ManşetSiyasət

“Boz kardinal”dan hakimiyyətə “yaylım atəşi”

Milli Elmlər Akademiyasının prezidenti Ramiz Mehdiyev barəsində səslənən ittiham və tənqidlərə sərt reaksiya verib.

JAMAZ.İNFO xəbər verir ki, qurumun saytında “AMEA mətbuat xidmətinin məlumatı” başlığı altında paylaşılan yazıda  Azərbaycan hakimiyyətini sərt tənqid edib:

Mehdiyevin cavabını olduğu kimi təqdim edirik:

Son günlər bəzi KİV-lərdə AMEA-ya və şəxsən onun prezidenti akademik Ramiz Mehdiyevə qarşı növbəti qaralama və böhtan kampaniyası həyata keçirilməkdədir. Açıq-aşkar sifariş mahiyyəti daşıyan və diqqəti son vaxtlar ölkə gündəmini məşğul edən taleyüklü problemlərdən yayındırmağa hesablanmış bu tamaşanın birinci pərdəsində əsas rollar xalq arasında daha çox “avtobus, yaxud cib müxalifəti” kimi tanınan müxtəlif partiya liderləri, eləcə də Milli Məclisin ənənəvi növbətçi trolları olan Fəzail Ağamalı və Etibar Əliyev kimi saxta deputatlarına ayrılmışdı. Maraqlıdır ki, Fəzail Ağamalı Ramiz Mehdiyevə AMEA prezidenti postundan getməyi məsləhət görür, lakin özü nədənsə 2020-ci ilin parlament seçkilərində seçicilər tərəfindən rüsvayçılıqla qovulduğunu yada salmaq istəmir. Axı bütün Azərbaycan onun hansı biabırçılıqla deputat seçildiyinin şahidi olub. Yaxşı olardı ki, Fəzail Ağamalı baş verənlərdən sonra ümumiyyətlə danışmasın və seçicilərin “rədd ol” çağırışına əməl edib, özünü buraxmış parlamentin bir üzvü kimi kürsüsünü üzüsulu təhvil verib, xalqdan üzr istəyərək birdəfəlik Azərbaycanın ictimai-siyasi həyatından yox olsun. Etibar Əliyevə gəlincə isə o, elə bir məşhur personajdır ki, haqqında uzun-uzadı danışmağa belə lüzum yoxdur. Etibar Əliyev də həmkarı Fəzail Ağamalı kimi Milli Məclisə biabırçı şəkildə düşüb. Digər tərəfdən bu adamın pul müqabilində illərlə ona-buna qarşı sifarişli yazılar yazdığı, böhtanlar atdığı bilinən bir həqiqətdir. Etibar Əliyev öz mahiyyəti və davranışı etibarı ilə daha çox Üzeyir bəy Hacıbəyovun “O olmasın, bu olsun” əsərindəki 5-10 manat qarşılığında hər kəsi ləkələməyə hazır olan saxta qələm sahibi Rzaqulu bəyi və Əbdürrəhim bəy Haqverdiyevin “Ac hərflər” əsərində “İftira” qəzetinin tənqidi və tərifi bir kotlet müqabilində alınıb-satılan müxbirini xatırladır. Fərq yalnız ondan ibarətdir ki, bu iftiraların daha ucadan səslənməsi üçün Etibar Əliyevi millət vəkili təyin edib ona ciddi don geyindirməyə çalışıblar, ancaq görünən odur ki, bunu bacarmayıblar. Yeri gəlmişkən bir neçə gün bundan öncə “Xural TV” internet televiziyasının rəhbəri, tanınmış jurnalist Əvəz Zeynallı Etibar Əliyevin kəsb etdiyi mahiyyət və məzmun haqqında olduqca sərrast ifadələr səsləndirdi və hesab edirik ki, həmin fikirlərə nə isə əlavə etməyə də lüzum yoxdur.

RAMİZ MEHDİYEV

Ramiz Mehdiyevin vasitəsilə gündəmi dəyişmək

“Cib müxalifəti” kateqoriyasına aid olan partiya rəhbərlərinin də akademik Ramiz Mehdiyevin vasitəsilə gündəmi dəyişmək cəhdləri cəmiyyətdə gülüş doğurub. Məsələn, onlardan biri, öz çıxışlarında daim vurğulayır ki, guya Azərbaycanda rus məktəblərinin açılması və genişlənməsi Ramiz Mehdiyevin işidir. Həmçinin onu da əlavə edir ki, öz övladlarını rus məktəblərinə qoyan azərbaycanlılar da xainlər, milli satqınlardır. Əvvəla onu deyək ki, Azərbaycan təhsilinin tarixi ilə ən azı məktəb kursu səviyyəsində tanış olanlar yaxşı bilirlər ki, ölkəmizdə rusdilli məktəblərin açılmasının tarixi Çar Rusiyası ilə bağlıdır. Sovet dövründə isə bu ənənə bir qədər də möhkəmlənmiş və bütün ölkəni əhatə etmişdi. Azərbaycan dövlət müstəqilliyini qazandıqdan sonra da rusdilli məktəblər ləğv edilməyib və öz fəaliyyətlərini davam etdiriblər. Bunun yaxşı, yaxud pis bir hal olduğuna qiymət vermək istəməzdik. Ancaq bu məktəblərin mövcudluğu və populyarlığı faktdır. Bunun səbəblərini isə yaxşı olar ki, təhsil ekspertləri, ziyalılar, alimlər müzakirə etsinlər və obyektiv, gerçək mənzərəni ortaya qoysunlar. Rusdilli məktəblərin ətrafında siyasi spekulyasiyalarla məşğul olub, onları Ramiz Mehdiyevə, yaxud başqa bir şəxsə bağlamaq absurddur. Bu gün biz bir sualın cavabını tapmalıyıq – görəsən, Azərbaycandilli məktəblər, onların perspektivi vətəndaşlarımız üçün hansı səbəbdən cəlbedici görünmür? Verilən sualın cavabını tapsaq, məsələnin əhəmiyyətli hissəsini həll etmiş olarıq.

O ki qaldı rusdilli məktəblərdə təhsil alan azərbaycanlıların milli satqın olduğuna dair fikrə, bu da tam mənada bir sayıqlamadır. Belə çıxır ki, ölkə rəhbərliyində təmsil olunan və övladları rus bölməsində təhsil almış, yaxud alan şəxslərin hamısı vətən xainləridir. Bu məntiqlə ölkənin siyasi elitasının əksəriyyəti, onların övladları potensial vətən xainləri kimi damğalanmalı və həbs edilməlidir. Belə düşüncədə olan şəxsdən sağlam təfəkkür, Vətənə və millətə hər hansı fayda gözləmək olarmı? Bu adamlara qulaq asdıqca qeyri-ixtiyari da olsa yada Samuel Consonun “Millətçilik yaramazların sonuncu sığınacağıdır” sözləri düşür. Efirlərdə ağzı köpüklənərək rus bölməsində təhsil alan azərbaycanlılara hücum edən həmin psevdomüxalifətçilər rus bölməsində yetişmiş Azərbaycanın görkəmli şəxsiyyətlərinin elmimizə, mədəniyyətimizə, səhiyyəmizə, idmanımıza, ictimai-siyasi həyatımıza verdiyi misilsiz töhfələri yada salsın. Bu görkəmli insanlardan fərqli olaraq, efir saatlarını doldurmaq üçün müvəqqəti olaraq ortaya atılan həmin təsadüfi adamlar Azərbaycana zərərdən başqa heç bir şey verməyəcəklər. Belə şəxslərin vəzifəsi ara-sıra efirlərdə peyda olub hay-küy salmaq, müxalifət və söz azadlığı imitasiyası yaratmaq, həmçinin müəyyən qüvvələrin maraqlarına müvafiq şəkildə gündəmi dəyişməyə çalışmaqdır. Belə adamların tərifi də, tənqidi də icazəlidir, limitlidir. Onlar azad deyillər, öz iradələrilə danışmırlar. Azad olmayan insan başqalarına necə azadlıq gətirə bilər ki? Bu düşüncədə olanların diqqətinə çatdırırıq ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin təşəbbüsü ilə Bakıda Lomonosov adına Moskva Dövlət Universitetinin və Seçenov adına Tibb Universitetinin filialları açılıb, onların fəaliyyəti də ictimaiyyət tərəfindən yüksək qiymətləndirilir. Hesab edirik ki, bu, çox uğurlu təşəbbüsdür və bizim gənclərimiz elmin sirlərinə bütün mümkün kanallarla sahib olmalı, inkişaf etməlidirlər. Mağara millətçiliyi xalqı ancaq tənəzzülə apara bilər. Sağlam rasional millətçilik isə elmə, təhsilə, dünya təcrübəsindən bəhrələnməyə yol açır.

Akademik Ramiz Mehdiyevə qarşı təşkil edilmiş qarayaxma

Akademik Ramiz Mehdiyevə qarşı təşkil edilmiş qarayaxma tamaşasının ikinci pərdəsində isə səhnəyə AMEA-nın özünə alim deyən, ancaq Azərbaycan elminə zərrə qədər də xeyri dəyməyən bəzi obrazları çıxarılmışdır. Əslində, bu cür adamlara cavab vermək də doğru deyil. Çünki, sifarişlə təşkil edilən kampaniyaya cəlb edilmiş şəxslərin kimliyi akademik Ramiz Mehdiyevin lehinə işləyən amil idi. Azərbaycan xalqı bu gün AMEA prezidentinə riyakarcasına hücum edən həmin şəxslərin dəfələrlə müxtəlif cildlərə girdiyinin şahidi olub. Dünən Ramiz Mehdiyevin kitablarının təqdimatında danışmaq üçün sıraya düzülən, məclislərdə, qəzet səhifələrində ona mədhiyyələr oxuyan insanların bu gün hücum çəkməsi bu kampaniyanı təşkil edənlərin səriştəsizliyindən xəbər verir. Öz məqsədləri üçün sözügedən şəxslərə ümid bəsləyən dairələr bununla da bəri başdan hazırladıqları planlarını məhvə məhkum ediblər. Biz bunu mətbuat səhifələrindən, sosial şəbəkələrdən də görə bilərik. Dünən akademik Ramiz Mehdiyevə yaltaqlanıb, bu gün üzərinə hücum edənlər ağızlarını açan kimi, ictimaiyyət dərhal onlara keçmişlərini, kim olduqlarını xatırladır. Şüşə evdə oturub başqasına daş atmaq həqiqətən də səfehlikdir.

Bir nümunə ilə – Musa Qasımlı ilə kifayətlənəcəyik. Bütün AMEA Ramiz müəllimin PA rəhbəri olarkən bu şəxsin onun ünvanına söylədiyi hədsiz-hüdudsuz təriflərin şahididir. Azərbaycan mətbuatının arxivi, internet Musa Qasımlının Ramiz Mehdiyev barəsində müxtəlif vaxtlarda səsləndirdiyi bər-bəzəkli təriflərlə doludur. Həmin təriflər bu gün fərqli cildə girmiş Musa Qasımlıya tutarlı sillə vuran arqumentlərdir. Bəs Musa Qasımlı kimdir? O, uzun müddət ənənəvi müxalifət sıralarında hazırkı iqtidara, Ümummilli lider Heydər Əliyevə qarşı açıq şəkildə çıxış edən, mövcud hakimiyyəti düşmən sayan biri olub. Ancaq çox keçmir ki, vəzifə hərisliyi, nəfs Musa Qasımlıya güc gəlir və o, keçmiş əqidə yoldaşlarından asanlıqla imtina edir.

İqtidar tərəfdarı olub deputat seçildikdən sonra da Musa Qasımlı özünü yalnız şəxsi maraqlarının müdafiəçisi kimi aparıb. Deputat vəzifəsinin imkanlarından istifadə edərək öz övladlarını yüksək maaşlı dövlət orqanlarına işə düzəldən Musa Qasımlı Milli Məclisdə bir dəfə də olsun AMEA-nın problemlərini, alimlərin məvacibləri məsələsini qaldırmayıb. Rahat deputat kreslosunda əyləşdikdən sonra onu ancaq bir məsələ maraqlandırıb – həmin kürsünü qorumaq. Həmkarlarının problemləri isə onu ümumiyyətlə düşündürməyib. İndi isə bu adam qəflətən alimləri, elmi düşünən qayğıkeş ziyalı obrazında çıxış etməyə başlayıb.

İndi isə keçək Arxeologiya, Etnoqrafia və Antropologiya İnstitutunun keçmiş direktor müavini Nəcəf Müseyibliyə. Ötən il AMEA-nın bu institunda apardığı yoxlamalar nəticəsində aşkara çıxarılan və sənədləşdirilən faktlar sözün həqiqi mənasında hər kəsi dəhşətə gətirdi. Yoxlama nəticəsində İnstitut rəhbərliyi dərhal dəyişdirildi və vəzifəyə bu sahənin həqiqi peşakarı cəlb edildi. AMEA-nın nüfuzunun qorunması və institut əməkdaşlarının gözdən salınmaması məqsədilə Rəyasət Heyətində həmin yoxlamanın nəticələrinin ictimailəşdirilməməsinə qərar verildi. Lakin indi görürən odur ki, Nəcəf Müseyiblinin saxtakar mahiyyətini bütün Azərbaycan cəmiyyətinə göstərmək üçün nəticələrin həm ictimailəşdirilməsi, həm də sənədlərin hüquq-mühafizə orqanlarına göndərilməsi qaçılmaz zərurətə çevrilib. Dövlət Nəcəf Müseyiblinin simasında onun vəsaitini amansızlıqla mənimsəmiş, illər boyunca elm pərdəsi adı altında ayrılan vəsaitləri talamış ziyankarları yaxşı tanımalı, onlar barəsində zəruri ölçü götürməlidir. Bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin iradəsilə işğaldan azad olunmuş Qarabağ torpaqlarında gedən quruculuq işlərinə dəstək vermək üçün hüquq-mühafizə orqanları Nəcəf Müseyibli kimilərin dağıtdıqları dövlət vəsaitlərinin büdcəyə geri qaytarılmasını təmin etməlidir. Bir faktı qeyd edək ki, bu adam institutun keçmiş direktoru Maisə Rəhimovanın uzun müddət səhhətindəki ciddi problemlər səbəbindən işə çıxmamasından istifadə edərək onlarla saxta ekspedisiya siyahıları düzəltmiş, sənədləri saxtalaşdırmış, hətta institutdan çıxmış şəxslərin belə adlarını ekspedisiyalara əlavə edərək xeyli miqdarda dövlət vəsaitini dağıtmışdır. İndi isə o, qabaqdangəlmişlik edərək öz əməllərinin ifşasından qorxaraq qaragüruha qoşulub AMEA prezidentinə hücum edir, bununla da divident qazanıb məsuliyyətdən yayınmağı düşünür. Ancaq o və onun kimilər bilməlidirlər ki, yoxlama nəticələri yaxın günlərdə hüquq-mühafizə orqanlarına rəsmi şəkildə təqdim ediləcək. Bu, təkcə Nəcəf Müseyibliyə deyil, eyni zamanda, 10 il ərzində dövlət tərəfindən ayrılmış 45 milyon manat dövlət vəsaitini tarac edən akademik Yusif Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutuna və AMEA-nın Yüksək Texnologiyalar Parkını özünün təsis etdiyi “İnkor” MMC şirkətinin filialına çevirmiş Vaqif Abbasova da aiddir. Onun institutunda aşkara çıxarılan nöqsanlar isə öz miqyasına görə AMEA-nın digər müəssisələrini geridə qoyur. Vaqif Abbasov isə bütün bunların müqabilində susmaq, dövlətdən və Azərbaycan ictimaiyyətindən üzr istəyib istefa vermək əvəzinə AMEA prezidentinin ünvanına böhtanlar səsləndirir. Bir məsələdə isə o, haqlıdır – AMEA-da illərdir ki, tənəzzül var. Vaqif Abbasov kimi akademiklərin və institut direktorlarının olduğu akademiyada tənəzzüldən başqa heç bir şey ola bilməz. Ancaq Vaqif Abbasov da əmin olsun ki, yaxın zamanda onun da maskası bütün ictimaiyyətin gözləri önündə cırılacaq.

Riyaziyyat və Mexanika İnstitutunun baş direktoru, sabiq təhsil naziri Misir Mərdanovun AMEA prezidenti haqqında dedikləri isə ən yaxşı halda gülüş doğura bilər. Uzun illər təhsil naziri işləmiş bu insan akademik Ramiz Mehdiyevin silahlı mühafizə tərəfindən qorunduğunu böyük bir sensasiya kimi cəmiyyətə çatdırmağa çalışır. Məlumdur ki, akademik Ramiz Mehdiyev Azərbaycan Respublikasının Təhlükəsizlik Şurasının üzvüdür və uzun illər həm PA rəhbəri, həm də Təhlükəsizlik Şurasının katibi vəzifələrini tutub. Belə şəxslərin dövlət tərəfindən ayrılmış mühafizə ilə qorunması bütün dövlətlərdə mövcud olan adi bir praktikadır. O ki qaldı Ramiz Mehdiyevin təkbaşına Rəyasət Heyətinin binasındakı liftdən istifadə etməsinə, bu da ağ yalandır. Birincisi, AMEA Rəyasət Heyətinin binasında lift 2015-ci ildən mövcud olub və ondan ancaq rəhbərlik istifadə edib. Ramiz Mehdiyev isə 2020-ci ilin yayında aparılmış təmir işləri zamanı liftin müasirləşdirilməsinə və genişləndirilməsinə tapşırıq vermişdir. İndi həmin lift hər kəsin üzünə açıqdır və o, əməkdaşların rahatlığını əhəmiyyətli dərəcədə təmin edir. Bəli, akademik Ramiz Mehdiyev AMEA prezidenti seçildikdən sonra Rəyasət Heyətinin binasında müvafiq dövlət strukturlarının nəzarəti və tövsiyələri əsasında əsaslı təmir işləri həyata keçirildiyi həqiqətdir. Nəticədə binanın bataqlığı xatırladan zirzəmisi qurudularaq normal vəziyyətə gətirilib, isitmə sistemi tamamilə yenilənib, əməkdaşların rahat şəkildə işləməsi üçün bütün zəruri şərait yaradılıb. Bütün bu işlər AMEA kollektivi üçün görülüb. Bu tarixi bina dövlətin əmlakıdır, xalqın sərvətidir və Ramiz Mehdiyevin onu özü ilə harasa aparmaq niyyəti yoxdur. Misir Mərdanovun bu qəbildən gülünc açıqlamaları onun haqqında qeyri-ciddi rəy yaradır.

Bütün baş verənlər fonunda, cəmiyyətdə təbii bir sual ortaya çıxa bilər. Ramiz Mehdiyevə qarşı hücumlar nə ilə bağlıdır? Açıq deyək ki, bu hücumlar 2019-cu ilin oktyabrından bəri AMEA-da şəffaflığın təmin edilməsi istiqamətində aparılan yoxlamalarla bağlıdır. Bu yoxlamalar AMEA-da çoxmilyonluq yeyintiləri aşkara çıxarmaqla yanaşı, həm də cəmiyyətdə nüfuz qazanmış, yüksək vəzifələrdə təmsil olunan bir sıra şəxslərin iç üzünü ortaya qoydu, onların qanunsuz əməllərini ifşa etdi. Həmin şəxslərin yaşı, həmçinin daşıdıqları alim ünvanları nəzərə alınaraq yoxlamaların geniş ictimaiyyətə açıqlanmaması üstün tutuldu.

Ancaq görünən odur ki, AMEA prezidentinin güzəştli mövqeyindən bəzi şəxslər sui-istifadə etmək qərarına gəliblər. Bu adamlar bilsinlər ki, şər-böhtan kampaniyasına davam edəcəkləri təqdirdə AMEA-nın kimlər tərəfindən bu cür acınacaqlı vəziyyətə salındığı açıq şəkildə qeyd olunacaq.

  1. AMEA prezidenti akademik Ramiz Mehdiyev öz çıxışlarında dəfələrlə vurğulayıb ki, AMEA-da şəffaflığın təmin edilməsinə və idarəçiliyin təkmilləşdirilməsinə yönəlmiş tədbirlər ölkə başçısı cənab İlham Əliyevin tapşırığı və iradəsidir. Heç kəs dövlət başçısının AMEA rəhbərliyi qarşısında qoyduğu dövlətçilik vəzifəsini yerinə yetirməyə mane ola bilməz. AMEA ölkəmizdə gedən islahatlarla ayaqlaşmalı, dövlət vəsaiti ayrı-ayrı direktorların ciblərinə deyil, ölkə elminin mənafelərinə xidmət etməlidir.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button