ManşetSiyasət

İlham Əliyevdən Ermənistana mesajlar: “Sülh sazişinin vaxtı çatıb”

Xəbər verildiyi kimi, bu gün Prezident İlham Əliyev ADA Universitetində keçirilən “Cənubi Qafqaz: İnkişaf və əməkdaşlıq” mövzusunda beynəlxalq konfransda iştirak edib. JAMAZ.İNFO xəbər verir ki, dövlət başçısı çıxışı zamanı bir sıra məsələlərə, xüsusən də Qarabağ məsələsinə toxunub və Ermənistana bir neçə mesajlar verib.

“Bu pozitiv sinqnaldır”

Prezident bildirib ki, Azərbaycan Qafqazda yeni dövrü – sülh və əməkdaşlıq dövrünü aktiv şəkildə təşviq edir. “Azərbaycan Ermənistanla sülh müqaviləsinin imzalanması üçün 5 prinsipi təklif edib və sonda Ermənistan hökuməti pozitiv yanaşaraq bu təklifləri qəbul edib. Bu prinsiplər Ermənistanla imzalanacaq sülh müqaviləsinin əsasını təşkil edəcək. Eyni zamanda, Ermənistan bu prinsiplərə əsaslanaraq Azərbaycanla delimitasiya prosesinin başlanması üçün birgə işçi qrupunun yaradılmasına razılıq verib. Düşünürəm ki, bütün bunlar İkinci Qarabağ müharibəsindən sonra baş verən pozitiv siqnaldır”.

“Ermənistan nəhayət, anladı”

Ölkə başçısı deyib ki, İkinci Qarabağ müharibəsindən sonra ötən bu müddət ərzində Ermənistan nəhayət, sülhün nə qədər vacib olduğunu anladı. Əgər sülh müqaviləsi imzalanarsa, məlum beş prinsip tətbiq edilərsə, Qafqazda uzunmüddətli və davamlı sülh olacaq.

Dövlət başçısının sözlərinə görə, Azərbaycanın aydın şəkildə nümayiş etdirdiyi iradə Qafqazda sülhə töhfəmizin bəyan olunmasıdır. “Biz Qafqazda quruculuq işləri görürük, resurslarımızı iqtisadiyyatımızı gücəndirmək üçün səfərbər edirik, çünki bunlar olmadan kifayət qədər vəsait ayırmaq mümkün olmayacaq. Eyni zamanda, biz Qafqazda sülh gündəliyini təbliğ edirik”.

“İrəvanın addımı mühüm məsələdir”

İlham Əliyev Ermənistanda sülh gündəliyinin elan edilməsini mühüm məsələ adlandırıb. “Biz eşitmişik ki, Ermənistan hökuməti sülh gündəliyini elan etmişdir. Bu, çox mühüm bir məsələdir. Eyni zamanda, biz konkret işlər, tədbirlər də görməliyik. Düşünürəm ki, hazırda biz bu tədbirləri görürük, Ermənistan hökuməti tərəfindən sülhlə bağlı müxtəlif bəyanatlar irəli sürülməkdədir”.

Dövlət başçısı bildirib ki, bu bəyanatlar yeni reallıqlara və heç şübhəsiz, beynəlxalq hüquq prinsiplərinə əsaslanır. “Biz hər zaman bu prinsipləri təbliğ etmişik. Reallıqlar dəyişdikdən bəri bu reallıqlar artıq vasitəçilər tərəfindən qəbul edilməkdədir”.

İlham Əliyev həmçinin Azərbaycanla münasibətlərin normallaşdırılması Ermənistan üçün yeni imkanlar açacağını bildirib.

“Başa düşməlidirlər ki, təcrid olunmuş şəkildə yaşaya bilməzlər”  

Onun sözlərinə görə, Azərbaycanın açıq bəyan edilmiş və beynəlxalq ictimaiyyət tərəfindən qəbul olunmuş sülh gündəliyi və təşəbbüsləri Cənubi Qafqazda regional inkişaf üçün yeni imkanların yaradılmasına yönəldilib. “Bu, təkcə Azərbaycan və Ermənistan arasında deyil, ümumiyyətlə, Cənubi Qafqaza aid məsələdir”.

Prezident İlham Əliyev əlavə edib ki, ötən 30 il ərzində separatçılıq və işğalçılıq siyasəti nəticəsində Ermənistan bu imkanları itirib, Cənubi Qafqaza inteqrasiya olunmayıb. “Əlbəttə, həm ikitərəfli, həm də beynəlxalq səviyyədə Azərbaycanla Gürcüstan arasında çox yaxın əməkdaşlıq əhəmiyyətlidir, lakin, eyni zamanda, Ermənistan da başa düşməlidir ki, onlar regionda təcrid edilmiş ada kimi yaşaya bilməzlər”.

Dövlət başçısı deyib ki, Ermənistan Azərbaycanla münasibətləri normallaşdırmalıdır. “Ermənistan Azərbaycan və Türkiyəyə qarşı ərazi iddialarına son qoymalıdır və Cənubi Qafqazda üçtərəfli formatda əməkdaşlıqda tərəddüd etməməlidir”.

“Xankəndidəki ermənilər bizim vətəndaşlarımızıdır”

Azərbaycan tərəfindən aparıcı beynəlxalq təşkilatların da dəstəklədiyi üçtərəfli görüşün keçirilməsi haqqında bir sıra təkliflərin verildiyini diqqətə çatdıran Prezident İlham Əliyev həmin təkliflərin Ermənistan tərəfindən rədd edildiyini bildirib. “Biz Qarabağda yaşayan erməniləri öz vətəndaşlarımız kimi qəbul edirik. Ümid edirik, onlar da tezliklə anlayacaqlar ki, Azərbaycan vətəndaşları kimi bütün hüquqlara və təhlükəsizlik təminatlarına sahibdirlər”.

“Azərbaycan Ermənistandan fərqli olaraq çoxsaylı milli azlıqların nümayəndələrinin yaşadıqları ölkədir”, – deyən dövlət başçısı bildirib ki, onların hamısı ölkəmizdə sülh və əmin-amanlıq şəraitində yaşayır. “Azərbaycanda erməni xalqının nümayəndələri də yaşayıblar və onlar heç vaxt hər hansı problemlə qarşılaşmayıblar. Buna görə də azərbaycanafobiya təbliğatına Ermənistanda son qoyulmalıdır. Ermanıstanın bizimlə bağlı yaratdığı miflər heç vaxt sülhə töhfə verməyəcək”.

Ölkəmizdə yaşayış standartlarının Ermənistan və Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Azərbaycan əraziləri ilə müqayisədə qat-qat üstün olduğunu qeyd edən dövlətimizin başçısı bildirib ki, Qarabağda yaşayan ermənilərdən müsbət ismarışlar gəlməkdədir və ilkin kontaktlar da başlayıb.“Bu, bir daha bizim niyyətimizin təzahürüdür. Onlar vahid Azərbaycan dövlətində iqtisadi inkişafda iştirak edə, özlərini daha təhlükəsiz və rahat hiss edə bilərlər. Amma bunun üçün ilk növbədə separatizm meyllərinə son qoymalı, reallıqları anlamalıdırlar. Xəritəyə, coğrafiyaya nəzər yetirməli və anlamadırlar ki, yüz minlərlə azərbaycanlı ən yaxın gələcəkdə Kəlbəcərə, Laçına, Şuşaya, Ağdama qayıdacaq və onlar belə bir mühitdə, qonşuluq şəraitində yaşamalı olacaqlar. Düşmənçiliyə son qoymalı, separatçıları təcrid etməlidirlər. Bunun da faydasını görəcəklər”.

“Ermənilər də bundan faydalanacaqlar”

Ölkə başçısı daha sonra deyib: “Ermənistanın üçtərəfli görüşün keçirilməsi haqqında Azərbaycan tərəfinin təkliflərini rədd etməsi, onların belə siyasəti heç bir məntiqə sığmır. Bəlkə də onlara bir qədər vaxt lazımdır, onlar burada mümkün riskləri qiymətləndirməlidirlər, lakin mən hesab edirəm ki, bu, qaçılmazdır. Biz və bizim gürcü həmkarlarımız buna hazırdır. Məncə, bu, ilk addım ola bilər”.

Prezident İlham Əliyev deyib: “Siz Azərbaycan və Gürcüstanın enerji və nəqliyyat marşrutlarını nəzərə almaqla nə qədər inteqrasiya olunduğunu bilirsiniz. Mən hesab edirəm ki, Ermənistanı regional inkişafa qoşulmağa dəvət etmək imkanları da mövcuddur. Onlar bundan faydalanacaqlar. Onlar bizim enerji resurslarımıza çıxış əldə etməklə faydalana və müəyyən dərəcədə beynəlxalq nəqliyyat dəhlizlərinin bir hissəsinə çevrilə bilərlər. Bunlar, öz-özlüyündə müəyyən gəlir gətirə bilər. Azərbaycanla münasibətlərin normallaşdırılması Ermənistan üçün hətta indi proqnozlaşdırılması mümkün olmayan imkanlar açacaq”.

“Yaxın 10 ildə daha güclü dövlət olacağıq”

İlham Əliyev deyib ki, müharibədən sonra baş verənlər göstərir ki, Azərbaycanın heç bir pis niyyəti yoxdur. “Əksinə, biz sülh və ərazi bütövlüyümüzün tanınmasını istəyirik”.

Dövlət başçısı bildirib ki, yaxın on ildə Azərbaycan daha güclü olacaq: “Mən ümid edirəm ki, o zaman, bəlkə 10 ildən də tez bütün anlaşılmazlıqlar, Ermənistanla olan problemlər həll edilmiş olacaq. Eyni zamanda, Cənubi Qafqaz regionu tam şəkildə inteqrasiya edilmiş, bölgənin üç ölkəsinin artıq sıx əməkdaşlığı mövcud olmuş olacaq”.

Prezident deyib ki, bunun üçün fürsət və imkanlar var. “Azərbaycan istər nəqliyyat, istər enerji sahəsində regional layihələrin reallaşdırılmasında, Azərbaycan-Türkiyə kontekstində üçtərəfli əməkdaşlıqda çox mühüm rol oynayır”.

“Minsk Qrupu 27 il ərzində öz qərarlarını belə icra etməyib”

“Beynəlxalq təşkilatların qərarlarına, qətnamələrinə heç zaman ümid bəsləməyin, çünki onların heç bir dəyəri yoxdur. BMT Təhlükəsizlik Şurası 4 qətnamə qəbul etmişdi və həmin qətnamələrə əsasən, Ermənistan hərbi qüvvələri dərhal ərazilərimizi tərk etməsini tələb edirdi. Buna baxmayaraq, 27 il ərzində qətnamələrin heç biri icra edilmədi, biz onları özümüz icra etdik”.

Dövlət başçısı qeyd edib ki, həmin qətnamələri qəbul edənlər BMT Təhlükəsizlik Şurasının üç daimi üzvü, eyni zamanda, ATƏT-in Minsk qrupunun həmsədrləridir. “Mən onlara “özünüzün qəbul etdiyiniz qətnamələri nə üçün icra etmirsiniz” sualını verdikdə, sualın cavabı çox aşkar idi – işğalla bağlı vəziyyət onlara məqbul idi. Ermənistana da məqbul idi, Minsk qrupunun həmsədrlərinə də məqbul idi, bizə isə məqbul deyildi. Biz real dünyada yaşamalı və bunu başa düşməli idik ki, beynəlxalq icmanın dəstəyi olmayacaq. Təbii ki, güclü orduya, güclü iqtisadiyyata və yeni nəslə ehtiyac var idi, yəni, konkret olaraq ölümə hazır olan insanlara. Qarabağ uğrunda ölənlərin böyük əksəriyyəti heç zaman Qarabağı görməmişdi. Onlar gənc nəslin nümayəndələri, vətənpərvər, Vətəni sevən, yüksək motivasiyalı insanlar idi. Təbii ki, ən vacib məsələ güclü ordunun olması idi və biz buna nail olduq. Bu, Prezident olaraq mənim üçün illər boyu əsas prioritet olub”.

Nümayəndələr Brüsseldə görüşə bilərlər

Prezident bildirib ki, Azərbaycan və Ermənistanın nümayəndələri mayın əvvəllərində Brüsseldə görüşə bilərlər. “Mayın əvvəllərində Brüsseldə Azərbaycan və Ermənistan nümayəndələrinin görüşünü təşkil etmək planı var”.

Avropa İttifaqını Azərbaycanın mühüm tərəfdaşı adlandıran Prezident İlham Əliyev deyib: “Bizim çox geniş əməkdaşlıq gündəliyimiz var. Biz Avropa İttifaqını vicdanlı aktor hesab edir və onun səylərini alqışlayırıq. İndi Minsk qrupu mövcud deyil, ona görə düşünürük ki, Avropa İttifaqı normallaşma prosesində öz rolunu oynaya bilər”.

“Artıq sülh sazişinin imzalanması vaxtı gəlib”

“Biz ərazi bütövlüyümüzü bərpa etmək, sülh və əmin-amanlıq şəraitində yaşamaq istəyirik. Artıq sülh sazişini imzalamağın vaxtı gəlib”. Bu sözləri də dövlət başçısı konfransda çıxış edən zaman söyləyib.

İlham Əliyev deyib ki, artıq belə tədbirlər istər Avropada, istərsə də Rusiya, Türkiyə və Amerikada keçirilə bilər, bununla da biz ictimai diplomatiyanı, xalq diplomatiyasını başlaya bilərik. “Bu cür tədbirlərə hətta Ermənistandan da mütəxəssislər dəvət oluna bilər. Yəni, nifrət deyil, sülh təbliğatçıları olan mütəxəssislər də bu cür tədbirlərə dəvət edilə bilərlər. Yəni, bu özü gözəl bir bünövrə olar”.

“Ermənilər hələ də saxtakarlıqla məşğul olurlar”

Azərbaycan Prezidenti həmçinin bildirib ki, əfsuslar olsun ki, Ermənistanda tarixi hələ də, hər bir addımda saxtalaşdırmaqla məşğul olurlar. “Eləcə də Azərbaycan torpaqları, Qarabağ ilə bağlı saxtakarlıqların şahidi oluruq”.

Erməni tərəfinin saxtakarlıqlarına dair konkret misallar çəkən dövlət başçısı deyib: “Qeyd etməliyəm ki, belə bir saxta tarixi siyasət 5-6 il çəkirdi, hətta ondan sonra yeni bir parametrlərini əlavə edirdilər. Yəni, Azərbaycan şəhərlərinin adlarını belə rəsmən saxta erməni adları ilə dəyişirdilər. Məsələn, Şuşa şəhərini “Şuşi” adlandırmağa başlamışdılar. “Şuşi” adı tarixdə heç zaman olmayıb və heç bilmirəm “Şuşi” nə deməkdir”.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button