AraşdırmaManşet

“İsgəndər-M”-in daşa ilişən “buynuzu”: Kremlin təhdid dili işə düşməyə başladı  

Mixail Aleksandrov: “Azərbaycan hardan bilir ki, Ermənistan “İsgəndər-M” raketindən istifadə edib?”

Mixail Neyjmakov: “Rusiya bu məsələ ilə bağlı regional oyunçularla, habelə Bakı və İrəvanla fərqli dildə danışacaq”

44 günlük müharibənin sonlarında Şuşa şəhərinə Ermənistanın “İsgəndər” raketi atması artıq ciddi qalmaqala çevrilib. JAMAZ.İNFO xəbər verir ki, atılmasına rəğmən partlamayan və ANAMA tərəfindən aşkarlanan həmin raketin qalıqları hazırda Bakıda nümayiş olunur.

Eyni zamanda, rəsmi Bakı Rusiya və İrəvandan qadağan olunmasına rəğmən, “İsgəndər” raketindən istifadə edilməsinə görə izahat tələb edir. Ötən gün ölkə başçısının bəyanından da aydın görünür ki, Azərbaycan tərəfi məsələdə israrlıdır. Həmçinin Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov da bildirib ki, bununla bağlı araşdırma aparılır və tərəflər dialoq içindədirlər.

Qeyd edək ki, Ermənistanın baş naziri Nikol Paşinyanın Qarabağ müharibəsində “İsgəndər” raketlərindən istifadə etmələrinə dair etirafından başlayan proses Kremlin ürəyincə deyil. Hətta Rusiya bu söhbət ortaya çıxandan sonra Ermənistan Müdafiə Nazirliyindəki adamlarını hərəkətə belə gətirmişdi. Onik Qasparyan və dəstəsinin Paşinyana etimadsızlıq göstərməsinin effektiv olmaması isə erməni baş nazirin işinə yaradı.

Bu əsnada, Rusiya “İsgəndər” raketinin atılması və partlamaması barədə ortaya çıxan məlumatlardan ciddi narahatlığını üzdə büruzə verməsə də, arxa planda bütün imkanlarını işə salmağa çalışıb. Artıq dünəndən etibarən Kremlə bağlı “ekspert”lər ard-arda açıqlamalar verərək, “İsgəndər” raketinin yüksək “məziyyətlərindən” bəhs edərək, Azərbaycanı təkzib etməyə başlayıblar. Onlardan biri siyasi şərhçi, hərbi-siyasi araşdırmalar mərkəzi olan MQİMO-nun eksperti Mixail Aleksandrovdur. O iddia edir ki, Azərbaycanın Rusiyadan “İsgəndər” raketlərinin Ermənistana satması ilə bağlı izahat tələb etməsi absurddur. Onun sözlərinə görə, Rusiyanın Ermənistana sözügedən raket kompleksinin satmasını Bakı bilirdi. “Ermənistan hətta bu raketləri özünün keçirdiyi hərbi paradda belə nümayiş etdirib. Ona görə də, Əəliyevin “İsgəndər” raketləri hardandır sualını etməsi absurddur. O özü də yaxşı bilirdi ki, Ermənistanda bu raketlər var”.

Aleksandrov bundan sonra təlimata uyğun olaraq, təkzib işinə start verib. “İndi yeganə dəqiqləşdirilməli məsələ odur ki, Ermənistan müharibə zamanı “İsgəndər”dən istifadə edib, ya yox. Bakıda nümayiş etdirilən hansısa raketin qalıqları hələ onun “İsgəndər” olduğunu deməyə əsas vermir. Çünki Azərbaycanda “İsgəndər” raketləri yoxdur. Onlarda bu raketlər bağlı bilgisi olan hərbçilər də mövcud deyil. Ki, onlar raketin növünü müəyyən etsinlər. İistisna deyil ki, Əliyev bu məsələni süni olaraq qabardır. Məqsəd də Rusiya ilə Ermənistan arasında olan dərin münasibətləri zədələməkdir”.

Rus “ekspert” “malalama” işinin yekunlaşdırmadan, başqa bir “arqument” sərgiləyib. “Ermənistana “İsgəndər- E” model raketlər verilib. Onun hədəfi vurma uzaqlığı 300 km-dir. “İsgəndər-M” raketlərini Rusiya heç bir müttəfiqinə, hətta Belarusiyaya belə verməyib”.

Mixail Aleksandrov daha sonra “İsgəndər” raketindən Ermənistanın istifadə etdiyinə şübhə etdiyini də dilə gətirib. Və bunu belə “əsaslandırıb” ki, həmin raketlərlər Şuşanı vurmaqdansa, ermənilər Azərbaycanın enerji sektorunu, strateji infrastrukturlarına zərbə endirərdilər.

MQİMO-nun eksperti vurğulayır ki, Paşinyanın məlum açıqlaması və Azərbaycanın hazırda tutduğu mövqe Rusiya hərbi silah sənayesinin nüfuzuna bir xeyli zərər gətirib. “Düzdür, sonradan Paşinyan öz sözlərinə düzəliş elədi. Lakin ilk açıqlamanın “qəlpələri” artıq bir xeyli ziyan vurmuşdu. Bu problemi aradan qaldırmaq isə vaxt istəyir”.

Siyasi və İqtisadi Kommunikasiyalar Agentliyinin analitiki Mixail Neyjmakov isə həmkarından fərqli olaraq, Kremlin yaxın gələcəkdə Ermənistan və Azərbaycanla “fərqli dildə” danışacağını söyləyib. “Son dövrlər Azərbaycan və Ermənistanın “İsgəndər” raketləri ilə bağlı çıxışları korrektə olunmayan çıxışlardırlar. Belə olan halda Moskvanın hazırda tutduğu mövqe daha doğrudur. Mümkündür ki, Rusiya hələ gözləyir. Gözləməsinin səbəbi də odur ki, xarici siyasətlə məşğul olan dövlət orqanları yaxın günlərdə özünün danışıq aksentinə korrektə edib, müttəfqilərlə yeni formada və dildə danışacaq. Bundan sonra regional oyunçularla hansı dildə danışılmasının əyani sübutlarını görəcəyik”.

P.S. Qeyd edək ki, Aleksandrov birmənalı olaraq Rusiyanın “çulunu sudan çıxarmağa” çalışıb. Hərçənd onun arqumentləri olduqca bəsitdir. Məsələn, ekspert “Azərbaycan haradan bilir ki, Ermənistan raket atıb, ya yox” sözünü işlətməsi gülməlidir. Bunu Ermənistanın baş naziri Nikol Paşinyan dəfələrlə bəyan edib. Hətta Rusiyanı ittiham edib ki, verdiyi silahlar heç 10 faiz işə yaramayıb. Onun təkcə, bu yanaşması kifayət edir ki, sözügedən şəxs obyektiv olmamaqla yanaşı, həmə baş verənlərdən məlumatsızdır.

Mixail Neyjmakova gəldikdə isə o, açıq-aydın Rusiyanın bölgə dövlətlərini, xüsusən də Ermənistan və Azərbaycanı təhdid edəcəyini gizlətmir. Hətta vurğulayır ki, bunun üçün XİN yeni “aksnet” və “dildə” danışacaq.

Aydın məsələdir ki, Rusiya “İsgəndər” məsələsində ciddi şəkildə narahatdır. Burada bir neçə məqam var. Birincisi, Rusiyanın istehsal etdiyi silahların etibarsızılığı ortaya çıxır. Bu da onun hərbi sənayesinə ciddi zərbədir. İkinci məsələ isə odur ki, Rusiya bu silahların Ermənistana hansı adla verdiyini əsaslandıra bilmir. Onun “anbardan oğurlanıb” kimi təqdim etməsi isə daha çox biabırçılıq deməkdir. Ona görə də, ən “optimal” yolu seçərək, hər iki tərəfi təhdid etməyə start verib. Hələlik ekspertlər səviyyəsində. Əgər bu işə yaramasa, o zaman əvvəlcə XİN “xoda” düşəcək, ardından da Kreml.

Ermənistanın hansı mövqe sərgiləyəcəyi hardasa məlumdur. Oonlar Moskvanın təhdidləri qarşısında dayana bilməyəcəklər. Xüsusən də bu, prosesin daxildəki siyasi vəziyyətin gərginləşməsinə gətirib çıxaracaq deyə, Paşinyan hökuməti susmağa üstünlük verəcək. Azərbaycana gəldikdə isə Bakı bir şərtlə susa bilər ki, Rusiya Qarabağ məsələsində irəli sürülən tələbləri yerinə gətirsin. Əks təqdirdə, geri çəkilmək və ya susmaq bölgədə bütün imkanlarımızı, təsir rıçaqlarımızı itirməklə yanaşı, Qarabağ məsələsinin də əbədilik həll olunmamasına gətirib çıxaracaq.

Fərda Uğur

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button