GündəmManşet

Arayik Moskva görüşündən öncə Paşinyanla niyə görüşüb?

Xəbər verildiyi kimi, Ermənistanın baş naziri Nikol Paşinyan bu gün Rusiyaya iki günlük rəsmi səfərə gedib. JAMAZ.İNFO xəbər verir ki, səfər zamanı iki ölkə arasında bir sıra sahələr üzrə əməkdaşlıq, bundan başqa Qarabağa dair indiyə qədər imzalanmış bəyanatların icrası məsələləri müzakirə ediləcək.

Qeyd edək ki, erməni siyasi cameəsi Paşinyanın Moskvada sənəd imzalayacağını iddia edir. Lakin onlar bu sənədin konkret olaraq nədən ibarət olacağı barədə məlumatsız olduqlarını bildirirlər.

Bu günlərdə isə başqa bir məsələ ortaya çıxıb. Ermənistanda nəşr olunan “İravunk” qəzeti yazır ki, Nikol Paşinyan Moskvaya səfərdən öncə Qarabağdakı separatçıların rəhbəri Arayik Harutyunyanla görüşüb. Qəzet iddia edir ki, Vitali Balasanyanla birlikdə İrvana gələn Harutyunyan Paşinyandan bəzi şeylər tələb edib. “Nikol Paşinyan Moskvaya getməzdən əvvəl Arayik Arutyunyan və Vitali Balasanyanla görüşüb. Arutyunyan Paşinyanla danışıqlarında deyib ki, Moskvada görüşlər zamanı Qarabağ “parlamenti”nin qəbul etdiyi bəyanatdakı vurğunu nəzərə alsın. Habelə Qarabağ məsələsində onlardan kənara çıxmasın”.

Bildirək ki, Qarabağdakı separatçılar son zamanlar ciddi şəkildə narahatdırlar. Onlar sonlarının yaxınlaşdığını artıq görürlər. Lakin bunu önləmək üçün müxtəlif klounluqlar edirlər. Məsələn, onlar guya, Qarabağdakı “siyasi qüvvələrlə” bir araya gəlib, nələrisə müzakirə edirlər. Arayik ara-sıra açıqlama verib, “Qarabağın təhlükəsizliyini rus sülhməramlıları ilə birlikdə həyata keçiririk” deyir. Bütün bunların hamısı isə iki məqsədə hesablanıb. Birinci məqsəd, daxili auditoriyaya hesablanıb ki, niyyətləri köçün qarşısını almaqdır. İkinci məqsəd isə “biz də varıq” deməyə çalışır və danışıqlarda tərəf olmağa cəhd edirlər. Lakin nə birinci, nə də ikinci məqsəd işə yaramır.

Belə ki, Qarabağdakı ermənilərin kütləvi köçü artıq çoxdan başlayıb. Azca imkan tapan erməni oranı tərk edib, ya İrəvana yerləşir, ya da Rusiyaya gedir. Bunu artıq İrəvandakı ermənilər də etiraf edirlər. Bildirirlər ki, belə davam edərsə, qısa müddətdə Qqarabağda erməni qalmayacaq. Digər tərəfdən, Fərrux hadisələri də göstərdi ki, Azərbaycan tərəfi Qarabağdakı separatçıların çıxarılması üçün sonadək addım atacaq. Ermənilərin hər nə qədər “qorxmayın” deməsinə baxmayaraq, əksər kəndlərin sakinlərin evlərini tərk edərək, İrəvana gedirlər. Çünki onlar yerlərdə real vəziyyəti görürlər.

İkinci məqsədə gəlincə, separatçıları heç kim, hətta Ermənistan belə tərəf kimi tanımır. Danışıqlar prosesində onların rəyini, fikrini nəzərə alan da yoxdur.  Heç bundan sonra onları nəzərə alan da olmayacaq. Ona görə ki, Azərbaycan tərəfi Qarabağın onun ərazisi olduğunu bəyan edib və daxili işlərinə kimsənin qarışmasına icazə vermədiyini bildirib. İndi separatçılar bütün həyasızlıqlara baş vuraraq, özlərini araya soxmağa cəhd edirlər ki, bunların da hamısı əbəsdir və Bakı heç vaxt onları tərəf olaraq danışıqlarda tanımayacaq.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button