DünyaManşet

Erməni mütəxəssislər: “İrəvan Bakı ilə Qafan-Gorus yolu məsələsində dil tapmalıdır, yoxsa…”

Qafan-Gorus yolunun 21 km-lik hissəsi hazırda Azərbaycanın nəzarəti altında olması erməniləri çətinə salıb. Müharibədən sonra həmin yolla sərbəst hərəkət edən ermənilər, sonradan törətdikləri təxribatçı əməllər, habelə İranın Xankəndiyə qanunsuz yük daşıması səbəbindən Azərbaycan tərəfindən müvəqqəti bağlandı. Ardından isə rəsmi Bakı ərazisindən keçən yük və sərnişin maşınlarına tranzit keçid rüsumları tətbiq etdi.

Qısa müddətdə gömrük-keçid məntəqəsi inşa edən Azərbaycan tərəfi, Qafan-Gorus yolundan istifadə edən avtomobillərdən rüsum almağa başladı. Hazırda neft və maye qaz daşıyan yük maşınlarından 250 dollar, ərzaq və sənaye malları daşıyan avtomobillərdən isə 130 dollar gömrük rüsumu alınır. Geri dönən boş maşınlardan isə 150 dollar rüsum alınır ki, bu da Ermənistanı çətin duruma salıb.

JAMAZ.İNFO xəbər verir ki, Ermənistan Qafan-Gorus yoluna alternativ olaraq, Tatev-Ağvan yolunu tez bir zamanda inşa etdi. Lakin bu yolun işə yaramadığı, xüsusən də iri qabaritli yük maşınları üçün əlverişli olmadığından İrəvan dilemma qarşısında qalıb. Bu ölkənin Fövqəladə Hallar Nazirliyi bu gün açıqlama yayaraq, etiraf edib ki, Tatev-Ağvan-Gorus yolu yük maşınları üçün əlverişsizdir. Nazirlik qeyd edib ki, qış aylarında bu yollardan iri həcmli avtomobillərin keçməsi isə çox çətin olmaqla yanaşı, həm də risklidir.

İndiyə qədər Qafan-Gorus yolundan istifadəyə qadağa qoymuş Ermənistan tərəfi artıq bir neçə problemlə üzləşdiyini dilə gətirib. Bu problemlərdən biri ölkədə benzin və maye qazın bahalaşması ilə bağlıdır. Ermənistan Enerji Təhlükəsizliyi İnstitutunun direktoru Vaqe Davtyan deyib ki, son bir ayda ölkədə benzinin qiyməti 20 dram (7 qəpik) bahalaşıb. Onun sözlərinə görə, bu bahalaşmanın ilkin mərhələsidir. “Qarşıda daha ciddi bahalaşmalara şahid olacağıq. Rusiyadan alınan benzin və maye qaz Lori məntəqəsində yaranmış sıxlıq və yolların buz olması səbəbindən vaxtında ünvana yetişmir. Qafan-Gorus yolunun Azərbaycanın əlində olması və orada rüsum alınması İrandan alınan benzinb və qazın maya dəyərini bahalaşdırır. Tatev-Ağvan yolu isə iri həcmli yük maşınlarının keçidi üçün əlverişli deyil. Xüsusən qışda həmin yollarla yük daşımaq olduqca risklidir”.

Davtyan deyir ki, qış aylarında benzin və qaza olan təlabatı ödəmək üçün İrandan mal almaq lazımdır. Onun sözlərinə görə, hazırda inad etməyin heç bir mənası yoxdur və Ermənistan Azərbaycanla danışıqlar apararaq, həm rüsumları aşağı saldırmağa çalışmalıdır. “Qafan-Gorus yolundan istifadəyə qadağa qoymaq məntiqsizdir. Hazırda bu yola ciddi ehtiyacımız var. İrəvan Bakı ilə rüsumlar məsələsində dil tapmalıdır. Yoxsa, bu qış Ermənistanda benzin və qazın daha da bahalaşmasının şahidi olacağıq”.
Xatırladaq ki, Ermənistanda hazırda adi benzin 520 dram (1.07 dollar), premium markalı benzin 540 dram (1.11 dollar), super markalı benzin isə 620 dramdır (1.28 dollar).

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button