AraşdırmaManşet

Bakı Qarabağdakı ermənilərin qazsız qalmasına görə məsuliyyət daşıyırmı?  

Xankəndi və ətrafında yaşayan ermənilərin qaz və elektrik problemi ilə üzləşməsi və bunu “humanitar fəlakət” kimi təqdim etmələri qeyri-adi bir şey deyil. Çünki ermənilərin hətta məlum problemləri yaranmasaydı belə, nəsə yeni bir şey tapıb, onun ətrafında qara-qışqırıq salacaqdılar. Necə ki, müharibədən sonra “mədəni irsimizi dağıdılır” kimi vay-şüvənləri hələ də davam edir.

Qarabağda yaşananlar nədir? Hələ martın 8-də Ermənistandan Qarabağa gedən qaz kəmərində qəza baş vermişdi. Ərazinin minalı (həmin minaları ermənilər özləri basıdırb), habelə hava şəraitinin pis olması səbəbindən Azərbaycan  tərəfi təmir işlərinə icazə vermirdi. Nəhayət, bir müddət sonra “Azəriqaz”ın əməkdaşları kəməri təmir edib, ermənilərə qaz verilişini bərpa etdilər. Lakin çox keçmədi ki, kəmərdə yenidən problem yaranıb.

Əvvəla burada bir neçə məsələni diqqətdən yayındırmaq olmaz. Birincisi, sözügedən qaz xətti 30 ilə yaxındır çəkilib və onun texniki istismar müddəti artıq başa çatmaq üzrədir. Yəni, kəmərdə qəzaların baş verməsi qeyri-adi məsələ sayılmamalıdır. İkincisi, həmin kəmərin sıradan çıxarılmasını ermənilər qəsdən həyata keçirə bilərlər ki, özlərini dünyaya “məzlum”, Azərbaycanı isə “aqressor” kimi göstərsinlər. Belə işlər onlardan çox çıxıb və bu səbəbdən də bu gün haray-həşir salmaları da elə onu deməyə əsas verir.

Bir başqa məsələ də odur ki, Azərbaycan və Ermənistan arasında Qarabağ və ya digər məntəqələrimizə qaz, elektrik və sairin verilməsi ilə bağlı heç bir müqavilə yoxdur. Yəni, Qarabağ Azərbaycan ərazisidir, oranın bütün təminat və təhcizatı Bakının üzərindədir. İndi həmin bölgəmizdə 5-10 min erməni yaşayır deyə, Ermənistanın müqaviləsiz, icazəsi qaz və ya elektrik enerjisi verməsinə göz yummaq olmaz. Əgər İrəvanın Qarabağ ermənilərinə ürəyi yanırsa, buyurub. Bakı ilə müqavilə bağlasın. Bu hal mövcud deyilsə, o zaman Azərbaycan tərəfi haqlı olaraq Qarabağda yaşayan ermənilərə Ermənistandan qaz və elektrik enerjisinin verilməsini dayandıra bilər və buna görə, kimsə ona irad tuta bilməz.

Bəzən belə bir iddia da irəli sürülür ki, rəsmi Bakı məqsədli şəkildə bu cür problemlər yaradır. Hərçənd bunun üçün heç bir əsas yoxdur. Lakin olsa belə, haqsız da deyil. Təsəvvür edin, ərazi Azərbaycanın, Bakı Qarabağda yaşayan ermənilərə vətəndaşlığı qəbul edib, digər xalqlar kimi yaşamağı təklif edir. Lakin müqabilində erməni tərəfi Ordumuzun mövqelərini atəşə tutur, təxribata əl atır, yük maşınlarımızın qarşısını kəsir və sairə. Bu azmış kimi, erməni tərəfi bölgədə yaşayan mülki şəxsləri də silahlandıraraq, onları da qanunsuz silahlı dəstələrə üzv edir. Belə olan təqdirdə, Azərbaycanın iki çıxış yolu qalır.

Birincisi, Qarabağda qanunsuz silahlı dəstələri zərərsizləşdirmək üçün antiterror əməliyyatına başlamaqdır. Bu istiqamətdə müharibədən sonra xeyli müzakirələr gedir. Azərbaycanın belə bir əməliyyat keçirməsi üçün yetərli hüquqi əsası var. Son günlərə cərəyan edən proseslər də təsdiq edir ki, rəsmi Bakı bu addımı atmaq üçün artıq son mərhələyə qədəm basmaqdadır.

İkincisi, Qarabağdakı erməni separatçı və terrorçularını təminatsız qoymaq və törətdiyi əmələ görə cəzalandırmaq məqsədi ilə Ermənistandan qaz və elektrik enerjisinin verilişini dayandırmaqdır. Bunu bəziləri “qeyri-humanist addım”  kimi qiymətləndirə bilər. Amma bu yanaşmalarında haqsız olduqlarını özləri də yaxşı bilirlər. Ona görə ki, söhbət terrorçulardan və separatçılardan gedir. O terrorçulardan ki, mütəmadi olaraq təxribatlara əl atırlar. Hərçənd Azərbaycan tərəfi dəfələrlə onlara silahı yerə qoymaları barədə xəbərdarlıq edib. Digər amil də odur ki, Azərbaycanın Ermənistanla məlum məsələlərlə bağlı hər hansı rəsmi müqaviləsi mövcud deyil. Yəni, İrəvandan Xankəndinə qaz verilməsi qanunsuzdur və bu qanunsuzluğu da aradan qaldırmaq üçün Azərbaycan tərəfi zəruri addımlar atmağa borcludur.

Ümumilikdə götürsək, Azərbaycanın Qarabağda yaşayan ermənilərə münasibəti həddindən artıq humanistdir. Çünki heç bir ölkə öz daxilində açıq separatçılıq və terrorçuluqla məşğul olan hər hansı bir dəstəyə qarşı Bakı kimi tolerant yanaşmaz. Dünya praktikasından da məlum olan odur ki, əgər ortada separatizm və ya terrorçuluq varsa, istənilən dövlət buna qarşı ən sərt vasitələrdən istifadə edib. Məsələn, İspaniya hökuməti Kataloniyadakı “müstəqillik tərəfdarları”nın heç də başını sığallamadı. Eyni şeyi digər hadisələrə də şamil etmək olar.

Bütün bunların yekunu odur ki, Qarabağda yaşayan ermənilər qazsız və elektrik enerjisiz qalıblarsa, burada Azərbaycanı günahlandırmaq yersizdir. Məsələni hansı tərəfə çevirsələr, yenə də haqlı tərəf Azərbaycan olacaq. Ona görə ki, Bakı öz ərazisində açıq şəkildə separatçılıqla və terrorçuluqla məşğul olan, habelə vaxtaşırı təxribatlara əl atıb, əsgərlərimizin həyatını təhlükəyə salan, konkret cinayətlə məşğul olan bir dəstəni bu və ya digər formada cəzalandırmalı və problemi kökündən həll etməlidir. Burada “Qarabağda dinc ermənilər də yaşayır” deyənlərə cavab olaraq onu bildirək ki, əgər həmin ermənilər dinc şəkildə yaşamaq istəyirlərsə, Azərbaycanın bununla bağlı konkret təklifi var. Həmin təklifi qəbul edib, istədikləri qədər dinc şəraitdə yaşaya bilərlər. Əks təqdirdə, Azərbaycan onun vətəndaşlığını qəbul etməyən, ərazisinə iddia edən, habelə konkret cinayətlə məşğulı olan və ya cinayətkarlarla əlbir olan, bu da azmış kimi onun vətəndaşları olmayan və təklif olunan vətəndaşlıqdan imtina edən Qarabağdakı ermənilərin hansı şəraitdə yaşamasına nə cavabdehdir, nə də məsuliyyət daşıyır.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button