DünyaManşet

Kiyevdə rusların 200 texnikası məhv edilib: Ukrayna xəbərləri – FOTOLAR

Rusiyanın Ukraynaya hərbi təcavüzü davam edir. JAMAZ.İNFO xəbər verir ki, bu gün səhər saatlarından başlayaraq, rusların Ukrayna şəhərlərinə hücumları yenidən start götürüb. Hazırda vəziyyət necədir?

Zimei adasındakı əsgərlər sağdır

Xəbər verildiyi kimi, Qara dənizdə Zimeyi adasındakı Ukrayna ordusunun 13 əsgərindən 5 gün idi xəbər yox idi. Onların döyüşlərdə öldüyü güman edilirdi. Bu gün məlum olub ki, həmin döyüşçülər sağdırlar və Rusiya tərəfindən əsir götürülüblər.

Kiyev uğrunda qanlı döyüş

Bildirək ki, bu gün səhər saatlarından etibarən Rusiya ordusu böyük qüvvə ilə Kiyev şəhərinə hücuma başlayıb. JAMAZ.İNFO xəbər verir ki, Ukraynanın paytaxtı uğrunda gedən döyüşlər ruslar üçün ciddi itkilərə səbəb olub.

Belə ki, Ukrayna ordusu onların hücumlarını dəf etməklə yanaşı, həm də ərazidən bir xeyli uzaqlaşdırmağa nail olublar. Ukrayna prezidenti ofisinin baş məsləhətçisi Aleksey Arestoviç bildirib ki, rus ordusu ciddi itkilər verib. “Biz onları külək sovuran kimi qovduq. Saat 14:00-a olan məlumata görə, Rusiya ordusu Kiyev yaxınlığında 200 ədəd müxtəlif hərbi texnikasını itirib. Onların yarısı İrpen-Jitomir yolunda məhv edilib”.

Berdiyanski camaatı etiraza qalxdı

Dünən axşam rus ordusu tərəfindən işğal edilən Berdiyanski şəhərinin əhalisi bu gün səhərdən etibarən etirazlara başlayıb. JAMAZ.İNFO xəbər verir ki, şəhər əhalisi küçələrə axışaraq, rus ordusunun şəhəri tərk etmələrini tələb edirlər. Etirazçılar şəhərin mərkəzində Ukraynanın dövlət himnini oxuyublar.

İki rayonun meri ruslara məlumat ötürürmüş

Ukrayna xüsusi xidmət orqanları bu gün səhər saatlarında Xarkovda xüsusi əməliyyat keçiriblər. JAMAZ.İNFO xəbər verir ki, əməliyyat zamanı həbs olunanlardan biri Xarkov şəhərinin Cənub rayonunun meri Aleksandr Bryuxanovdur.

O, dövlətə xəyanətdə ittiham edilir. Belə ki, Bryuxanov ruslarla gizli danışıq aparıb, bəzi koordinatları verib və məlumatlar ötürüb.

Həmin əməliyyat zamanı həbs olunan ikinci şəxs isə Kupyanski rayonunun meri Gennadi Maçseqordur. O, rəhbəri olduğu rayonda təxribatla məşğul olub. Əhalini inandırıb ki, guya, Xarkov şəhəri rusların əlindədir və rus ordusu şəhərdə qayda-qanun yaratmaqla məşğuldur.

Diversantlar kilsədə yaxalandı

Rus diversantları bu gün səhər Kiyev şəhərindəki Mixaylov-Zalatoverx kilsəsinə gizlicə sızıblar. Kilsənin mitropoliti Yepifani onların kim olduğunu müəyyən etdikdən sonra, mühafizəçilərə göstəriş verib. Qısa müddətdə diversantlar yaxalanıblar və onlar ordunun nümayəndələrinə təhvil veriliblər.

Ruslar Xarkovda yaşayış binasını vurdular: 3 ölü

Rusiya ordusu Xarkov şəhərini davamlı artilleriya atəşinə tutur. Günorta saatlarında açılan atəş nəticəsində raketlər şəhərin Roqan və Alekseyevka rayonlarındakı yaşayış binasına düşüb. Nəticədə, 14 nəfər yaralanıb, 3 nəfər ölüb.

Minlərlə xarici vətəndaş Ukrayna ordusuna qoşulub

Xəbər verdiyimiz kimi, Ukrayna prezidenti Vladimir Zelinski xarici ölkə vətəndaşlarının da orduya qoşula biləcəyini, bununla bağlı Beynəlmiləl Legion yaratdıqlarını bəyan edib.

Ukrayna Müdafiə Nazirliyi bildirib ki, həmin çağırışdan sonra Legiona qoşulanların sayı bir neçə min nəfərə çatıb.

 

 

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button