ManşetSiyasət

Erməni mediası: “Avqustun 25-nə kimi, Əliyev-Paşinyan görüşü olacaq, sənəd imzalanacaq”  

Xəbər verildiyi kimi, avqustun 25-nə kimi, Laçın şəhəri və Zabux qəsəbəsindən ermənilərin çıxarılması yekunlaşacaq. JAMAZ.İNFO xəbər verir ki, yeni Laçın yolunun inşasından sonra belə bir qərarın verilməsi rəsmi Bakı tərəfindən də təsdiqlənib. Hərçənd erməni tərəfi köhnə yolun üzərindən çıxmamaq üçün “hüquqi əsaslar”axtarırlar. Lakin bütün bu cəhdlərin hamısını boşa çıxaracaq bəyanat dünən Azərbaycan Prezidenti İlhamƏliyev tərəfindən verildi.

Prezident öz çıxışında bildirib ki, məsələ artıq bitib və ermənilərə konkret vaxt verilib. “Biz bu yeni Laçın yolunu inşa etməyə başlayanda Rusiya tərəfi vasitəsilə Ermənistana müraciət etdik və dedik ki, – çünki mən təxmin edirdim ki, onların necə deyərlər belə hoqqabazlığı olacaq, -təklif etmişdik ki, gəlin biz də sizin ərazidə yol tikək. Orada cəmi 8-9 kilometrdir. İmtina etdilər bundan. Dedilər ki, yox, biz özümüz edəcəyik. Və nə vaxt buna başladılar?! Özü də buna başlamaq demək mümkün deyil, çünki elə ancaq texniki-iqtisadi əsaslandırmasını bunlar indi işləyirlər”.

Daha sonra İlham Əliyev qeyd edib ki, Azərbaycan tərəfi rəsmi məktubla Rusiya tərəfinə bildiriş göndərib. “Bildiriş göndərdik ki, bu yolu biz başa çatdırırıq avqustun 5-də və xahiş edirik ki, siz sülhməramlı kontingentin postlarını köhnə yoldan yeni yola keçirin. Bu da təbiidir. Biz bu məktubu onlara göndərəndə yəqin ki, Ermənistan tərəfi də o məktubla tanış oldu, ondan bir gün sonra Ermənistan bəyan etdi ki, biz bu yolun iqtisadi əsaslandırmasını başlamaq istəyirik və 2023-cü ilin sonuna qədər biz bunu inşa edəcəyik. Yəni bu, faktiki olaraq manipulasiyadır. Tamamilə qeyri-ciddi və qeyri-adekvat addımdır. Biz dedik, əgər belədirsə, onda biz avqustun 5-də Laçın dəhlizinə giririk, postlar qururuq və baxarıq sonra siz necə hərəkət edəcəksiniz. Ondan sonra aləm dəydi bir-birinə və Qarabağda yaşayan ermənilər bizə müraciət etdilər, xahiş etdilər. Dəfələrlə xahiş etmişdilər ki, onlara avqustun sonuna vaxt verilsin. Biz də buna razı olduq. Çünki indi avqustun 5-i olmasın, 25-i olsun, sentyabrın 1-i olsun böyük fərq etmir. Eyni zamanda Qarabağda yaşayan ermənilər bizə müraciət etdilər ki, Ermənistan sərhədinə birləşdiriləcək nöqtəyə qədər 4 kilometr qrunt yolu da Azərbaycan tiksin. Ona da biz razılaşdıq”.

Bu gün isə Ermənistan mətbuatı iddia ilə çıxış edərək, avqustun 25-nə kimi Moskvada Azərbaycan Prezidenti ilə Ermənistanın baş naziri arasında görüşün olacağını yazıb. “Hraparak” qəzetinin yaydığı məlumata görə, həmin görüşdə tərəflər arasında növbəti sənədin imzalanması gözlənilir. Lakin sənəddə konkret olaraq nələrin nəzərdə tutulacağı bəlli deyil.

Qeyd edək ki, Azərbaycan tərəfi ölkə rəhbərlərinin görüşü ilə bağlı hər hansı məlumat yaymayıb. Lakin may ayında Brüsseldə keçirilən görüşdən sonra verilən açıqlamada bildirilirdi ki, avqustun sonlarına kimi, Azərbaycan və Ermənistanın dövlət və hökumət başçılarının görüşməsi nəzərdə tutulub. Həmin görüşün Brüsseldə keçiriləcəyi qeyd edilsə də, erməni tərəfi onun Moskvada reallaşacağını iddia edir.

Onu da qeyd edək ki, Rusiya XİN-i ötən günlərdə Azərbaycan və Ermənistan nümayəndə heyətlərinin avqust ayı ərzində görüşəcəklərini açıqlayıb. Görüşün Moskvada keçiriləcəyi vurğulanır. Lakin həmin açıqlamada iki ölkə rəhbərinin görüşü barədə heç bir fikir səslənməyib.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button