ManşetMedia

Camiəmizin sevimlisi – Qadirin parlaq xatirəsinə

Aramızdan vaxtsız ayrılan həmkarlar, dostlar haqqında yazı yazmaq da bir cür ağrıdır. Hönkürüb ağlamaq kimidir, yazırsan, yüngülləşirsən. Yazmaya bilmirsən.

Bu dəfə də bizə belə bir yazını Qadir yazdırdı, bu gün bizi kədərə, qəhərə boğub getdi.

Ağır vəziyyətdə klinikaya yerləşdirildi gündən bəri onun haqqında yazılan, deyilən yaxşı sözlər əbəs deyil. Yalnız yaxşı adamlar haqqında bu qədər çox xoş şeylər danışar, yazarlar. Onu yaxından tanıyan hər kəs onun barəsində yaxşı nəsə yazmaq istəyir.

Çünki Qadir yaxşı adam idi – pozitiv, səmimi, gülərüz, sayğılı, qayğıkeş, söhbətcil, ünsiyyətcil, anlayışlı…

Kollektivimizdə hamı onu çox istəyirdi. Hər kəslə ayrı bir söhbəti, haqq-salamı vardı. Xüsusi zarafatları olanlar da az deyildi – Azər Rəşidoğlu, Azər Ayxan, Elşən Balaxanılı, Emil və başqaları.

Redaksiyanın dəhlizində səsi gələndə hamının üzünə təbəssüm qonurdu.

Gözlənilməz oldu Qadirin vəfatı. Son illər üzbəsurət olaraq az-az görüşürdük, amma hər gün sosial şəbəkədə ünsiyyətmiz vardı, nə düşündüyünü, hara getdiyini, haradan gəldiyini, müxtəlif hadisələrdə dair fikirlərini yazırdı, oxuyurduq, bilirdik. Xəstəliyi haqqında da elə Feysbukdan xəbər tutmuşduq. Amma o, xəstəliyi ilə bağlı elə pozitiv və məzəli statuslar paylaşırdı ki… Qayınanasını “baş həkim” elan etmişdi, yazırdı ki, yenə gəlib onun səhhəti ilə bağlı dəyərli məsləhətlərini verir.

Ömrünün sonuna bir neçə gün qalmış belə zarafatlar etmək… Bu zarafatlar bizdə onunla bağlı hər şeyin o qədər də ciddi, təhlükəli olmadığı qənaətini yaradırdı. Bəlkə vaxtında xəbər tutsaq, özü də ciddi yanaşsa, müəyyən tədbirlər görmək olardı, kim bilir. Hərəkətə gələrək həyat xilas etdiyimiz də olub axı.

Ancaq o, bu yolu ondan qabaq gedənlərin iziylə getdi, vaxtsız itirdiyimiz dostlarımıza qoşuldu. Adil Qaçayoğli, Zəfər Quliyev, Alim Kazımlı, Məmməd Nazimoğlu, Elçin Səlcuq, Zabil Müqabiloğlu, Vüqar Qocamanlı… onları bəzilərini aramızdan aparan dərd başqaydı, amma ən azı üçününkü eyniydi.

Qadir iradəli adam idi, nəfsinin qulu deyildi. Nə vaxt, hansı ara elə oldu, bilmədik. Bəlkə də bir zamanlar cavanlığına salıb can sağlığına fikir verməmişdi.

Onsuz da insan oğlu özünü nə qədər qoruyursa, qorusun, sabah başına nə gələcəyini bilmir. İki il öncə həmkarımız Əmrah Fəqanoğlu gözlənilmədən koronavirusdan vəfat etdi, düz-əməlli informasiya da yaza bilmədik. Pandemiya yeni başlanmışdı, panika düşməsin deyə, həmkarımızın vəfatına dair xəbərləri saytlardan çıxartdırdılar. Ayıb bir şey oldu. Bunun nisgili və xəcaləti hələ də sorulub getməyib.

Sonra koronavirusdan və başqa səbəblərdən başqa həmkarlarımız də vəfat etdilər – Rəşad, Bəxtiyar və başqaları…
Yəni alın yazısıdır, taledir, qismətdir, bilmək olur, hərənin yolu bir yerə qədərdir. İndiyədək Yer üzünə 90 milyarddan artıq insan gəlib-gedib, heç kəs dünyanın tutub gedə bilmir. Ona görə də dünyaya gələn insana görə sevinərkən, gedənə görə kədərlənərkən, sövq-təbii anlayırıq ki, bu, çox təbii gedişatdır, başqa yolu yoxdur.

Sadəcə, yaxşı adamların vaxtsız gedişi ikiqat kədər doğurur. Onların yeri boş qalır, xatirələri qəlb sızladır. Yer üzündə yaxşı insanlar azdır, onlar bir-bir azalanda adama pis gəlir.

Qadir sözün əsl mənasında yaxşı adam idi. Onun vəfatına kədərlənənlərin bu qədər çox olması o üzdəndir.

Böyük olmasa da ülvi arzuları vardı Qadirin. Hamı kimi o da övladlarının xoş gününü görmək istəyirdi. Çox sevdiyi qızından ağız dolusu danışardı, gec tapdığı oğlunun zəmanə uşağı olmasına dair məzəli statuslar paylaşardı.

Biz ona “müdrik ağsaqqal”, “dəyərli ziyalı” deyirdik. Bir az zarafat qarışığı vardı, amma böyük hissəsi ciddiydi, real idi. Özü də ciddi qəbul edirdi, amma zarafata salırdı ki, nəhayət, bir gün mənim liderliyimi qəbul edib ətrafımda sıx birləşəcəksiniz.

Onun vəfatıyla o şən zarafatlar da bitdi. Onunla getdi. Yerini kədər və nisgil aldı. İndən belə Qadirdən söhbət düşəndə, onun hansısa bir məzəli sözünü xatırlayanda mütləq gözlərimizdən qüssə kölgəsi keçəcək, “rəhmətlik belə deyərdi” deyəcəyik.

Necə də acıdır… Dünən zarafatlaşdığın adamın haqqında “rəhmətlik” sözü işlətmək. Heç yaraşmır…

Əlvida, əziz dost, gözəl insan. Övladlarının başı sağ olsun.

Xalid Kazımlı 

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button