DünyaManşet

Almatıda ordu ilə etirazçılar arasında silahlı toqquşma: Rusiya desant qoşunlarını göndərir  

Yanvarın 2-dən etibarən Qazaxıstanda başlayan etiraz aksiyaları səngiməyə başlayıb. JAMAZ.İNFO bildirir ki, yerli media bu gün səhər saatlarından etibarən bütün şəhərlərdə aksiyaların dayandığı barədə xəbər yayıb. Yalnız Almatı şəhərində durumun bir qədər kritik olduğu deyilir.

Yerli Telqram kanallarının yaydığı məlumata görə, bu gün səhər saat 04:00-dan etibarən Qazaxıstan Müdafiə və Daxili İşlər Nazirlikləri “antiterror əməliyyat”larına start veriblər. Almatı şəhərində başlayan hərbi müdaxilə ilk olaraq müqavimətlə qarşılaşıb. Belə ki, şəhərin mərkəzində toplaşmış 200-dən çox etirazçı hərbçiləri meydana buraxmaq istəməyib. Havaya açılan atəşin də təsiri olmayıb. Bu vaxt etirazçıların da silahlı olduğu üzə çıxıb və tərəflər arasında atışma başlayıb.

Gələn xəbərlərdə deyilir ki, atışma zamanı ölən olmasa da, yaralananların olduğu bildirilir. Qazaxıstan ordusu təcili olaraq Almatıdakı böyük meydana 50 ədəd hərbi texnika gətirib. Hazırda şəhərdə etiraz edənlərin hərbçilər tərəfindən mühasirəyə alınmasına çalışılır.

Bundan başqa, Qazaxıstandakı bütün dövlət idarələri tam nəzarətə götürülüb. Polis orqanının əməkdaşları isə həmin binaların mühafizəsini təşkil etməyə təhkim olunublar.

JAMAZ.İNFO xəbər verir ki, Qazaxıstanın prezidenti Kasım Comart Tokayev dünən gecə təcili olaraq, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına müraciət edərək, kömək istəyib. Hazırda KTMT-yə rəhbərlik edən Ermənistanın baş naziri Nikol Paşinyan gecə ilə açıqlama yayıb ki, təmsil etdiyi təşkilat sülhməramlı missiya şəklində Qazaxıstana ordu göndərməyə razılıq verib. O qeyd edib ki, bu missiya qısa müddətdə Qazaxıstanda fəaliyyət göstərəcək.

Rusiya isə artıq gecədən Qazaxıstana göndərəcəyi ordu hissələrini hazırlamağa başlayıb. Rusiya XİN-dəki mənbələrin verdiyi məlumata görə, Moskva Qazaxıstana ilkin mərhələdə Ulyanovski şəhərində yerləşən 31-ci Xüsusi Desant-Hücum və İvanovada qərarlaşmış 98-ci Hava-Desant Dviziyasını göndərməyi planlaşdırır. Bunun ardından isə Kreml Tula və Kostromski vilayətlərində yerləşdirilmiş Daxili Qoşunların xüsusi taborlarını da göndərəcək.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button