ManşetSiyasət

Cəmil Həsənli Milli Şuranın sədirliyindən gedir: yeni rəhbər kim ola bilər?

Milli Şuranın sədri Cəmil Həsənli tutduğu vəzifədən getməyə hazırlaşır. JAMAZ.İNFO xəbər verir ki, o, bu barədə “BBC Azərbaycanca”ya müsahibəsində bildirib.

Cəmil Həsənli bu addımını Milli Şuranın gəncləşməsi və yeniləşməsi ilə əsaslandırıb. “Mən Milli Şura sədrliyindən getməklə bağlı təklif vermişəm. Milli Şura gəncləşməlidir, yeniləşməlidir. Mən artıq 8-ci ildir bu təşkilatın rəhbərliyindəyəm. Nəyəsə insanları çağırırsansa, əvvəl özün o prosesin önündə olmalısan. Londonda, Parisdə, Berlində, ya da Vaşinqtonda oturub insanları riskli bir cəmiyyətdə etiraza çağırmağın bir az əlavə mənəvi yükü var. Yaşın elə bir həddidir ki, hər yerdən, o cümlədən bu dünyadan da gərək vaxtında gedəsən”.

O, vurğulayıb ki, Milli Şuranın sədrliyindən istefa versə də, Şuranın rəhbərliyində qalmaq niyyətindədir.

Qeyd edək ki, Milli Şura son illərin müxalifət qüvvələrinin əsas birliyi hesab olunur. AXCP-nin təmsil olunduğu Şurada digər partiya və təşkilatların da təmsil olunması məsələsi müzakirə predmeti olub. Cəmil Həsənlinin təşkilat rəhbərliyindən getməsi, şübhəsiz onu əvəz edə biləcək namizədlər məsələsini də gündəmə gətirib.

Bildirək ki, Milli Şurada təmsil olunan partiya üzvləri və ziyalılar heç də nüfuzsuz şəxslər deyillər. Onların hər birinin təşkilata rəhbərlik edə bilmə gücünün olması da istisna deyil. Bəs, Milli Şuranın yeni rəhbəri kim ola bilər?

Əgər məsələ təşkilatın güclənməsindən gedərsə, o zaman ən optimal namizəd kimi Tofiq Yaqublunun önə çıxacağı istisna deyil. Yaqublu uzun illərdir siyasətdədir, özünün cəsarəti ilə həmişə diqqət mərkəzində olub. Üstəlik, dinc aksiyaların keçirilməsi proseslərində təkcə fəal deyil, həm də təşəbbüskarlardan sayılır. Eyni zamanda, o, Müsavat Partiyasının üzvü olmaqla, Milli Şuranın “təkcə AXCP-nin təşkilatı” olması münasibətini də dəyişdirə bilər.

Əgər söhbət gəncləşmədən gedərsə, bu zaman namizədlərin sayının çox ola bilmə imkanları var. Lakin son zamanlar siyasi arenada xeyli aktiv olan Seymur Həzinin bu posta ən optimal namizəd olma ehtimalı az deyil. Uzun müddətdir AXCP-nin rəhbərliyində təmsil olunan, habelə təkcə partiyada deyil, media və ictimai-siyasi proseslərdə fəal olan Həzi, həm də təşkilat idarə etmək gücündə olan biridir. Ən azından, onun AXCP Gənclər Komitəsi kimi bir qurumu uzun müddət idarə etməsi, eyni zamanda, bütün müxalif cameə ilə yaxşı münasibətlərə malik olması, Seymur Həzinin Milli Şuraya rəhbərlik etməsinə yaşıl işıq yandıra bilər.

Amma Milli Şura başqa bir yol da seçə bilər. Bu da təşkilata qadın rəhbərin seçilməsindən ibarətdir. Mümkündür ki, üzvlər indiki məqamda Şuranın üzvü olan qadınlardan birinin rəhbərliyə gətirilməsinə səs versinlər. Həmin qadın namizədin kimliyi məsələsi isə artıq daxili müzakirənin nəticəsindən asılı olacaq. Burada üç əsas şəxsin adını ilkin olaraq çəkmək mümkündür: Gültəkin Hacıbəyli, Səadət Cahangir və İradə Nəriman.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button