddi cəhdlə çalışır. Elə son dövrlərin ən mühüm mövzularından olan “Zəngəzur Dəhlizi” məsələsi, habelə Pekindən Londona qədər uzanacaq yeni dəmir və avtomobil yollarının çəkilməsi layihələri birbaşa Çinin ağlının məhsuludur. Yəni, Pekin Şərqdən Qərbə qədər uzanacaq böyük bir yolun himayəçisi, maliyyələşdirən tərəfi, habelə yükdaşımalarda birinci olmaq istəyindədir.

Təbii ki, Vaşinqtonla Pekin arasında yaşanan gərginliklər fonunda baş verənlər, Azərbaycanın Çinlə yaxınlaşması Ağ Evin ürəyincə deyil. Üstəlik, bunu özləri üçün risk olaraq da görürlər. Nəzərə alaq ki, Azərbaycan təkcə Qərblə Orta Asiyasını birləşdirən regional oyuncu deyil, həm də İran və Rusiya ilə sərhəddə yerləşir, o zaman ABŞ belə bir ölkənin əldən çıxması onun maraqlarına cavab vermir.

Bundan sonrakı mərhələdə ABŞ-ın Azərbaycanla bağlı siyasətində ciddi dəyişiklil olacağı gözləniləndir. Bu dəyişiklilər təkcə, hərbi yardımın dayandırlması ilə məhdudlaşmayacaq ki, digər sahələri də əhatə edəcək. Amma vəziyyətin dəyişə biləcəyi ehtimalı da az deyil. Çünki iyunun 14-də Baydenlə Ərdoğanın görüşündən çıxacaq nəticələr də vəziyyəti dəyişə bilər.

Fərda Uğur,

JAMAZ.İNFO     

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button