ManşetSosial

“İstedadlar batmasın! Sahil Babayev “Nobel” alsın!”

Azərbaycanda çox nazirliklər var. Məsələn, Səhiyyə, Fövqəladə Hallar, canım sizə əraz eləsin, Mədəniyyət və sairə. Hamısı da biri-birindən “özəl” və “gözəl” faliyyətləri ilə ad çıxarıblar.

Amma ölkədə bir nazirlik var ki, bütün tibb elimini vurub bir-birinə. Söhbət Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən gedir. O nazirlik ki, başında “dahi” insan Sahil Babayev dayanır.

Sahil Babayev artıq bir neçə ildir, sübut edir ki, onun “elmi naliyyətləri”, “ixtira” və “kəşfləri” məhz Azərbaycandan olduğu üçün dünya tibb elmi tərəfindən qəbul edilmir, qısqanclıqla qarşılanır. İndi deyəcəksiz ki, axı, bu haradan çıxdı? Heç bir yerdən çıxmayıb. Elə necə varsa, o cürdür.

Deməli, həşəmətli Sahil müəllim təkcə, Azərbaycan xalqına deyil, dünya tibb elminə sübut edir ki, bir ayağı amputasiya edilmiş (kəsilmiş) şəxsin ayağı yenidən bitə bilər. Gülməli gəlməsin. Həqiqətən də Zaqatalada bir ayağı olmayan vətəndaşa qoyulan diaqnoz belə olub. Nazirin məntiqi ilə insan orqanizmi ağac kimi bir şeydir və onun bir hissəsi kəsilib, atılarsa, yenidən bərpa oluna bilər.

Amma möhtərəm nazirin “ixtira” və “icadı” təkcə bununla da bitmir. O tibb elminə sübut edir ki, onkoloji xəstə, kimya terapiya terapiya müalicəsi görən vətəndaş sağala bilər. Hərçənd necə və nə cür sağala bilər məsələsini açıqlamayıb. Görünür, bu yeni “kəşfi”ni gizlədərək, qəfil şəkildə ortaya çıxaracaq.

Ancaq bu da son deyil. Sahil Babayev tibb elmində elə “inqilabi” naliyyətlərə əl atıb ki, onu sözlə ifadə ermək mümkün deyil. Bir misal da çəkək. Bakı şəhər sakini 21 ildir epilepsiya xəstəliyindən əziyyət çəkir. Və bu il ərazində məlum nazirliyin Rebalitasiya Mərkəzində qeydiyyatdadır və hər il orada müalicə alır. Noyabr ayında Sahil müəllim yeni “kəşf”ni açıqlayaraq bəyan edib ki, sağalması mümkün olmayan epilepsiya xəstəsi sağala bilər. Bunun üçün onun əlində çoxlu “dəlil” və “sübutlar” var. Üstəlik, həmin xəstəliyin “dərmanı”nı da tapıb. Həmin “dərman” da ondan ibarətdir ki, şəxsin pensiyası kəsilməlidir. Vəssəlam, vətəndaşın pensiyası kəsildikdən sonra o, “əbədi” olaraq sağalma mərhələsinə daxil olub. Yəqin ki, bir həftəyə, 10 günə, bir nəfər molla bu “sağalma” prosesini yekunlaşdıracaq.

Deyirəm, biz xalq olaraq çox naşükürük. Əlimizə düşmüş belə bir “dahi” və “istedad”ın qədrini bilmirik. Nemət ayağımıza qədər gəlib, amma di gəl, ondan faydalanmırıq. Təsəvvür edin, Sahil Babayev elə bir xəstəliyin “mnüalicə”sini tapıb ki, bütün tibb elmi şoka düşüb. ABŞ və Britaniya Tibb Akademiyasında 4-5 alim intihar edib. Fransa Tibb İnstututunun direktorunun ürəyi partlayıb. Almaniya Tibb Akademiyasında çalışan alimlərin ikisi özünü Reyn çayına, biri isə Elba çayına atıblar. Xoşbəxtlikdən hər üç alimi xilas etmək mümkün olub. Amma gər ki, biz Sahil müəllimin qədrini bilmirik. Onun “fədakar”, “uzaqgörən” siyasətini qəbullanmaq istəmirik.

Həmin yeni “kəşf” nədən ibarətdir? Sahil Babayev “isbat” edib ki, Masallıdan olan 11 yaşlı, anadangəlmə Tubulopatiya , yəni “süngərvari böyrək” (hər iki böyrək) diaqnozlu uşağı müalicə ilə sağaltmaq mümkündür. Tək çarəsi də pensiyanın kəsilməsidir.

İndi o fransız, amerikan, alman, ingilis köpəyoğlu, intihar etməsin, nə etsin? Hər il milyardlarla dollar xərcləyib, xəstəliyin müalicəsini tapa bilməyən həmin binəva alimlər, özlərini öldürməsinlər, neyləsinlər? Axı, uzun illərdir bu sahədə saç ağartmış insanlar, Sahil Babayev kimi bir “şəxsiyyət”in niyə tanımayıblar?

Qısacası, təklif edirəm ki, həşəmətli, əzəmətli, möhtərəm, möhtəşəm, unikal tapıntı, yeriyən canlı heykəl olan Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayevin bu “dəruni” elmi araşdırmalarını ortaya çıxararaq, onun “Nobel” mükafatı almasına yardımçı olaq. Devizimiz də belə olsun: “İSTEDADLAR BATMASIN! SAHİL BABAYEV “NOBEL” ALSIN!”

Fikrət Fəraməzoğlu  

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button