ManşetSiyasət

Dəmiryolunun tikintisini Ermənistan həyata keçirəcək: Brüssel razılaşmasının icrasına başlanılır

Xəbər verildiyi kimi, Brüsseldə Azərbaycan və Ermənistan dövlət başçılarının görüşü keçirilib. Bu barədə açıqlama verən Azərbaycan Prezidenti İlham Əliyev bildirib ki, görüş praqmatik və səmərəli keçib.

Həmin görüşdə dəmiryollarının açılması barədə razılaşma əldə olunub. Lakin İrəvan tərəfi bunun dəhliz olmayacağını bəyan edib.

JAMAZ.İNFO xəbər verir ki, bu gün Ermənistanın baş naziri Nikol Paşinyan hökumətin iclasını keçirib. O bildirib ki, Brüsseldə Azərbaycanla Yerasx-Culfa-Ordubad-Mehri-Horadiz dəmir yolunun tikintisi ilə bağlı qərarlarını və razılaşmanı təsdiqləyiblər.

O deyib ki, razılıq Ermənistan, Rusiya və Azərbaycan baş nazirlərinin müavinlərinin həmsədrlik etdiyi regional kommunikasiyaların açılması ilə məşğul olan üçtərəfli işçi qrupunun müzakirələri nəticəsində əldə olunub. “Bu razılaşma noyabrın 26-da Rusiya prezidenti Vladimir Putinin vasitəçiliyi ilə Soçidə keçirilən görüşdə əldə edilib. Dəmir yolu beynəlxalq səviyyədə qəbul edilmiş gömrük və sərhəd qaydalarına uyğun olaraq, qarşılıqlı əsasda, ölkələrin suverenliyinin yurisdiksiyasında fəaliyyət göstərəcək. Ermənistan bu dəmir yolu vasitəsilə İran-Rusiyaya çıxış əldə edəcək. Azərbaycan isə Naxçıvanla dəmir yolu əlaqəsi quracaq”.

Paşinyan vurğulayıb ki, Türkiyə ilə səmərəli dialoqa başlasa, sərhədlərin və kommunikasiyaların açılmasına nail olsalar, o zaman bu layihə daha geniş miqyas alacaq. “Yəni haqqında danışdığımız dəmir yolu Yerasxdan Gümrüyə qədər mövcuddur. Gümrüdən Qarsa gedən dəmir yolu da var. Biz dəmir yolunun tikintisinə başlamalıyıq. Əlbəttə, faktiki tikintiyə, tenderlərin elan edilməsinə, razılıqların əldə olunmasına qədər görüləsi çox iş var”.

Baş nazir əlavə edib ki, yaxın günlərdə onların ideyalarını, iş qrafikini və yol xəritəsini dəqiqləşdirmək üçün dar iclas keçiriləcək. “Niyyətimiz və istəyimiz odur ki, bu, dəmir yolu tez açılsın. Mən bu müqavilənin əhəmiyyətini çox qiymətləndirmək istəmirəm. Lakin qiymətləndirmədən də keçmək mümkün deyil. Əminəm ki, biz bunu həyata keçirəcəyik”.

Nikol Paşinyan onu da xatırladıb ki, Azərbaycan Prezidenti ilə təmasların davam etdirilməsi, gündəlikdəki məsələlərə ümumi baxışların, yanaşmaların formalaşdırılmasına, mövcud fikir ayrılıqlarının aradan qaldırılmasına çalışılmasına dair razılıq da əldə olunub.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button