ManşetSosial

Masallıda 5 il öncə baş vermiş cinayətin üstü niyə açılmır? – Vətəndaş Vilayət Eyvazovdan kömək istəyir

Azərbaycanda son illər oğurluq hallarının sayı artıb. Bunu Daxili İşlər Nazirliyi də özünün hesabatlarında təsdiq edir. Lakin bu oğurluq hallarının müəyyən qismi hələ də açılmayıb.

JAMAZ.İNFO-ya müraciət edən Masallı rayon Yeyənkənd kəndinin sakini, hazırda pensiyada olan həkim Müslim Məmmədov deyir ki, onun evindən edilən oğurluğun üstü düz 5 ilə yaxındır ki, açılmayıb.

Bütün dövlət qurumlarına müraciət edən, bir neçə dəfə DİN-də qəbulda olan Məmmədov bildirir ki, evindən oğurluq etmiş şəxs bunu etiraf etsə də, Masallı rayon Polis Şöbəsi bu barədə hər hansı addım atmayıb.

Hadisə 10 iyul 2017-ci ildə baş verib. Müslüm Məmmədovun evindən isə 40 min manatlıq qızıl-ziynət əşyaları oğurlanıb. Hadisədən dərhal sonra Masallı rayon Polis Şöbəsinin əməkdaşları evə gələrək, araşdırma aparıblar. Onlar əl izlərinin nümunələrini götürüb, bir sıra baxış keçirdikdən sonra gediblər. Masallı sakini deyir ki, bu araşdırma və axtarışlardan sonra polis işçiləri bildiriblər ki, hadisə yerindən götürülmüş əl izləri nümunələri aydın düşmədiyindən istintaqda bir işə yaramayıb. Onun sözlərinə görə, elə bundan sonra istintaq işi yubatmağa başlayıb.

Məmmədov deyir ki, istintaqı əvvəlcə müstəntiq Nizami Canıyev aparıb. Daha sonra isə iş müstəntiq Pərviz Məmmədova, Şahbalaya və Aqşin Səfərliyə verilib. Sonuncu müstəntiqin iş yeri dəyişdikdən sonra məsələ yaddan çıxıb və bu gün baxılmamış qalıb. “Qızılların konkret olaraq kimlər tərəfindən oğurlandığı aydın bilinir. Bunu hətta həmin şəxsin özü də bir neçə dəfə etiraf edib. Və səbəb kimi, oğlumla olan münasibətləri, Kazanda olarkən aralarında yaranmış mübahisəinin acığına etdiyini də dilə gətirib. Eyni zamanda, istintaqda dindirmə zamanı hadisədə şübhəli bildiyimiz şəxslərdən biri yalan ifadə verdiyi üçün barəsində məhkəmə qərarı ilə 10 sutka həbs cəzası çıxarılıb. Lakin həmin şəxsin himayəsində azyaşlı uşağın olması səbəbindən bu həbs ev dustaqlığı ilə əvəz edilib”.

Müslüm Məmmədov başqa maraqlı məqamlara da toxunub. O deyir ki, şübhələndikləri, habelə oğurluiğu etdiyinə əmin olduqları şəxs bu gün də onlarla düşmənçiliyinə davam edir. Onun sözlərinə görə, hələ hadisədən bir qədər sonra Masallı rayon Polis Şöbəsinin rəis müavinlərindən biri onu və şübhələndikləri şəxsi şöbəyə dəvət edərək, onlardan barışmağı, dəymiş zərərin isə yarısının məhz şübhələndikləri şəxs tərəfindən qarşılanacağını təklif edib. “Həmin vaxt bildirdim ki, bu mümkün deyil. İstintaq da sübut edir ki, oğruluğu kim edib və tələbim həmin şəxsin saxlanılması və mənə dəymiş ziyanın ödənilməsidir. Bundan sonra məsələ yenə “letargiya yuxusu”na döndü. Düz 5 ilə yaxındır ki, nə oğru tapılır, nə də bizə dəymiş ziyan ödənilib”.

Digər maraqlı məqam isə odur ki, şikayətçinin şübhələndiyi şəxs öz kəndçisinə 30 min manat pul təklif edərək, onun Müslüm Məmmədovdan şikayətçi olmasını istəyib. “Həmkəndlim əvvəlcə gəlib, bunu mənə dedi. Daha sonra isə bizimlə birlikdə Masallı rayon Polis Şöbəsinə getdik. Orada baş verənləri danışdı, istintaqa ifadə verdi. Həmin ifadədə qeyd edilir ki, şübhələndiyim şəxs mənim evimdən oğurluq etdiyini etiraf edib və deyib ki, bu əməli acığa törədib. İndi isə 30 min təklif edir ki, həmkəndlimi məndən şikayətçi salaraq, həbsimə nail olaraq, bu yolla işi ört-basdır etsin”.

Bundan başaqa, şübhələndikləri şəxsin yaxınları Müslüm Məmmədovla görüşərək, oğurlanmış qızıllların dəyərində pul toplayaraq, həmin vəsaitlə ziynət əşyalarını almağa hazır olduqlarını deyib. “Mənə dedilər ki, oğurlanmış qızılların yarı pulunu verməyə hazırdırlar. Lakin mən yenə də imtina etdim. Qızıllarımın tamının geri verilməsini bildirdim”.

Müslüm Məmmədov deyir ki, 2017-ci ildən bəri bu cinayət hadisəsinin üstünün açılmaması olduqca şübhəlidir. “Masallı rayonu elə də böyük yer deyil. Burada hər hansı bir hadisənin üstünü açmaq da çətin məsələ sayılmır. Maraqlıdır ki, Masallı polisi dağda dana oğurlayan şəxsi iki-üç gün ərzində müəyyən edib, həbs etməyi bacarır, amma kəndin düz mərkəzində, özü də günün günorta çağı evdən oğurluq edən adamları tapa bilmir. Hərçənd oğurluq edən şəxs dəfələrlə bir neçə yerdə bunu etiraf edib. Mənə elə gəlir ki, hansısa maraq və ya adam bu cinayətin üstünü açmağa imkan vermir”.

Qeyd edək ki, Masallı rayonunun Yeyənkənd kəndində baş vermiş məlum oğurluq zamanı oğurlanmış qızıllar təkcə, Müslüm Məmmədova məxsus olmayıb. Onun böyük hissəsi sözügedən şəxsin bacısı və qızına məxsus olub.

Müslüm Məmmədov DİN rəhbərliyinə, xüsusən də nazir Vilayət Eyvazova JAMAZ.İNFO vasitəsi ilə müraciət edərək, ondan baş vermiş hadisə ilə bağlı obyektiv araşdırılmasını xahiş edib. “Mən DİN rəhbəri Vilayət Eyvazova müraciət edərək, xahiş edirəm ki, bu məsələnin üstünün açılmasında bizə köməklik göstərsin. Bu işi birabaş öz nəzarətinə götürsün. Əminəm ki, cənab nazir bizim sözümüzü eşidib, lazım olan tədbirlərin görülməsi barədə qəti göstəriş verəcək”.

Nəzərinizə çatdıraq ki, JAMAZ.İNFO-ya danışan Müslüm Məmmədov oğurluqda şübhəli bildiyi şəxslərin adlarını çəksə də, bu istintaq sirri olması, habelə etika xətrinə onların adlarını qeyd etməmək qərarı verdik. Eyni zamanda, inanırıq ki, Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov vətəndaşın müraciətini nəzərə alaraq, baş vermiş cinayət hadisəsinin üstünün açılmasına köməklik göstərəcək.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button