AraşdırmaManşet

BŞİH-in “duzlu biznesi”: Bakının buz bağlamayan yolları hər il duz “yeyir”

Bakı Şəhər İcra Hakimiyyətinin nəzdində fəaliyyət göstərən Bakı Şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentinin Sanitariya və Texniki Təmizlik İdarəsi “Ramin AŞ” MMC ilə satınalma müqaviləsi imzalayıb.
Qaynarinfo xəbər verir ki, maliyyə dəyəri 190 320 AZN təşkil edən müqavilədə texniki məqsədlər üçün emal edilməmiş xam duzun satın alınması nəzərdə tutulur.
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarında göstərilir ki, “Ramin AŞ” MMC 9 yanvar 2014-cü ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 10 AZN olan şirkətin hüquqi ünvanı Lənkəran rayonu Daşdalıqcar kəndində yerləşir. MMC-nin qanuni təmsilçisi Sadıqov Nazim Məhərrəm oğludur.
Açıq mənbələrdə “Ramin AŞ” MMC və qanuni təmsilçisi barədə hər hansı məlumat yoxdur. Şirkətin nə əlaqə nömrəsi, nə də veb-səhifəsi mövcuddur.
Araşdırmalarımız zamanı məlum olub ki, Sanitariya və Texniki Təmizlik İdarəsi bundan əvvəl də “Ramin AŞ” MMC ilə satınalma müqaviləsi imzalayıb. Maliyyə dəyəri 93 840 AZN olan müqavilədə Müstəqil Dövlətlər Birliyində (MDB) istehsal olunmuş avtomobil və mexanizmlər üçün ehtiyat hissələrinin satın alınması nəzərdə tutulur. Beləliklə, aydın olur ki, “Ramin AŞ” MMC təkcə texniki duz satmır.
Texniki duz məsələsinə gəlincə, şübhəsiz bu, qışa hazırlıq üçündür. Yəni, Bakının yolları buz bağladığı təqdirdə, həmin texniki duz yollara səpilir, bununla nəqliyyatın hərəkəti təmin edilir.
Məsələnin maraqlı tərəfi odur ki, Sanitariya və Texniki Təmizlik İdarəsi 2019-cu ildə ”Fidan TN” MMC və “Şamxal-MQ” MMC ilə bu məqsədlə toplam dəyəri  312 000 AZN təşkil edən satınalma müqaviləsi imzalayıb.
2019-cu ildən bu yana Bakıya nə qar yağıb, nə də şaxtalı müşahidə edilib. Deməli yollar da buz bağlamayıb. Bəs 312 000 AZN-lik texniki duz hara sərf edilib ki, yenidən 1560 ton duza ehtiyac görülüb? Bu sualın cavabı açıq qalır.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button