AraşdırmaManşet

Bizi gözləyən təhlükələr: Nə etməli?

Pandemiya, ardından Ukrayna müharibəsi dünyada ciddi iqtisadi problemlərin meydana çıxmasına səbəb olub. Xüsusən də ərzaq təminatı ilə bağlı istər iri dövlətlərdən, istərsə də qoşularımızdan yaxşı xəbərlər gəlmir.

Bu gün Ermənistan bir sıra ərzaq məhsulları üzrə qıtlığın yarandığını, ehtiyat yaratmaq üçün əlavə mənbələr axtardıqlarını bəyan edib. Gürcüstan isə əksər ərzaq məhsullarının ölkədən çıxarılmasına qadağa qoyub.

İranda da durum yaxşı deyil. Cənub qonşumuzda bir çox ərzaq məhsulları getdikcə azalır. Payıza kimi, anbarları doldura bilməsələr, qışda İran əhalisini ciddi böhran gözlədiyini rəsmi Tehran da etiraf edir.

Hələlik bu sahədə nisbətən sabit ölkələr Rusiya və Qazaxıstandır. Dünyanın iki aparıcı taxıl istehsalçısı olan bu ölkələr də ehtiyatlı davranmağa çalışırlar. Düzdür, etni şeyi Rusiya haqqında demək çətindir. Çünki Moskva qlobal ərzaq böhranını məqsədli şəkildə yaradır. Bir tərəfdən, özünün istehsal etdiyi taxıl və taxıl məhsullarını ya satmır, ya da o qədər baha qiymətə təklif edir ki, əsas alıcılar alternativ variantlar axtarmağa məcbur olurlar. Digər tərəfdən isə Ukrayna taxılı və digər dənli bitkilərinin satışına imkan vermir. Müharibə səbəbindən milyonlarla ton taxılın anbarlarda qaldığını Kiyev də təsdiq edir. Rusiya isə işğal etdiyi Ukrayna ərazilərindəki bu məhsulları oğurlayaraq, öz məhsulu kimi başqa ölkələrə baha qiymətə satmaqdan çəkinmir. Bu yaxınlarda Türkiyədə saxlanılan taxıl dolu gəminin məsələsi də bunu təsdiq edir.

Azərbaycanda da vəziyyət yaxşı deyil. Hələlik bahalaşma fonunda ərzaq qıtlığı hiss olunmur. Lakin payıza doğru durumun ağırlaşacağı şübhəsizdir. Elə bir müddət əvvəl president İlham Əəliyev də çıxışlarından birində bəyan etmişdi ki, dünyada qlobal ərzaq qıtlığı problem baş qaldırıb. Bəs, rəsmi Bakı bunun üçün hansı addımları atır və ya ata bilər?

Rəsmi məlumatlardadeyilən odur ki, “narahatlıq üçün əsas yoxdur, hər şey nəzarət altındadır”. Lakin bu quru sözdən başqa bir şey deyil. Madam ki, hər şey nəzarət altındadırsa, ərzaq məhsullarının sürətli şəkildə bahalaşmasının qarşısı niyə alınmır?

İlkin məlumatlar odur ki, Azərbaycan payız-qış ayları üçün taxıla olan ehtiyaclarının bir qismini Rusiyadan alacağı məhsullar hesabına ödəmək fikrindədir. Hazırda taxılın bir tonun 437 dollara təklif edən Rusiyanın, payız və qışda qiymətləri qaldıracağı isə şübhə doğurmur. Ona görə də, Bakı Astanaya üz tutub, Qazaxıstanla bu məsələdə anlaşmaq istəyir. İndiyə qədər taxıla olan ehtiyacımızın yalnız 3 faizə qədərini qarşılayan Qazaxıstanla bu alış-verişin həcmini 15-20 faizə qaldırmaq niyyətlərinin olduğu diqqəti çəkir.

Həmçinin hökumət işğaldan azad edilmiş ərazilərimizdə əkdiyi taxıldan böyük miqdarda məhsul götürəcəyini düşünürdü. Belə məlum olur ki, 200 min hektara yaxın ərazidə əkilən taxıldan hər hektar üçün 70 sentner məhsul götürməyə planlaşdıran Bakının, proqnozları özünü doğrultmayıb. Belə ki, bu rəqəm ən yaxşı halda 50 sentiner təşkil edib. Yəni, ən azı 1.4 milyon ton taxıla ümid edən Azərbaycan hökuməti, ən yaxşı halda 900 min-1 milyon ton taxılla kifayətlənməli olub.

Nəzərə alaq ki, Azərbaycanda yetişdirilən taxılın heç də hamısı ərzaq üçün yararlı hesab olunmur. Daha çox quş yemi və digər bu qəbildən olan məhsulların alınmasına yarayan yerli taxıl, uzun müddət Rusiya və Qazaxıstan, qismən isə Ukrayna bazarlarına üz tutmağımıza səbəb olub. Yyeni növlərin yetişdirilməsi isə hökumətin yadına düşməyib. Qarabağda əkilən taxıl növünün isə yeni sort olduğu deyilsə də, onun da hamısının un və un məmulatları almağa yararlı olmadığına dair bilgilər var.

Söhbət təkcə, taxıldan getmir. Ölkə üçün zəruri olan digər ərzaq məhsullarına da ciddi təlabat var və onun da ehtiyatlarının tükənmək riski böyükdür.  Məsələn, bitki yağları, makaron, süd və süd məhsulları, habelə digər məhsullar da buraya daxildir. Güman etmək olar ki, Ukrayna müharibəsi davam edərsə, ilin sonuna piştaxtalardan bir çox məhsulların yoxa çıxması qaçılmaza çevriləcək.

Bəs, hökumət nə etməlidir? Təbii ki, bu suala peşəkar iqtisadçılar cavab versələr daha məqbul sayılar. Lakin öz təcrübəmizdən çıxış edərək onu deyə bilərik ki, ən geci bu ayın sonuna kimi, Azərbaycan hökuməti vəziyyətdən çıxmaq üçün qısa müddətli, orta müddətli və uzun müddətli planını açılamalıdır.

Qısa müddətli tədbirlər planında idxal olunan ərzaq məhsullarına tətbiq olunan ƏDV və digər vergilər ləğv edilməlidir. Və ya ən minimum həddə, 2-3 faizə salınmalıdır. Bu həm xaricdən alınan ərzaq məhsullarının ucuz başa gəlməsinə, həm də daxili bazarda qiymətlərin enməsinə gətirib çıxara bilər. Eyni zamanda, həmin məhsulları gətirən iş adamlarının da həvəslənməsinə, yeni bazarlar tapmaq üçün addımlar atmasına səbəb olar.

Orta müddətli tədbirlər planı isə bir sıra zəruri ərzaq məhsullarının yerli imkanlar hesabına əldə edilməsinə nail olmaqdır. Buraya kənd təsrrüfatının yenidən qurulması, mal və məhsul istehsalına xüsusi diqqətin yetirilməsi, dövlət tərəfindən dotasiya və subsidiyaların ayrılması, emal sənayesinin qurulmasının təşkili və sair daxildir. Eyni zamanda, istehsalçı olan kəndlinin bazaar asan çıxışı da təmin olunmalıdır ki, həm mal bolluğu, həm də qiymətlərin enməsinə zəmin yaratmaq mümkün olsun.

Təbii ki, Azərbaycan hökuməti neft və qazın pullarına güvənərək, indiyə qədər bu istiqamətdə demək olar ki, heç bir ciddi addım atmayıb. Bu illər ərzində enerji daşıyıcılarının xam şəkildə satışından əldə olunmuş gəlirlərin düşgün şəkildə xərclənməməsi də bir ayrı problemdir. Məsələnin mahiyyəti budur ki, hökumət gələcəyi düşünmək yerinə, öz maraqlarını önə çəkərək, həmin pullardan şəxsi məqsədləri üçün istifadə edib. Elə bu səbəbdəndir ki, ölkədə məmurlar sürətlə varlandığı kimi, əhali də sürətlə yoxsullaşmağa başlayıb.

Orta müddətdə emal sənayesi və yeni istehsal sahələrinin yaradılmasının da asan iş olmayacağı istisnadır. Lakin yaza qədər bu addımların atılmasının vacib olduğunu deməyə də gərək yoxdur.

Uzun müddətə tədbirlərdə isə hökumət kompleks addımlar atmağa borcludur. Neft və qazdan əldə olunan pulların daşa, divara, parkların salınmasına və digər mənasız işlərə xərcləməkdənsə, yeni istehsal sahələrinin yaradılması, sahibkarların qarşısındakı əngəllərin aradan qaldırılması, inhisarçılığın ləğv edilməsini həyata keçirməlidir. Əks təqdidə, gələcəkdə indikindən daha ciddi problemlə üzləşməli olacağıq.

Bir vacib sualı da diqqətinizə çatdırım. 2000-ci illərin əvvəlində Türkiyəni iqtisadi böhrandan Kamal Dəvriş çıxardı. Məhz onun hazırladığı konsepsiya sayəsində Türkiyə iqtisadiyyatı inkişaf yoluna qədəm qoydu, ciddi katakalizmlərdən xilas oldu. Sizcə, Azərbaycan hökumətində Kamal Dərviş kimi biriləri varmı? Hərçənd hökumətin üst və alt qatlarına baxdıqda, çoxlarının Qərbin aparıcı universitetlərində oxuduqlarını görə bilirik. Lakin onların Kamal Dərviş olma ehtimalları azdır.

Bəli, kənarda ölkə iqtisadiyyatını qura biləcək, idarə edəcək, sistemli şəkildə inkişaf etdirməyi bacaran iqtisadçılar var. Bu gün inadı yerə qoyaraq, həmin iqtsadçıları dəvət etmək çox böyük faydalara vəsilə ola bilər. Lakin hökumətin həmin peşəkarları yaxın buraxacağı inandırıcı görünmür.

Beləliklə, bizi qarşıda üç mühüm problem gözləyir. Birincisi, qlobal ərzaq böhranıdır ki, buna ciddi hazırlaşmağımız lazımdır. Yoxsa, ölkə əhalisi aclıq təhlükəsi ilə üz-üzə qala bilər.

İkincisi bölgədə müharibə riskinin hələ də qalmasıdır. Ermənilərin davranışları, danışıqlar prosesini pozmaq üçün müxtəlif vasitələrdən istifadə etməsi hərbi toqquşmaların baş vermə ehtimallarını artırır.

Üçüncü məsələ isə pandemiyadır ki, bu problem olsa da, ikinci dərəcəli məsələ hesab olunmalıdır. Ona görə ki, Azərbaycan koronavirus pandemiyasının ağır mərhələsini keçib. Yeni mərhələdə isə çox ciddi çətinliyin olacağı inandırıcı deyil.

Fikrət Fəraməzoğlu

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button