AraşdırmaManşet

Paşinyanın Qarabağla bağlı yeni “Qurtuluş naminə ayrılmaq” planı nə qədər realdır?  

Ermənistanın baş naziri Nikol Paşinyan Qarabağ probleminin necə həll edilməsi yolunu tapdığını bəyan edib. O, bu gün keçirdiyi görüşlərdən birində məsələ barədə danışıb.

O deyib ki, hazırda Qarabağ məsələsinin ermənilərin xeyirnə həlli üçün 4 il bundan əvvəlkindən daha yaxşı şərait yaranıb. Onun sözlərinə görə, ilk baxışdan bur qəribə görünə bilər. “Lakin mən nə danışdığımı bilirəm. Problem ondadır ki, mən indi detalları açıqlaya bilmərəm. 2018-2019-cu illərdə aparılan danışıqları zamanı yaranmış vəziyyət, onun nəticələri və detalları barədə  danışmaq üçün hələ tezdir”.

Paşinyan deyib: “Yalnız onu deyə bilərəm ki, ATƏT-in Minsk Qrupu çərçivəsində Dağlıq Qarabağın yekun statusunun müəyyən edilməsi ilə bağlı danışıqların start götürülməsinin vacibliyi artıq təsdiqlənib. Biz hesab edirik ki, bu hadisələrdən sonra “Qurtuluş naminə ayrılmaq” prinsipinin reallaşdırılması imkanları daha çoxdur. Biz bu istiqamətdə fəaliyyətimizi qurmalıyıq”.

Bildirək ki, Ermənistanın baş naziri artıq bir neçə dəfədir ki, Qarabağ məsələsində onlar üçün əlverişli vəziyyətin yarandığını bəyan edib. Hətta müharibədən qısa ara sonra açıqlamasında bildirmişdi ki, Qarabağ məsələsinin həlli üçün bundan yaxşı şərait yaranmayıb. Onun dediklərindən anlaşılan budur ki, İrəvan Qarabağın “müstəqillik” məsələsində israrlıdır. Hətta status sözünü qeyd edərkən, bunun “müstəqillik”dən keçdiyini də gizlətməyib.

Lakin Azərbaycan tərəfi dəfələrlə bəyan edib ki, Dağlıq Qarabağ münaqişəsi bitib və bununla bağlı hər hansı bir müzakirəyə gərək də yoxdur. Hətta ATƏT-in Minsk Qrupunun həmsdərləri Bakıya səfər edərkən Prezident İlham Əliyev onların vasitəçiliyinə gərək olmadığını da vurğulayıb. Belə olan təqdirdə, Ermənistan Qarabağa “müstəqilliyi” hansı şərtlər altında və necə istəyəcək?

Digər tərəfədən, hazırda əsas gərginlik Qarabağda deyil, Ermənistanda yaşanır. Çünki Azərbaycan Ordusu dövlət sərhəddlərimizi bərpa etdikcə, proses İrəvanda ciddi siyasi çalxalanmalara səbəb olmaqdadır. Düzdür, Paşinyanın Fransaya səfərindən sonra onun ritorikasında bəzi dəyişikliklər diqqəti çəkir. Görünür, erməni baş nazir Makronla görüşdən hansısa təminatlar ala biləcəyi ümidiylə ayrılıb. Amma bu təminatlar Qafqazda onun köməyinə çatmaya da bilər. Çünki Fransanın Qafqazda elə də böyük təsir imkanları yoxdur. Və bundan sonra olmasına da İngiltərə, Türkiyə və Rusiya imkan verməyəcək.

Paşinyanın “Qurtuluş naminə ayrılmaq” planına gəldikdə isə bu ümumiyyətlə, indiki vəziyyətdə utopiyadan başqa bir şey deyil. Bu yalnız o halda ola bilər ki, Ermənistan Qarabağ məsələsindən kənarlaşsın, Azərbaycanın ərazi bütövlüyünü tanısın. Və Azərbaycan Qarabağda yaşayan ermənilərə müəyyən muxtariyyət versin. Lakin gedişat onu deməyə əsas verir ki, rəsmi Bakı Qarabağ ermənilərin mədəni muxtariyyətdən artıq bir status tanımayacaq.

Əgər prosesin gedişatı boyunca Paşinyan Fransa və ya Rusiyaya ümid edirsə, bu da bir işə yaramayacaq. Çünki bayaq qeyd etdiyimiz kimi, Fransanın Qafqazda ciddi təsir imkanları yoxdur. Rusiya isə Fransadan fərqli olaraq, geniş imkanlara malik olsa da, hazırda şərtlər heç də onun istədiyi kimi deyil. Ona görə ki, Azərbaycan bundan sonra Qarabağ məsələsini daha 30 il uzatmaq fikrində deyil. Əksinə, Qarabağa yerləşmiş rus sülhməramlılarının 5 ildən sonra getməsini təmin etmək üçün böyük ehtimalla bir sıra addımlar atacaq.

Bu planlar nədən ibarət ola bilər? Birincisi, Laçın Dəhlizindən birgə istifadənin təmin edilməsidir. Gələn xəbərlər də onu deməyə əsas verir ki, rəsmi Bakı Laçın Dəhlizinə nəzarət etmək üçün Rusiya qarşısında tələb qoyub. Bunun elementar əlamətlərindən biri Azərbaycan tərəfinin Laçın dəhlizi ilə bağlı nələrin baş verdiyini, rus sülhməramlılarının nə iş gördüyü, habelə həmin dəhlizlə ermənilərin silah daşıması məsələsini mütəmadi olaraq, qabartması və bunun dayandırılması tələbi ilə çıxış etməsidir.

İkinci mərhələ yeni dəhlizin inşasından ibarətdir ki, rəsmi Bakı bu işlərin 3 ildən tez işlərin başa çatacağını bəyan edib. Və həmin dəhliz aşıldıqdan sonra Şuşa ətrafındakı bir çox kəndlər, habelə Laçın şəhəri bütünlüklə Azərbaycanın nəzarətinə keçəcək ki, bu da yeni dəhlizə də nəzarət məsələsinin artıq şərt olması deyil, reallaşmasını təmin edəcək.

Buna paralel olaraq, rus sülhməramlılarının nəzarətində olan ərazilərə Azərbaycan əhalisinin köçürülməsi prosesidir ki, bunu da 10 noyabr anlaşmasında təsbit edildiyi sirr deyil. Bu bir qədər zaman apara bilər. Lakin 5 ilin içində reallaşması Bakı üçün önəmli məsələdir. Əks təqdirdə, proses daha da yubanaraq, dolaşığa düşə bilər.

Hazırda rəsmi Bakını narahat edən vacib bir məqam bəyanatın 4-cü bəndinin icrasıdır. Bu məsələ xeyli müddətdir gündəmdədir və Azərbaycan erməni qoşunlarının ərazidən çıxarılmasını israrla tələb edir. Hətta dolayı yolla bəyan edir ki, əks təqdirdə antiterror əməliyyatları keçirə bilər. May ayında Türkiyə hərbçiləri ilə birlikdə keçirilən antiterror əməliyyatlarına dair təlimlər də bu mesajlardan biri sayılır.

Proseslərin indiki gedişatında Nikol Paşinyanın əlini gücləndirəcək hələlik heç bir faktor mövcud deyil. İyunun 20-də keçiriləcək parlament seçkilərində onun seçilib, seçilməyəcəyi də sual altındadır. Ona görə də, erməni baş nazirin “Qurtuluş naminə ayrılmaq” planı heç bir işə yaramamaqla yanaşı, həm də boş cəhddən başqa bir şey olmayacaq.

 

Fərda Uğur

JAMAZ.İNFO

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button