AraşdırmaManşet

Məhkəməlik məhkəmə, səriştəsiz istintaq və gələcəyi məhv edilən gənc

Artıq bir müddətdir bu mövzunu araşdırıram. Vəkillərin, həbs olunan gənclərin valideynlərinin dediklərinə, məhkəmə sənədlərini diqqət baxdıqda bu ölkədə daha neçə-neçə gəncin günahsız və haqsız yerə cəzalandırıldığı, həyatlarının məhv edildiyinə şahid oluram.

Söhbət Kənan və Ramil Ağayev qardaşlarının haqsız yerə mühakimə olunmasından gedir. Bununla bağlı, araşdırmamızın iki bölümü yayımlanıb. Diqqətlə oxusanız, hər şey sizə aydın olacaq.

Azərbaycanda məhkəmə və istintaq sistemlərinin bir biril ilə əlbir olması, qanunsuzluqda ad çıxarması, habelə ədalətsizliyin düz mərkəzi olmaları sirr deyil. Uzun illərdir vətəndaşlar bu məsələlərdən şikayətçi olsalar da, nə şikayətə baxan var, nə də onları eşidən.

Hələ uzun illərdir bu qənaətə gəlmişəm ki, ölkədə məhkəmələr notarius funksiyasını həyata keçirir. Çünki polis və ya prokurorluq tutur, işi başdansovdu araşdırır, sonra da məhkəməyə göndərir. Ardından da tələb edir ki, məhkəmə onların dediklərini təsdiqləsin. Bu da olur, biri tutur, biri ittiham edir, biri də onların dediklərini rəsmiləşdirmək.

Kənan və Ramil Ağayevlərin başına gələn də elə budur. Bu iki gənc, savadlı, dünyagörüşlü, öz ixtisasları üzrə çalışıb, zəhmətləri ilə pul qazanan olublar. Olduqca mədəni bir ailənin uşaqlarıdır. Şəxsən tandığım üçün əminliklə bu sözləri yazıram.

Bu gənclər 2019-cu ilin sentyabrında Xətai rayonu ərazisində yerləşən zeytun bağından bir qədər zeytun yığmaq həvəsinə düşürlər. Həmin vaxt özlərini bağın qarovulçuları kimi təqdim edən Piriyevlər ailəsinin 5 üzvü onları nəinki bağdan çıxarıb, üstəlik, təhqir etdikdən sonra üzərlərinə hücum edərək, dəyənəklə döyüblər. Bu zaman özlərini müdafiə edən qardaşlardan biri Kənan Ağayev ona hücum edib, vuran Bağır Piriyevin əlindəki ağac dəyənəyi alaraq, onun sözünə qarşı istifadə edir. Nəticədə, Piriyev başından yüngül yaralanır. Hadisə yerinə polis əməkdaşları gəlir və həmin polisi də məhz mərhumun özü çağırtdırır. Bağır Piriyev və başının dəstəsi Xətai rayon 35-ci Polis Bölməsinə gətirilir. Orada başından yara alan Bağır Piriyev ifadə verir, Kənan Ağayevdən şikayətçi olduğunu bildirir, ilkin tibbi yardım alır, hətta Post Patrul Xidmətinin maşınında şəxsi telefonu ilə selfi çəkib, onu sosial şəbəkələrdə paylaşır. Onu aldığı xəsarətlərdən dolayı ekspertiza olunması üçün Sabunçu rayon 3 saylı Şəhər Klinik Xəstəxanasına göndərirlər. Lakin Bağır Piriyev xəstəxanaya getdikdən iki saat sonra müəmmalı şəkildə ölür.

Həmin xəstəxananın həkimlərinin rəyinə görə, Bağır Piriyev ürəktutmasından dünyasını dəyişib. Məhkəmə Tibbi Ekepertiza Mərkəzi ölümü Kənan Ağayevin vurduğu səbəblə əlaqələndirib, Bağır Piriyevin guya, bu zərbədən dolayı olduğunu sənədləşdirir. Hətta ekspertiza təsdiq edir ki, Bağır Piriyevin kəlləsində heç bir çat əmələ gəlməyib. Xətai rayon Prokurorluğu isə bu iki gənc haqqında Cinayət Məcəlləsinin 120.2.2-ci, 120.2.3 və 220.3-cü maddələri ilə cinayət işi açıb. Nəticədə, Ağır Cinayətlər Məhkəməsində Kənan Ağayevə qarşı qaldırılmış cinyaət işinin maddələri dəyişdirilərək, 120.1 və 128-ci maddələri ilə əvəzlənib və 12 il müddətinə azadlıqdan məhrum edilir.

İşin dəhşətli tərəfi odur ki, Prokurorluq istintaq zamanı o qədər ədalətsizliyə və bitərəfliyə yol verib ki, işi oxuduqca dəhşətə gəlirsən. Təsəvvür edin, 4-5 adam 2 nəfərə dəyənəklə hücum edir, gənclər özlərini qorumağa çalışır və bu dava təqribən 5-6 dəqiqəyə qədər davam edir, amma Bağır Piriyevin ölümü ilə bağlı rəy verən ekspertiza Kənan və Ramil Ağayevlərin xəsarət aldıqlarını təsdiqləmir. Halbuki onlar polisə gətirilən zamanı zərbələrdən dolayı aldıqları xəsarətləri əks etdirən fotoşəkillər istintaqa təqdim olunsa da, müəmmalı şəkildə həmin şəkillər sübutlara daxil edilmir. Bu azmış kimi, istintaq dava zamanı istifadə olunmuş dəyənəyi də dəyişdirir. Hərçənd həmin fotolarda bu dəyənk də əks olunmuşdu. Lakin məhkəmədə tamam başqa dəyənək “sübut” olaraq təqdim edilib.

İşin hallarını araşdırarkən “özünümüdafiə hüququ”na ümumiyyətlə əhəmiyyət verilməyib. Necə ola bilər ki, 4-5 nəfərin 2 nəfərə hücum edir, amma hücum olunanlar xəsarət almırlar? Hərçənd istintaqa ifadə verən və hadisənin iştirakçısı olan adamlar (Piriyevlər-red) təsdiq edirlər ki, onlar da Kənan və Ramil Ağayevləri vurublar. Amma nə hikmətdirsə, Filman və Bəhruz Piriyevlər, habelə Rəhman və Fərhad İsmayılovlar barəsində nə cinayət işi açılır, nə də onlar məsuliyyətə cəlb olunurlar.

Ümumiyyətlə, bu adamların Xətai rayonunda yerləşən zeytun bağlarının qorunmasını təmin edən “Abşeron MMC”-nin işçiləri olub olmadığı belə araşdırılmayıb. Üstəlik, onlardan biri olan Filman Piriyev hadisədən dərhal sonra Sabunçu 3 saylı Şəhər Klinik Xəstəxanaya gedərək, guya, dava nəticəsində qolunun qırıldığını iddia edib, hətta qoluna gips belə qoydurub. Amma bir müddət sonra məlum olub ki, onun qolunda nə qırıq olub, nə də xəsarət.

Qaldırılmış cinayət işində o qədər haqsızlıqlar, qanunsuzluqlar var ki, sadalamaqla bitməz. Məsələn, Bağır Piriyevin ölümünün dəqiq səbəbi sona qədər məlum olmayıb. MTEM-in verdiyi rəy isə açıq şəkildə saxtakarlıqdan başqa bir şey deyil. Çünki Bağır Piriyevin infarkt keçirərək ölməsi sənədlərdə göstərilsə də, onun başından aldığı zərbə ilə əlaqələndirilməsi sadəcə, istintaqın əlinə oynamaqdan başqa bir şey deyil. Digər tərəfdən, ekspertiza rəyində bu ümumiyyətlə, əsaslandırılmayıb. Hətta müdafiə tərəfinin təkrar ekspertiza tələbinə də baxılmayıb. Çünki Bağır Piriyevin nəşi ekspertiza olunarkən, onun bədəni yarılmayıb, ekspertiza isə hansısa maraqlardan dolayı belə qənaətə gəlib ki, mərhum məhz vurulan zərbə səbəbindən dünyasını dəyişib. Halbuki onun ölüm səbəbi infark kimi göstərilib.

Təcrübəli həkimlər, peşəkar tibb işçiləri bildirir ki, başında yüngül zərbə almış şəxsin qısa zamanda ölməsi halı mümkün deyil. Bu o zaman baş verə bilər ki, zərbədən beyində çat və qırıq əmələ gəlsin. Ki, bu zaman həmin şəxsin ayaqda durması, ilkin ifadə verməsi, öz ayağı ilə xəstəxanaya getməsi, telefonla selfi çəkməsi mümkün deyil. Digər tərəfdən, yenə də həmin peşəkarlar bildirir ki, aldığı yüngül zərbədən insanın infarkt keçirməsi hallarına da indiyə qədər tibb sahəsində təcrübəyə rast gəlinməyib.

Bayaq qeyd etdiyim kimi, özünümüdafiə haqqı da nəzərə alınmayıb. Paralel olaraq “qəsdən adam öldümə” maddəsi ilə açılmış cinayət işi də statistika üçün lazım olub. Yəni, Xətai Prokurorluğu açdığı illik cinayət işlərinin sayı çox olsun deyə, plan yerinə yetirib.

Qəsdən adam öldürmənin qanunvericilikdə tövsifi o qədər aydındır ki, bir müstəntiqin bunu bilməməsi utancverici olmalıdır. Yəni, bu maddə onu özündə ehtiva edir ki, şəxs və ya şəxslər qabaqcadan əlbir olmalı, qarşılarına məqsəd qoymalı, silahlanmalı və məqsədini həyata keçirmək üçün konkret addım atmalıdır. Lakin istər istintaq, istərsə də məhkəmə zamanı məlum olub ki, Kənan Ağayev Bağır Piriyevi əvvəlcədən tanımayıb. Onunla təsadüfən zeytun bağında rastlaşıb. Davanın səbəbkarı da məhz Piriyevlər olub. Həmin vaxt Kənanın əlində silah kimi istifadə oluna biləcək heç bir alət olmayıb. Davada istifadə olunan dəyənək də, Piriyevlərə məxsus olub. Belə olan halda, Kənan Ağayevə qəsdən adam öldürmə maddəsi ilə cinayət işinin açılması hansı məntiqə, hansı ədalətə sığır?

Belə halları çox sadalamaq mümkündür. Amma işin acınacaqlı tərəfi odur ki, 3 ilə yaxındır davam edən bu məzhəkə bir gəncin haqsız yerə 12 il həbs cəzası almasıdır. Üstəlik, bu haqsızlıq və ədalətsizliyi həyata keçirən ittihamçı və məhkəmədir. İşin heç bir halını araşdırmayan, daha çox statistikaya işləyən hər iki qurum.

Anladığım bir məsələ var. Dövlət normalda ata funksiyasını həyata keçirir. Onun vəzifəsi ailəsini qorumaq, onun dolanışığını təmin etmək və tərbiyyə verməkdir. Dövlət övladı bildiyi vətəndaşı qorumağa, onun hüquqlarını müdafiə etməyə bilavasitə borcludur. Prokuror “dövlət ittihamçısı” sayılır. Məhkəmə isə “dövlət adından çıxış edən” orqandır. Kənan Ağayevin işində dövlətin (atanın) adından çıxış edən prokuror vətəndaşın (övladın) daha ağır cəza alması üçün dəridən-qabıqdan çıxır. Halbuki dövlət öz vətəndaşını qorumağa, onun hüquqularını müdafiə etməyə mükəlləfdir. Dövlət vətəndaşına “torba tikməməlidir”. Dövlət vətəndaşın daha ağır cəza almasına deyil, onun tərbiyyələndirilməsinə, cinayətdə əlinin olub,olmadığını müəyyənləşdirməyə borclu olduğu halda, əks addım atırsa, bu vətəndaşla dövlət arasında güvənsizliyə səbəb olur. Bu işdə də Xətai Prokurorluğu sözün həqiqi mənasında dövlətin nüfuzunu aşağı salan hərəkətə yol verib. Məhkəmə də onun şərikli davranıb.

Yəni, həmin davada Kənan Ağayevin özünümdafiə haqqı nəzərə alınmayıb. Həmin hadisənin iştirakçıları olan Filman və Bəhruz Piriyevlər , Fərhad İsmayılov və digərləri ümumiyyətlə, məsuliyyətdən kənarda saxlanılıb və himayə olunub. Kənan Ağayevin xəsarət alması sübut kimi işə əlavə olunmayıb. Onun atası, vəkil Akif Ağayevin müdafiəçi kimi prosesdə iştirakına qadağa qoyulub. İşin halları, xüsusiyyətləri, müdafiə tərəfinin sübutları qətiyyətlə rədd edilib. Halbuki həmin sübutlar məhkəmənin qaldırılmış cinayət işinin ləğvi üçün yetərli qədər əsas verirdi. Amma bunların heç birinə məhəl qoyulmayıb.

Buradan Azərbaycan Respublikasının Baş Prokuroru Kamran Əliyevə müraciət edirəm: Xətai rayon Prokurorluğunun Kənan Ağayevlə bağlı qaldırdığı cinayət işinin təkrar istintaqa qaytarılması, onun yenidən araşdırılması prosesini şəxsi nəzarətinizə götürəsiniz. Siz bununla təkcə prokurorluq adına xələl gətirən, eyni zamanda işini bacarmayan əməkdaşlarının müəyyən edilməsi ilə yanaşı, həm də iki gəncin həyatını, onun gələcəyini, habelə həqiqi cinayətkarların müəyyən edilməsini və ən əsası ədaləti bərpa edə bilərsiz. Ümid edirəm ki, müraciətimə müsbət cavab verəcəksiniz.

Fikrət Fəraməzoğlu

JAMAZ.İNFO-nun baş redaktoru

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button