CəmiyyətManşet

Adil Əliyev: “Qoy Mehdiyev “atvyorka Ramiz” ləqəbinə aydınlıq gətirsin” 

Milli Məclisin sədr müavini Adil Əliyev də AMEA prezidentinə cavab verib. O, “Qafqazinfo”ya göndərdiyi açıqlamasında bunları deyib: “Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti Ramiz Mehdiyev fəaliyyəti ilə bağlı haqlı irad və suallara cavab vermək əvəzinə nifrət və kin püskürür. Artıq neçənci dəfədir ki, elm ocağının saytından şəxsi məqsədləri üçün istifadə edərək xoşuna gəlməyən ictimai xadimləri, akademikləri, millət vəkillərini hədəf seçir, onların “saxta seçilmələrindən” danışıb, radikal müxalifətin dili ilə “avtobus müxalifəti” kimi terminlərdən istifadə edir”.

O qeyd edib ki, R. Mehdiyevin seçki komissiyalarının formalaşmasında birbaşa iştirakı olub: “Maraqlıdır, Ramiz Mehdiyevin hansısa millət vəkilinin seçilməsi və ya ümumilikdə seçkilərin nəticələrinə dair iradı var idisə, bunu Prezident Administrasiyasına rəhbər olduğu dövrdə niyə bildirmir və qarşısını almırdı? Axı seçki komissiyalarının formalaşmasında onun birbaşa iştirakı olub. Seçki nəticələrindən şikayətçi olan ayrı-ayrı namizədlərin Mərkəzi Seçki Komissiyasına müraciət etmək hüququ var. Ramiz Mehdiyev isə radikal müxalifətin dili ilə demək istəyir ki, Azərbaycanda seçkilər saxtalaşdırılıb. Şəxsən öz adıma deyirəm ki, 2005-ci ildən bu yana parlament seçkilərində iştirak edirəm, necə seçildiyimi dairəmdə yaşayan soydaşlarımdan öyrənə bilər.

Hər bir dövlət strukturu kimi parlamentin fəaliyyəti də tənqid oluna bilər. Ancaq illər boyu müxtəlif dövlət vəzifələrində çalışan birisinin Azərbaycanın qanunverici orqanına ləkə salmaq istəyini qətiyyətlə rədd edirəm. Cənab Mehdiyev tənqidçilərini bir-bir hədəf seçməkdənsə illərdir yığılan suallara cavab versin. Keçmiş illərdə internet üzərində xeyli populyarlıq qazanan “atvyorka Ramiz” ləqəbinə aydınlıq gətirsin. Saxtakarlıqdan danışan birisinin vaxtilə eks-deputatlardan birinin ona diplomatda çatdırıldığı deyilən rüşvətlə bağlı suala cavab versin. O zaman məsələdən yayındı, heç olmazsa indi məsələnin mahiyyətində nəyin dayandığını ictimaiyyətə izah etsin. İzah etmirsə, demək, məsələnin aydınlaşdırılmasında marağı yoxdur. Azərbaycan Beynəlxalq Universitetinin keçmiş rektoru Elşad Abdullayevlə əvvəlcə əlbir olan, daha sonra ona tələ quran da həmin Ramiz Mehdiyev idi. Elşad Abdullayevin qardaşının müəmmalı itkisində, meyidinin tapılmaması ilə bağlı suallar bu gün də aktualdır. Bu hadisə ilə bağlı Türkiyəyə qaçırılan Sevinc Babayeva adlı şəxsin zəhərlənərək öldürülməsi, Daxili İşlər Nazirliyində reket yuvası yaradan Hacı Məmmədov və onunla əlbir olanlar haqqında da Ramiz Mehdiyevin gizli saxladığı xeyli mətləb var. Ramiz Mehdiyev Prezident Administrasiyasından Daxili İşlər Nazirliyinin işinə də təsir edir, orada tərəfdar qrupu formalaşdırır, paqonlu dostlarını ətrafında toplayırdı. Böyük müəssisəyə rəhbərlik edən Zülfüqarov qardaşlarının müflis edilməsi, onların zavodlarının reket yoluyla əllərindən alınması və öz qohumu Rasim Məmmədovu həmin zavoda direktor təyin edilməsi “əməliyyatının” arxasında da Ramiz Mehdiyev dayanır. Bu məsələdə ədalət yerini tapıb, həbs edilən Rasim Məmmədov məhkəmə qarşısında cavab verəcək. İnanıram ki, Ramiz Mehdiyevin koordinə etdiyi başqa cinayətlərin də üstü yaxın müddətdə açılacaq”.

Adil Əliyevin sözlərinə görə, Ramiz Mehdiyev vaxtilə mətbuatı saymayıb: ““Quyruğu qapı arasında qaldığına görə” hazırda xarici radiostansiyalara üz tutub. Həmin radiolardan birinə verdiyi son müsahibədə ünvanına edilən tənqidlərə cavab olaraq deyib ki,  “insan təbiəti naqisdir”. Ramiz Mehdiyevi bilmirəm, keçmişində və bugünündə ləkəsi olmayan insan naqis ola bilməz. Ramiz Mehdiyev bu ifadə ilə hamımızı, o cümlədən torpaqlarımızın azad olunmasında şəhid olan qəhrəmanlarımızı təhqir etmiş olur. Azərbaycanda naqis insanlar varsa, onların liderliyinə əsas iddiaçılardan biri, heç şübhəsiz, Ramiz Mehdiyev olar.

Ramiz Mehdiyevin Elmlər Akademiyasının rəhbərliyindən uzaqlaşdırılmasına çağıranlara mən də qoşuluram. Akademiyada ciddi islahatlara, yeniliklərə, elmi ixtiralara ehtiyac var. Ramiz Mehdiyevin kriminal düşüncəsi yeniliklərə böyük səddir. Cənab Mehdiyev, istefa verin, ahıl yaşda kreslodan ikiəlli yapışmayın, imkan verin Elmlər Akademiyası adına uyğun fəaliyyətini bərpa etsin. Akademiyada qalsaz da, qalmasaz da, törətdiyiniz əməllərə görə cavab verməli olacaqsınız”.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button