İqtisadiyyatManşet

Natiq Cəfərli: “Payızda Rusiyadan Azərbaycana kütləvi köç ola bilər”

Ukraynadakı müharibə ilə əlaqədar Rusiyaya olduqca sarsıdıcı, ölümcül sanksiyalar tətbiq edildi. Bu sanksiyalar ölkə daxilində əhalinin sosial durumuna ciddi təsir göstərir. Rusiyada yaşayan və çalışan həmyerlilərimiz də bu vəziyyətdən təsirlənir. Hazırda qonşu ölkədən Azərbaycana daxil olan vəsaitdə kəskin azalmalar var. Bu səbəbdən artıq bəzi insanlar Azərbaycana geri qayıtmağı düşünür.

Mövzuyla bağlı Modern.az-a danışan iqtisadçı ekspert Natiq Cəfərli qeyd edib ki, əslində, Rusiyadan gələn vəsait Azərbaycanda kifayət qədər ciddi rol oynayırdı: “Əsasən də bəzi regionlarda əhalinin sosial vəziyyətinin, sosial problemlərinin həllində Rusiyadan gələn vəsaitin rolu kifayət qədər yüksəkdir. Buradan ölkəyə daxil olan vəsaitin pik həddi 2012-ci ildə oldu. Həmin il ərzində Rusiyadan Azərbaycana təqribən 3.8-3.9 milyard dollar pul daxil olmuşdu. Amma son illər daxil olan vəsait 1 milyard civarındaydı. İndi təbii ki, bu rəqəm xeyli azalacaq. Ola bilsin ki, bir müddət Rusiyadan vəsait daxil olması dayansın. Bu, vəsaitlə öz sosial-iqtisadi problemlərin həll etməyə öyrəşmiş ailələrə çox ciddi təsir göstərəcək”.

Ekspert iqtisadi çətinliklərə görə azərbaycanlıların vətənə qayıtmasını istisna etməyib: “O ki qaldı köçün baş verməsinə, bəli, belə faktlar ola bilər. Düzdür, indidən bunun kütləvi hal alacağını düşünmürəm. Çünki 2014-cü ildə də Kırıma görə sanksiya tətbiq olundu, rubl dəyərdən düşdü, iqtisadi çətinliklər yarandı, ancaq azərbaycanlılar həmən vətənə qayıtmaqla bağlı qərar vermədilər. Çünki Azərbaycana qayıdanda da eyni problemlərlə, yəni işsizliklə, biznes qurmaqla bağlı çətinliklər yaşaya bilərdilər. Bütün bunlar onların vətənə qayıtmaq istəyinin gecikməsinə səbəb oldu. İndi də mən düşünürəm ki, həmyerlilərimiz bir müddət gözləmə mövqeyi tutacaqlar.

Yəni hələlik kütləvi köçün olacağını düşmürəm. Ən azı bir neçə ay gözləyəcəklər. Vəziyyətin düzəlməsi, sabitləşməsi üçün hansı addımların olmasına baxacaqlar. Əgər, doğrudan da, vəziyyət daha çox pisləşsə, o zaman kütləvi köç başlaya bilər. Təqribən payız aylarında bu baş verə bilər. Ona görə də, ölkə buna hazırlaşmalıdır. İndiki dövrdə Azərbaycan buna hazır deyil”.

 

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button