GündəmManşet

Qarabağda nə baş verir? – ermənilər 2 əsgərinin öldüyünü iddia edirlər

Qarabağda vəziyyət bir qədər gərginləşib. JAMAZ.İNFO xəbər verir ki, buna səbəb erməni tərəfinin vaxtaşırı təxribata əl atması, bölgədəki qanunsuz silahlı dəstələrin ərazidən çıxarılması tələbinə məhəl qoymamasıdır. Elə bu səbəbdəndir ki, dünən və bu gün Azərbaycan Ordusu mövqe və dislokasiya yerlərini dəqiqləşdirmək məqsədi ilə bəzi addımlar atıb.

“Fərrux kəndi Azərbaycan Ordusunun nəzarətindədir”

Bildirək ki, martın 24-dən etibarən Orumuzun mövqe dəqiqləşdirməsi nəticəsində Fərrux kəndi nəzarət altına alınıb. JAMAZ.İNFO xəbər verir ki, həmin kənddə özünü “bələdiyyə sədri” kimi təqdim edən Vardan Mikayelyan deyib ki, onlar nə baş verdiyini bilmirlər: “Bu dəqiqə kənd Azərbaycan Ordusunun nəzarətindədir. Sayları çox idi. Silah-sursatla kəndə girdilər. Sülhməramlılar da kəndimizdə idi, cavanların bir neçəsi də silahlı idi. Ancaq onlar çox olduqlarından bir şey edə bilmədilər. Hər şey bir anda oldu. Kənd camaatı yalnız o an əlinə düşəni, əsasən də paltarlarını özləri ilə apara bildilər. Mal-mülk, heyvanlar və maşınlar kənddə qaldı”.

“Qaraqlux yüksəkliyi getsə…”

“Azərbaycan Ordusu Fərruxkənddə qalsa, qonşu kəndlər, o cümlədən Əsgəran əldən getmiş sayılmalıdır”. JAMAZ.İNFO xəbər verir ki, bunu Xanabad kəndinin “bələdiyyə sədri” Samvel Şarmanyan 168.am saytına deyib.

Onun sözlərinə görə, Xanabad kəndində vəziyyət normaldır. “Pirlər və Fərrux istiqamətində ara-sıra atəş səsləri eşidilir. Xanabadda isə atəş yoxdur”.

Şarmanyan bildirib ki, əgər Azərbaycan Ordusu Fərruxda qalarsa, onlar çox ağır duruma düşəcəklər. “Əgər Azərbaycan əsgəri Qaraqlux yüksəkliyinə də sahiblənsə, bizim üçün artıq böhran başlayacaq”.

İki erməni əsgəri öldürülüb

Az öncə gələn xəbərlərə görə, erməni tərəfi Ağdam istiqamətində təxribata əl atıb. Belə ki, düşmən Azərbaycan Ordusunun mövqelərini atəşə tutub. Buna qarşılıq verən hərbçilərimiz düşmənin təxribatının qarşısını alıb.

Erməni tərəfi iddia edir ki, baş verən hadisə nəticəsində Qarabağdakı qanunsuz silahlı dəstələrin iki üzvü öldürülüb. Yaralıların sayı isə dəqiqləşdirilir.

Akopyan: “Hərbi əməliyyatlar istisna deyil”

Ermənista silahlı qüvvələrinin baş qərargahının keçmiş rəisi, keçmiş baş hərbi inspektor, general-polkovnik Movses Akopyanın fikrincə, Ermənistanda və Qabağada vəziyyət siyasi yolla həll olunmazsa, hərbi əməliyyatlar istisna edilməməlidir. “Əgər siyasi həll yolları tapmasalar, bəli, mən hərbi əməliyyatları istisna etmirəm”.

O bildirib ki, Azərbaycan Ordusu Qaraqlux yüksəkliyində qərarlaşarsa, erməni tərəfi böyük əraziyə nəzarəti itirəcək.

“Bütün bunların fonunda Azərbaycanla sülhü necə quracağıq” sualına Movses Akopyan bildirib ki, sülhə nail olmaq üçün danışıqlar daha intensiv aparılmalıdır. “Hər bir insan, hər bir dövlət öz yolu ilə gedir, qonşuları ilə sülh şəraitində yaşamaq üçün hər şeyi etmək lazımdır”.

P.S. Qeyd edək ki, Azərbaycan Müdafiə Nazirliyi son iki gündə Qarabağda baş verənlərlə bağlı açıqlama yayaraq, heç bir halda silahdan istifadə etmədiklərini, habelə Azərbaycan Ordusunun mövqe və dislokasiya yerlərinin dəqiqləşdirmək məqsədi ilə hərəkət etdiklərini bəyan edib.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button