ManşetMedia

Elçin Sadıqov və Əvəz Zeynallının Hüquqularını Müdafiə Komitəsi yaradıldı: Bəxtiyar Hacıyev rəhbərlik edəcək

Bu gün jurnalist Əvəz Zeynallı və vəkil Elçin Sadıqovun həbsi ilə bağlı toplantı keçirildi. Müsavat partiyasının qərargahında baş tutan yığıncaqda cəmiyyətin demək olar ki, bütün tərəfləri iştirak etdilər və həmrəylik nümayiş etdiriblər. JAMAZ.İNFO xəbər verir ki, toplantı iştirakçıları adından və Ə.Zeynallı, E.Sadıqovun hüquqlarının müdafiəsi komitəsi adından bəyanatlar qəbul edilib.

Əvəz Zeynallı və Elçin Sadıqlının hüquqlarını müdafiəsi ilə bağlı toplantı iştirakçılarının bəyanatında deyilir ki, onlar tanınmış jurnalist,  müstəqil “XuralTV” internet TV-nın rəhbəri Ə. Zeynallı və  tanınmış vəkil Elçin Sadıqovun həbsini qanunsuz və ədalətsiz xarakterini göstərərək, bunu onların peşə fəaliyyəti ilə birmənalı əlaqəsini qeyd edir, bu həbsləri Azərbaycanda söz və ifadə azadlığına və müstəqil vəkillik institutuna  qarşı təqib kimi dəyərləndirir,  hakimiyyət daxilində mürtəce, antiislahatçı, korrupsioner korporativ qrup və dairələrin cəmiyyətdə islahatlara yönəlik meyllərə qarşı müqavimət aktı, mütərəqqi dəyişikliklik tərəfdarları içərisində xof və vahimə yaratmaq cəhdi sayır, bütövlükdə insan hüquq və azadlıqları sahəsində vəziyyəti ciddi təhdid altında qoyduğunu diqqətə çatdırıraraq ciddi narahatlığımızı və qəti etirazımızı bildiririb şiddətlə pisləyiblər. “Eyni zamanda Azərbaycanın siyasi,  hüquq – mühafizə, məhkəmə orqanları rəhbərliyinə, milli və beynəlxalq hüquq müdafiə təşkilatlarına müraciət edərək  məsələyə qanuni  müdaxilə etməyə, Əvəz Zeynallı və Elçin Sadıqovun dərhal həbsdən azad olunması üçün  effektiv  addımlar atmağa çağırırıq. Hesab edirik ki, bu təqibin təşkilatçıları və icraçıları aşkar olunub məsuliyyətə cəlb olunmalıdırlar”.

Əvəz Zeynallı və Elçin Sadıqovun hüquqlarının müdafiəsi komitəsinin bəyanatında isə deyilir ki, sözügedən şəxslərin həbs olunması Azərbaycan daxilində və Azərbaycanddan kənarda dövlətimiz üçün başucalığı gətirməyəcək. “Biz, Azərbaycan hakimiyyətini siyasi motivlərlə ayrı-ayrı şəxslərin həbs edilməsi praktikasının dayandırmağa, tanınmış jurnalist Əvəz Zeynallı və tanınmış vəkil Elçin Sadıqov başda olmaqla siyasi motivlərlə həbs olunmuş şəxslərə qarşı cinayət təqiblərini dayandırmağa və onları azad etməyə çağırış edirik.

Biz, beynəlxalq insan hüquqları təşkilatları, dünyanın demokratik ölkələrindəki müvafiq təsisatları məsələni diqqətdə saxlamağa, Azərbaycan hakimiyyətini insan hüquq və azadlıqlarına hörmət etməyə çağırmasına, insan hüquq və azadlıqlarının sistemli şəkildə pozulmasında aktiv rol oynayan şəxslərə qarşı fərdi sanksiyalar tətbiq edilməsinə səsləyirik.

Biz,  Azərbaycan ictimaiyyətini vətəndaşlarımızın hüquqları pozulanda hər zaman onların yanlarında olmuş jurnalist və vəkillərin hüquqlarının qorunması istiqamətində birləşməyə çağırırıq”.

Qeyd edək ki, Elçin Sadıqov və Əvəz Zeynallının Hüquqularını Müdafiə Komitəsinə Bəxtiyar Hacıyev rəhbərlik edəcək.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button