ManşetÖlkə içi

Qarabağda koronavirus tüğyan edir: Son iki həftədə 100 ölüm faktı qeydə alınıb

Son iki həftə ərzində rus sülhməramlılarının müvəqqəti nəzarətində olan Qarabağda koronavirus tüğyan edir. JAMAZ.İNFO xəbər verir ki, qeyd edilən müddətdə təkcə Xankəndi şəhərində məskunlaşmış 600-ə yaxın ermənidə koronavirus aşkarlanıb.

Erməni mediası Xankəndidə mənzillənmiş separatçıların gerçək rəqəmləri gizlətdiyini, ölənlərin sayının çox olduğunu yazır. Onların yazdıqlarına görə, separatçıların açıqladığı rəqəmlərdə hazırda günlük yoluxma 94 nəfər göstərilsə də, əslində bu say 150-dən çoxdur. Bundan başqa, ölüm halları da gizlədilir. Belə ki, son iki həftədə ölənlərin sayının 100-ü keçdiyi bildirilir. Halbuki separatçılar yoluxmadan ölənlərin olmadığını iddia edir.

JAMAZ.İNFO bildirir ki, Qarabağda koronavirusun geniş yayılmasının səbəbi vaksinasiyanın aparılmaması, xəstəxanaların və lazımi avadanlıqların olmaması, habelə zəruri dərmanların çatışmamasıdır. Xankəndidən İrəvana bununla bağlı edilən müraciətlərə isə müsbət cavab verilmir. Erməni mediası bununla bağlı yazır ki, Ermənistan Səhiyyə Nazirliyi Xankəndinin dəfələrlə müraciətlərinə “yox” deyib. Bunu isə həmin avadanlıq və dərmanlara özünün daha çox təlabatı olması ilə əsaslandırıb.

Qeyd edək ki, bölgədə yerləşmiş rus sülhməramlıları da orada yaşayan ermənilərə lazımi köməklik göstərmir. İndiyə qədər Xankəndi və ətrafında yaşayan ermənilərə Rusiyadan cəmi 10 min ədəd “Sputnik V” vaksini gətirilib. Ermənistandan göndərilən vaksinlərin ümumi sayı da təxminən bu qədərdir.

Sosial şəbəkələrin erməni seqmentində yayılan xəbərlərdə isə deyilir ki, Qarabağda yaşayanlar artıq durumun dözülməz olduğunu bildirirlər. Onlar mütəmadi olaraq Ermənistana gedir və orada müalicə alırlar. Əlinə imkan düşən isə Qarabağı tərk edərək, ya Ermənistanda, ya Rusiyada, ya da Avropa ölkələrindən birində məskunlaşır. Yerli mətbuatın yazdığına görə, bu səbəbdən İrəvandakı viza düzəldən büroların qarşısında hər gün uzun növbələr müşahidə edilir.

Maraqlı məqamlardan biri də odur ki, Qarabağda koronavirusdan yoluxan və ölənlərin böyük əksəriyyətinin yaş həddi 65-90 yaş aralığı təşkil edir. Bu rəqəmə istinad edərsək, belə məlum olur ki, Qarabağda yaşayan ermənilərin əksəriyyəti yaşlı nəslin nümaynədəsi təşkil edir.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button