ManşetSiyasət

Nikol Paşinyan: “Müharibə Şuşa uğrunda olub”

Bu gün Ermənistan parlamentində hökumətin hesabatı dinlənilib. JAMAZ.İNFO xəbər verir ki, həmin iclasda Ermənistanın baş naziri Nikol Paşinyan çıxış edib. O, çıxışının böyük hissəsini yenə Qarabağ məsələsinə həsr edib və müxalifətin ittihamlarına cavab verib.

Bildirək ki, Nikol Paşinyan çıxışında Azərbaycanla sərhəddi sərhədçilər və konkret işarələr qoruya biləcəyini düşündüyünü deyib. “Biz sərhəddə sərhəddçilərin olmasını istəyirik. Nə qədər ki, əsgərlər sərhəddə dayanıb, sülhdən danışmağa dəyməz. Sülh odur ki, sərhəddə sərhədçi var, məsələlər mövqe, yüksəklik yox, sərhəd nişanları ilə həll olunur. Sülh deyilən dövrdə bizim minə yaxın qurbanımız oldu. Bu, sülh deyil”.

Paşinyan daha sonra bildirib ki, o, dünən parlamentdəki çıxışına bir daha nəzər yetirib. “Həmin çıxışla biz Ermənistan Respublikası və Qarabağ üçün yeni imkanlar açdıq. Əvvəlki dövrün bütün danışıqlar prosesində Ermənistan və Qarabağ siyasi və diplomatik məkandan məhrum idi. Biz Ermənistana, Qarabağa, dövlətçiliyi qoruyub saxlamaq üçün yol açırıq”.

Nikol Paşinyan iddia edib ki, Şuşa məsələsi 1996-cı ildə danışıqlar masasında olub. Onun sözlərinə görə, 2016 və 2018-ci ildə əldə olunmuş razılaşmalarda açıq şəkildə yazılıb ki, danışıqlar prinsipləri razılaşdırıldıqdan sonra “dqr” nümayəndələrinin iştirakı ilə hökumətlər danışıqlara başlayacaq. “Burada həmin Qarabağ nümayəndələri deməklə Qarabağ ermənilərini və azərbaycanlıları nəzərdə tutulurdu. Məsələ ondadır ki, həmin nizamlanmaya əsasən “dqr” azərbaycanlıları danışıqlar masası arxasına əyləşəcək, məsələ həll olunmayana qədər proses davam edəcək. 1996-cı ildən müzakirə olunan Şuşa məsələsi həll olunmayana qədər heç bir razılaşma olmayacaqdı. Serj Sarkisyan Şuşanı təhvil verəcəkdi. Təslim etməsəydi, müharibə başlayacaqdı. Təkcə Şuşanı yox, Qarabağın bir hissəsini təhvil verəcəkdi”.

Ermənistanın baş naziri vurğulayır ki, ona qarşı “Qarabağı satdın” ittihamı əsassızdır. “Bu gün bizə deyirlər ki, siz Qarabağı vermək istəyirsiniz. Biz Qarabağı vermək istəsəydik, Serj Sarkisyanın qoyub getdiyi danışıqlar prosesini sona qədər aparardıq və Qarabağı verərdik”.

Onun sözlərinə görə, müharibə elə Şuşa uğrunda olub. “Bizə deyirlər ki, sən Şuşanı təslim etmisən. Yox. Müharibə Şuşa üçün olub. Deyirlər ki, müharibəni dayandıra bilərdin, qarşısını ala bilərdin. Məgər biz bunu düşünmədik? Biz yaxşı bilirdik ki, Şuşasız müharibəni dayandırmaq mümkün deyil. Mənim danışdığım hər şey Qarabağı təhvil verməməkdən ibarətdir. Ehtiyatlı olun, təhvil verməkdən yox. Çünki başqa yolla getsək, Qarabağı təslim edəcəyik”.

Nikol Paşinyan parlamentdə çıxışı zamanı dünən Serj Sarkisyanın Qarabağ məsələsinin mərhələli həlli ilə bağlı heç vaxt danışıqlar aparmaması barədə bəyanatına da toxunub. Onun sözlərinə görə, Serj Sarkisyanın çıxışının yalnız həmin epizoduna istinad etməsi təsadüfi deyil. “Burada bir fakta diqqətinizi çəkmək istəyirəm. Niyə Serj Sarkisyan yalnız həmin epizoda reaksiya verdi? Çünki həmin epizodun dəqiqləşdirilməsinin özü sualı həll edir ki, 1998-ci ildə hakimiyyət dəyişikliyi Qarabağın hansısa statusu, yaxud Qarabağı xilas etmək üçün olmayıb. Bu, hakimiyyəti ələ keçirmək üçün idi. Ancaq bu epizoda istinad etməsinin səbəbi budur. Yalnız bu epizodun təfərrüatsız izahı 20 illik tarixin tamam başqa kontekstdə olduğunu vurğulayır”.

Onun sözlərinə görə, təsadüfi deyil ki, 2020-ci il müharibəsindən sonra 2018-ci ilə qayıdan Serj Sarkisyan iki dəfə prezident postunu tutduqdan sonra Qarabağ məsələsinə görə baş nazir qalmaq istədiyini bildirib.

“Hər şeyin legitimliyi Qarabağ məsələsidir. O, 2018-ci il aprelin 17-də danışıqların dalana dirəndiyini və nikbinlik yaratmadığını deyəndə Qarabağ məsələsini necə həll edərdi? Azərbaycanın danışıqlardan gözləntiləri real deyil, o, Azərbaycanın qeyri-real tələblərini qəbul edərdi”.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button